Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Baş Prokurorluq bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Məlumata görə, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun nümayəndə heyəti 12 yanvar tarixində Rusiya Prokurorluğunun yaranmasının 299 illiyinə həsr olunmuş tədbirlərdə iştirak məqsədilə Moskva şəhərinə səfər edib.
Səfər çərçivəsində Rusiyanın Baş prokuroru İqor Krasnovla keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi xüsusilə qeyd olunub.
Görüş zamanı Baş prokuror Kamran Əliyev bildirmişdir ki, ölkə rəhbərliyinin siyasi kursuna uyğun olaraq prokurorluq orqanlarında genişmiqyaslı islahatlar aparılmış, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurulmuş, yeni idarələr yaradılmaqla ümumilikdə idarə və şöbələrin sayı 18-ə çatdırılılıb.
Baş prokuror otuz ilə yaxın dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz tərəfindən azad edildiyini, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyini bildirib.
Görüş zamanı Azərbaycan və Rusiya prokurorluqları arasında imzalanmış Əməkdaşlıq haqqında 24 iyun 2019-cu il tarixli Sazişin icrası ilə əlaqədar 2021-2023-cü illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.
Tərəflər ölkələrimizin prokurorluqları arasında olan sıx əməkdaşlıq və dostluq münasibətlərinin bütün istiqamətlərdə bundan sonra da uğurla inkişaf edəcəyinə, habelə Əməkdaşlıq proqramının əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənəd olacağına və yeni perspektivlər üçün əlverişli zəmin yaradacağına əminlik ifadə ediblər.
Bundan başqa, görüşdə mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən terrorçuluq, korrupsiya cinayətləri, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında danışılıb, iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, təlim səfərləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.
Həmçinin, səfər çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib.
Görüşdə dövlət başçılarının 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının müvafiq bəndlərinin icrası, həmçinin hüquqi əməkdaşlıq mexanizmləri müzakirə edilmişdir
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:25 / 12.01.2021
Azərbaycanın Baş prokuroru Rusiyada rəsmi səfərdədir
Hazırda oxunan: Azərbaycanın Baş prokuroru Rusiyada rəsmi səfərdədir
Hazırda oxunan: Azərbaycanın Baş prokuroru Rusiyada rəsmi səfərdədir
8260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.