Sovetlər birliyi dağıldıqdan sonra bir çox postsovet ölkələrində uzun müddət daxili stabilliyi normallaşdırmaq mümkün olmadı, onların bəziləri hələ də təbədüllatlar içərisindədir. 15 respublikadn 5-i isə siyasi idarəetmə sistemini dəyişərək parlamentli respublika halına gətirdi. Lakin, bu ölkələrdəki vəziyyət daha da gərginləşdi, hələ də hansı istiqaməti tutacaqları qeyri-müəyyəndir.
Mövzunu millət vəkili, politoloq Rasim Musabəyovla davam etdiririk:
“Gürcüstanda prezident respublikası idi, sonra parlament respublikası oldular. İndi yenə də konstitusiyaya dəyişiklik edib, prezident respublikasına çevrilirlər. Ancaq orada vəziyyət müsbətə doğru dəyişmir. Hər dəfə dırnaqarası bir inqilab olur, hakimiyyət devrilir. Bunun bilavasitə idarəçiliklə bağlı olduğunu düşünmürəm”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Rasim Musabəyov səsləndirdi.
Onun fikrincə, Gürcüstan parlament respublikası olsa da, bütün məsələlər İvanişvili tərəfindən idarə olunurdu. Bu isə, parlamentli yox, oliqarx respublikası deməkdir.
“Moldovada Ploxotnyuk adında bir oliqarx var idi. Onun partiyası parlamentdə azlıq təşkil edirdi. Buna baxmayaraq bütün işlər onun kurasiyasında idi. Bunun adı nədir, parlament, yoxsa prezident respublikası? Söhbət ondan gedir ki, ölkəni oliqarxlar fırlayırsa, həmin dövlətlər üçün parlament respublikası daha məqbuldur. Necə ki, biz bunu Ukraynada müşahidə edirik”.
Rasim Musabəyov hesab edir ki, əsas olan dövlət rəhbərinin liderlik keyfiyyətləri, ölkənin qarşısında duran çətinliklər və həmin respublikanın resurslarıdır.
“Resursu olan ölkədə dövlətin çəkisi daha yüksəkdir. O resursları əldə etmək istəyən əllər də çox olur. O əlləri kəsmək üçün daha məqbulu prezident idarəetmə üsuludur. Bununla da, dövlətin faydalı qazıntılar, ehtiyatlarını talamaq istəyən oliqarxların qarşısı alınır.”
Millət vəkili çıxışında parlamentli respublika üsulu ilə idarə olunan Ermənistana da toxundu.
“Ermənistan da parlament respublikasıdır, lakin orada Paşinyan küçədən bir qrup adamı gətirib, parlamentdə əyləşdirib. Baş nazirin nüfuzu tamamilə itsə də, həmin adamlar, parlamentarilər yalandan oturub, Paşinyanın ağzına baxırlar. Bu idarəetmə üsulunun formal tərəfi başqa, real praktika ayrıdır. Bir çox hallarda, xüsusən də postsovet ölkələrində parlamentli idarəetmənin formal tərəfi ilə real vəziyyət üst-üstə düşmür.”
Postsovet məkanında parlamentli respublika idarəetmə üsuluna keçmiş 5-ci dövlət olan Qırğızıstan barədə danışan Rasim Musabəyov gülümsəyərək dedi ki,
“Qırğızıstanda iki ildən bir inqilab etmək ənənəsi var. Kasıb ölkədir, resursu azdır, möhkəm idarəetmə yoxdur. Bir şey ki, ölkənin problemləri arasında narkodövriyyə, qaçaqmalçılıq var. Qırğızıstan Çinlə sərhəddən cürbəcür məqsədlər üçün istifadə olunur. Həbsxanadan çıxanı ölkə rəhbəri edirlər. Dərinə getməyəcəm, amma düşünmürəm ki, onun da aqibəti özündən əvvəlkilərdən yaxşı olacaq”.
Milli Məclis üzvünün sözlərinə görə, sadalanan dövlətlərin hamısında prezident idarəetmə üsulu olub, həmin ölkələr çətin vəziyyətdən çıxmaq üçün parlamentli respublikaya keçsələr də, ağ günə çıxmayıblar.
Adıçəkilən 5 ölkənin prezidentlə idarə olunan vaxt kəsiyindəki böhranı parlamentli respublika, baş nazirlərinin vaxtında da davam edir.
Qeyd edək ki, Türkiyə də parlamentli respublikadan prezident idarəçəliyinə keçib və Ankaranın son illlər qazandığı nailiyyətləri bu keçidlə əlaqələndirənlər çoxdur.
Son nümunə ilə bağlı Rasim Musabəyovun mövqeyi isə belədir:
''Türkiyə Atatürkün dövründə parlament respublikası olsa da sürətli inkişaf xətti ilə gedirdi. Görünür, hər şey liderdən asılıdır, həm də müxtəlif elitaları qaydalara əməl etməyə məcbur etmək imkanı ilə bağlıdır. Amma razılaşaq ki, Türkiyə idarəetməsindəki son keçid müəyyən qüvvələrin gəlib Ankarada at oynatmasının qarşısını aldı. Hər bir halda keçid dövründə idarəetmənin güclü və vahid olması önəmlidir''.
''Postsovet məkanındakı ölkələr keçid dövründə idilər. Ələlxüsus da müharibə şəraitində olan ölkələrdə möhkəm idarəetmə olmalıdır. Bizim üçün prezident respublikası idarəetmənin ən düzgün üsuludur''.
Millət vəkili sonda bir daha təkrarladı ki, Azərbaycan üçün mövcud idarəetmə adekvatdır və biz bunun effetklivliyini nümayiş etdiririk.
Anar Rəhimiov, Bizim.Media