Xəbər verdiyimiz kimi, Özbəkistanda keçirilməsi nəzərdə tutulan referendum ölkədə geniş etiraz aksiyalarına və toqquşmalara səbəb olub.
Xüsusilə də, təklif edilən yeni layihədə Qaraqalpaqın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və Qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin ölkə Konstitusiyasından çıxarılması məsələsi geniş narazlıq doğurub.
Bir sıra siyasi şərhçilər hadisələrin arxa planında Rusiyanın olması variantını ön plana çıxarırlar.
MÖVZU İLƏ BAĞLI:
“Rusiya Qarabağ problemini yenidən müharibə həddinə gətirə bilər” – Zərdüşt Əlizadədən ŞOK PROQNOZ
Politoloq Zərdüşt Əlizadə də Bizim.Media-ya açıqlamasında bu variantı istisna etməyib:
“Lakin məntiqi olaraq, sual yarınır: Rusiya Mirziyoyevə deyib ki, sən kontitusiyada Qaraqalpaq xalqının hüquqlarını məhdudlaşdır? Əgər Rusiya bunu edibsə və Şövkət Mirziyoyev buna gedibsə, onda yenə də onun özü günahkardır. Nə üçün qaşınmayan yerdən qan çıxarmaq üçün Qaraqalpaq xalqının hüquqlarını məhdudlaşdırıb? Deməli, onun özü və bu məsləhəti verənlər birbaşa günahkardır”.
Zərdüşt Əlizadənin sözlərinə görə, sözügedən maddənin dəyişdirilməsi məsələsi irəli sürülmədən öncə xalqla dialoqun qurulması vacib idi:
“Qərar verilmədən, iğtişaşlar və qan tökülmədən öncə bunu etmək lazım idi. Yaxşı, bəs toqquşmalardan və ölümlərdən sonra konstitusiyaya dəyişikliklərdə Qaraqalpaq məsələsinin çıxarılması qərarını ləğv etmək nəyə lazım idi? Bu siyasi mədəniyyətin aşağı olduğunun göstəricisidir. Rusiya isə o xalqların işinə müdaxilə edir ki, onlar özləri buna şərait yaradır”.
Məlumat üçün bildirək ki, Qaraqalpaq Özbəkistanın tərkibində muxtar respublikadır. Ölkənin şərqində yerləşən muxtar qurum Özbəkistan ərazisinin 40%-ni əhatə edir. Eyni zamanda Özbəkistanın hazırki konstitusiyasında Qaraqalpaq muxtariyyətinin referendum yolu ilə ölkədən ayrılmaq hüquqları tanınıb.
Murad Əhmədov, Bizim.Media