“Bilirsiniz, elə insanlar var ki, onlar müsbət olan heç nəyi görmür. Onlar dəfələrlə söyləyib ki, Qarabağ torpaqlarını iqtidar heç vaxt geri qaytara bilməz. Amma nə baş verdi? 44 gün ərzində Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə ordumuz tarixi qələbəyə imza atdı.”
Bu sözləri Bizim.Media-da Vətəndaş və İnkişaf Partiyasının sədrinin Moskva görüşü ilə bağlı açıqlamasına münasibət bildirərkən deyən millət vəkili Elman Nəsirov üçtərəfli görüşün mühüm cəhətlərindən söz açdı:
MÖVZU İLƏ BAĞLI:
Əli Əliyev: “Moskva görüşündən yaxşı heç nə gözləmirəm”
“Görüşün ən mühüm cəhəti odur ki, Azərbaycan prezidenti qalib lider kimi, Ermənistan baş naziri isə, məğlub rəhbər olaraq iştirak edir. Artıq ağ fiqurlarla oynayan tərəf Azərbaycandır.
Danışıqlarda müzakirə olunan məsələlər sırasında Qarabağ bölgəsindən erməni silahlı tör-töküntülərinin çıxarılması, Azərbaycan-Ermənistan sərhədinin dəqiqləşdirilməsi, demarkasiya məsələləri ilə bağlıdır.
Çünki 30 il ərzində ermənilər bizim kəndlərimizə girib, oranı özlərinin dədə-baba yurdu kimi qələmə verirlər.
Bunlar boş söhbətlərdir, hər şey beynəlxalq hüquq çərçivəsində tənzimlənir.”
Millət vəkili bildirdi ki, üçtərəfli görüşdə nəqliyyat-kommunikasiya məsələləri ilə yanaşı yəqin ki, Qarabağa köçürülən ermənilərə bizim pasportlarının verilməsi, onlara Azərbaycan dilinin öyrədilməsi də müzakirə olunacaq.
O ki qaldı VİP sədri Əli Əliyevin “torpaqları biz onsuz da boşaldacaqdıq” fikrinə Elman Nəsirov dedi ki, bəzi fikirlər var ki, onlar heç tənqidə dözmür:
“Bir dəfə Əli Əliyevlə debatda olarkən o dedi ki, Azərbaycan iqtidarı torpaqları heç vaxt azad etməyəcək. Sual verdim ki, torpaqların azad edilməsinə dair bir planınız var? O da dedi ki; bəli var, əgər biz hakimiyyətdə olsaq, ABŞ, Fransa və Rusiyada görəcəklər ki, Azərbaycanda demokratik qüvvələr hakimiyyətə gəlib və bunun özü münaqişənin həlli üçün yaşıl işıq yandıracaq.
Mən də bunun nəyə bənzədiyini açıqladım. Dedim ki, sizin məntiqinizlə Vaşinqtondan İrəvana zəng vurub, Paşinyana deyəcəklər ki, xəbəriniz var, bəs Azərbaycanda demokratik qüvvələr hakimiyyətə gəlib?! Buna görə də, vaxtı ilə işğal etdiyiniz torpaqları geri qaytarın. Vurğuladım ki, 30 il keçməyinə baxmayaraq sizin düşüncə və məntiqiniz hələ də dəyişməyib. Olduqca bəsit yanaşmalardır.
İndi də deyir ki, “onsuz da biz torpaqları qaytaracaqdıq.” Əslində torpaqların necə, nə vaxt və hansı yolla qaytarılması haqqında prezident İlham Əliyev çıxışında bildirib”.
Ölkə rəhbərinin başçılığı ilə 17 illik qələbəyə aparan yoldan söz açan Elman Nəsirov dedi ki, “özünü müxalifət kimi təqdim edənlər populizmlə məşğuldur”.
“Onlar görür ki, Azərbaycan prezidenti müharibə dövründə necə böyük dövlət başçısı, diplomat və sərkərdə olduğunu bütün dünyaya sərgilədi. Müxalifət bu reallıqları, prezidentin yüksək reytinqini həzm edə bilmir. Bu səbəbdən də əsassız ittihamlar səsləndirirlər.
Deyirlər ki, torpaqları geri alacaqdıq. Bəs, niyə Gürcüstan Cənubi Osetiya və Abxaziyanı geri ala bilmir? Nə üçün Moldova hələ də Dnestryanı torpaqları özünə qaytarmır? Buna görə də, isti yerdə oturub, çayı qarşına qoyub, ağzına gələni danışma.
Dövlətimiz və dövlətçilik əleyhinə ittihamlar qəbuledilməzdir”.
Millət vəkili Elman Nəsirov sonda vurğuladı ki, müxalifət belə davranışları ilə xalqın gözündən onsuzda çoxdan düşüb.
Anar Rəhimov, Bizim.Media