Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
Bizim.Media xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Müdafiə naziri yeni inşa edilən hərbi şəhərciyin baş planı barədə Ali Baş Komandana məlumat verdi.
MÖVZU İLƏ BAĞLI:
“Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışı oldu - YENİLƏNİB
Prezident, Ali Baş Komandan İlham Əliyev şəxsi heyəti salamladı və hərbçiləri 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdi. Dövlətimizin başçısı tədbirdə çıxış etdi.
Sonra Azərbaycan Respublikası Prezidentinin komando hərbi hissəsinə döyüş bayrağının verilməsi haqqında təqdimatı oxundu.
Polkovnik-leytenant Fəxrəddin Cavadov döyüş bayrağını Ali Baş Komandandan qəbul edərək and içdi.
Sonra komando hərbi hissəsinin şəxsi heyəti Müzəffər Ali Baş Komandan qarşısında “Komando andı”nı qəbul etdi. Ali Baş Komandan “Komando andı”nı qəbul edən şəxsi heyəti təbrik etdi.
Şəxsi heyət təntənəli marşın sədaları altında döyüş bayrağı ilə tribunanın önündən keçdi. Daha sonra Prezident İlham Əliyev hərbi şəhərcikdə əsgər yeməkxanası, tibb məntəqəsi, əsgər yataqxanası ilə tanış oldu, yeni inşa edilən qərargah binasında yaradılan şəraitlə maraqlandı.
Qərargah binasındakı akt zalında Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyev əməliyyat şəraiti barədə Ali Baş Komandana məlumat verdi.
Sonra Prezident İlham Əliyev hərbi şəhərciyin ərazisində uzunömürlülük rəmzi kimi çinar ağacı əkdi, şəhidlərin xatirəsinə ucaldılan abidə-kompleksini və “Dəmir yumruq” abidəsini ziyarət etdi. Ali Baş Komandan Silahlı Qüvvələr Günü və yeni hərbi hissənin açılışı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyini və şəxsi heyəti bir daha təbrik etdi, onlara uğurlar arzuladı.
Bizim.Media