Enerji təhlükəsizliyi müzakirə olundu - IX Qlobal Bakı Forumu

Hazırda oxunan: Enerji təhlükəsizliyi müzakirə olundu - IX Qlobal Bakı Forumu

79590

Bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində “Enerji təhlükəsizliyinə cari təhlükələr: Onların xarakteri, miqyası və aradan qaldırılmasının səmərəli yolları” mövzusunda panel keçirilib.

Bizim.Media xəbər verir ki, panelin moderatoru ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta olub.

Bolqarıstanın sabiq Prezidenti (2012-2017-ci illər) Rozen Plevneliyev Rusiyanın qaz ixracını dayandırması fonunda ölkəsinə qaz ixracına görə Azərbaycana xüsusi təşəkkür edib.

Çexiyanın sabiq Prezidenti (2003-2013-cü illər) və sabiq Baş naziri (1993-1998-ci illər) Vatslav Klaus deyib ki, kommunizmin süqutundan sonra ölkəsi transformasiyanı təmin edib: 

“Enerji qiymətlərinin artması isə Rusiya-Ukrayna müharibəsindən əvvəl baş vermişdi. Yəni enerjinin qiymətinin artmasının əsas səbəbi Rusiya-Ukrayna müharibəsi deyil. Bu, Avropanın yanlış layihəsi – qazdan ereji hasil edilməsi ilə bağlı idi. Çexiya enerji idxal edən ölkələr sırasındadır. Biz Rusiyadan qaz idxalından imtina etməyə hazır deyilik. Biz neftin 50 faizini Rusiyadan, 20 faizini Azərbaycandan idxal edirdik. Bu, istehsalçılar üçün çox ciddi problemlər yaradır”.

Maltanın sabiq Baş naziri (2013-2020-ci illər) Cozef Muskat qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi fonunda dünya tarixində ilk dəfə hücum edən tərəf dünyanı aclıqla təhdid edir: 

“Avropa yaşıl enerjiyə keçməyə çalışır. Amma akkumulyatorlar Çindən gələcəksə, bu akkumulyatorların sonradan utilizasiyası necə olacaq? Bu gün elektrik, hibrid avtomobillər gündəlikdədir. Amma mən hidrogen mühərrikli avtomobillərə üstünlük verilməsini istərdim. Rusiya-Ukrayna müharibəsinin nəticələri dondurulmuş münaqişələri artırır. Digər tərəfdən, bu gün artıq İran və Venesuela neft istehsalını artırmağa çalışır. Yəni bir addım digər formada gələcəkdə yeni fəsadlara yol açır”.

Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov nəzərə çatdırıb ki, Azərbaycan ötən illə müqayisədə təbii qazın ixracını artırıb. Elnur Soltanov qeyd edib ki, Avropa ölkələri Zəngəzur dəhlizindən faydalana bilər:

“Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatda əksini tapan öhdəliklərini yerinə yetirməlidir. Prezident İlham Əliyev də qeyd etdi ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməlidir. Azərbaycan Zəngəzur dəhlizi üzərindən Avropaya gələcəkdə elektrik enerji ixracını həyata keçirə bilər”.

Rumıniyanın Baş nazirinin sabiq müavini (2018-2019-cu illər), Rumıniya Parlamentinin üzvü Ana Birçall Azərbaycana enerji sahəsində əməkdaşlığa görə təşəkkür edib: 

“Cənub Qaz Dəhlizi strateji bir layihədir. Rumıniya ilə Bolqarıstanın qaz kəmərlərinin bağlanması Rumıniyanın enerji təhlükəsizliyini təmin edəcək. Regionumuzun enerji təhlükəsizliyini təmin etdiyinə görə Azərbaycana təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan sadiq tərəfdaşdır. Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizi ilə ixracı artırmağa hazırıq. Bu, bizə və bizimlə Azərbaycan arasında strateji əməkdaşlığın əsaslarını yaradır”. 

Panel müzakirələrlə davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin