“Azərbaycan az dağıntı və itki ilə sürətli müharibə taktikası həyata keçirdi” – Lizzi Vahapla MÜSAHİBƏ

Hazırda oxunan: “Azərbaycan az dağıntı və itki ilə sürətli müharibə taktikası həyata keçirdi” – Lizzi Vahapla MÜSAHİBƏ

79331

“Azərbaycanın suverenliyi və ərazi bütövlüyü Rusiya və Qafqaz regionu tərəfindən, o cümlədən Avropa, Afrika və Amerikada tanındığı kimi Ermənistan da bunu qəbul etməlidir”.

Bu fikirləri BizimMedia-ya müsahibəsi zamanı ABŞ-ın Men universitetinin vitse-prezidenti Lizzi Vahap səsləndirib. 

Sözügedən müsahibəni təqdim edirik:

-  İlk öncə başlayaq Ermənistanla Azərbaycan arasında sülhə nail olunması və münasibətlərin normallaşması üçün atılan addımlardan. Hazırda hansı perspektivlər mövcuddur?

-  Mən də sizə təşəkkür edirəm. Sülh bir prosesdir, hədəf deyil. Biz çox zaman sülhə hədəf olaraq yanaşırıq. Azərbaycan və Ermənistan üçün atılacaq birinci addım sülh sənədinin imzalanmasıdır. Biz bu addıma tez bir zamanda nail olmalıyıq. Tərəflərin bir-birinin mövqelərini başa düşməsi və orta fikrə gəlməsi üçün dialoqa başlanması zəruridir. Ola bilər ki, bu proses bir neçə il davam etsin, lakin indi müzakirələrin davam etməsi üçün ideal bir vaxtdır. Azərbaycan hökumətinə və buradakı həmkarlarıma tövsiyəm dialoqun davam etdirilməsindən ibarətdir. Müzakirənin davam etdiyi müddətdə güc tətbiqinə ehtiyac da qalmır. Məncə, sülh prosesi başlamalı və saziş imzalanmalı, bundan sonra isə digər məsələlərdə konsensus axtarılmalıdır. 

-  Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin digər aktorları barədə nə deyə bilərsiniz? Mən Fransa, Rusiya və Amerika Birləşmiş Ştatlarını nəzərdə tuturam. Onlar eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrləridirlər. Bu aktorların aradakı fikir ayrılıqlarının nizamlanması prosesindəki rolunu necə qiymətləndirmək olar?

-  Onlar uzun müddətdir öz mövqelərindən istifadə edərək, bu prosesdə müəyyən rol oynayıblar. İndi isə prosesə yeni aktorları cəlb etməyin vaxtıdır. Çünki prosesin hazırkı iştirakçıları məsələyə yalnız geosiyasi cəhətdən yanaşırlar, yeni nəslin isə öz yeni baxışları var. Məsələn, Sinqapur, Vyetnam, lap elə Qafqaz regionundakı aktorları da məsələnin nizamlanmasına cəlb etmək mümkündür. Bu dialoq çərçivəsində hesab edirəm ki, daha da irəli gedə bilərik. 

-  Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan regionun ən uğurlu tərəfdaşlarıdır. Türkiyə artıq həll olunmuş Qarabağ münaqişəsi dövründə daim ölkəmizin mövqeyini dəstəkləyib. Əlbəttə ki, mən diplomatik cəhətdən nəzərdə tuturam. Sizcə, adı çəkilən ölkə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında siyasi cəhətdən hansı rolu oynaya bilər? 

-  Hesab edirəm ki, sənin mövqeyini dəstəkləyən ölkələrin çoxluğu həm yaxşı ideya, həm də əlavə üstünlükdür. Cəsarətlənib belə bir fikir söyləyə bilərəm və bu, əlbəttə ki, mənim cəsarətimdən irəli gəlir: Deyə bilərəm ki, İran da normallaşma prosesinin bir parçası olmalıdır. Bilirsiniz ki, Azərbaycanın sərhədlərindən kənarda milyonlarla azərbaycanlı yaşayır. Buradakı əhali onların bacı və qardaşlarıdır. Ona görə də biz onları da normallaşma prosesinə cəlb etməliyik ki, dünya Azərbaycanın geosiyasi gücünü bir daha hiss eləsin. Türkiyə və İran da daxil olmaqla, xeyli sayda insan bizim tərəfimizdədir, lakin az da olsa əleyhimizə fəaliyyət göstərənlər də var. 

-  Başqa ölkələr gələcəkdə Qarabağın sosial-iqtisadi inkişafında nə kimi rol oynaya bilər? Bu rolu necə qiymətləndirirsiniz?

-  Mən buna inanıram. Diplomatik cəhətdən Azərbaycanın bir sıra müttəfiqləri var. Bəzi hallarda bizim bir mövqeyimiz olur: Elə düşünürük ki, yalnız Avropa bizim yanımızda olmalı və mütləq şəkildə dəstək göstərməlidir. Bəzən unuduruq ki, Avropadan kənarda da dünya var. Mən hesab edirəm ki, təhsil və dialoq vasitəsilə dünyanın böyük bir hissəsini Azərbaycanın inkişafına cəlb etmək mümkündür. İnanıram ki, sizin mövqeyinizi dəstəkləyənlərin sayı getdikcə daha da artacaq. 

-  Rusiyanın Qafqaz regionunda sülhyaratma prosesindəki rolu barədə nə deyə bilərsiniz? Bildiyiniz kimi, bu ölkənin sülhməramlıları regionda yerləşdirilib və onlar Qarabağın erməni əhalisinin təhlükəsizliyini təmin edirlər. Rusiya həqiqətənmi regionda sülhün bərqərarında maraqlıdır?

-  Mən düşünürəm ki, Rusiya Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşıdır. Fikrimcə, Rusiyanın Azərbaycanın dostu olmaqda davam etməsi üçün ondan uzaqlaşmaq yox, daha da yaxın olmaq lazımdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü Rusiya və Qafqaz regionu tərəfindən, o cümlədən Avropa, Afrika və Amerikada tanındığı kimi Ermənistan da bunu qəbul etməlidir. Regionda nə qədər az düşmənin varsa, sən bir o qədər güclüsən. Birləşmiş Ərəb Əmirlikləri kimi Azərbaycan da bir çox ölkələrin danışıqlar apardığı bir platformaya çevrilməlidir. 

-  Soruşmaq istədiyim növbəti sual Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demilitarizasiyası barədədir. Bu proses necə həyata keçirilməlidir? Sənəd hansı müddəalar əsasında tərtib olunmalıdır?

-  Mən aliməm, siyasətçi deyiləm. Sərhədlərin delimitasiyası daha çox siyasi və hərbi məsələdir. İlk növbədə gələcək nəsli sülhə hazırlasaq, onlar müharibənin olmasını istəməyəcəklər. Sərhədlərin müəyyənləşdirilməsi isə diplomatik üsullarla həyata keçirilməlidir. Azərbaycan yaxın 10 il ərzində iqtisadi, texnologiya baxımdan daha da gücləndikcə,  özünü təmin etmək səviyyəsinə çatdıqca bu sahədə mübahisələr də azalacaq. 

-  Bilirsiniz ki, Türkiyənin istehsalı olan BAYRAKTAR bizim Vətən müharibəsi dediyimiz II Qarabağ müharibəsi zamanı aparıcı rol oynadı. Bu rolu Azərbaycan-Türkiyə, və Azərbaycan-Avropa əlaqələri baxımından necə dəyərləndirmək olar?

-  Azərbaycan-Türkiyə əlaqələri onsuz da çox-çox güclüdür. Avropa ilə əlaqələrinizin səviyyəsi də yaxşıdır, amma daha da mükəmməl ola bilər. Azərbaycanın nəhəng Avropa ilə əlaqələrinin inkişafına xidmət edəcək istənilən proqram və ya təşəbbüs ölkənizin mənfəətidir. Azərbaycan xalqına və hökumətinə çağırış edirəm ki, qapıları yeni ideyalara açsınlar. Bəzən onlar qismən də olsa narahatlıq yaratsa da, nəticəyönümlü olur. Bu münasibətlərdən daha da güclü olmaq məqsədilə istifadə etmək olar. Dostluq münasibətləri ölkəni yaxın qonşuları ilə istənilən fikir ayrılığını dəf edir. 

-  Xanım Vahap, BAYRAKTAR ilə bağlı sualıma qayıtmaq istəyirəm. Onun II Qarabağ müharibəsindəki rolunu necə dəyərləndirirsiniz?

-  Mən hesab edirəm ki, ikinci müharibə zamanı hərbi kəşfiyyat birinci müharibəyə nisbətən daha effektiv rol oynaya bildi.  Azərbaycanın xüsusi təyinatlıları fenomenal döyüş bacarığı nümayiş etdirdilər. Prezidentinizin də dediyi kimi, az dağıntı və az sayda insan itkisi ilə sürətli müharibə taktikası həyata keçirildi. Məncə, Azərbaycanın qələbəsində və müharibənin tez başa çatmasında ölkənin xüsusi təyinatlıları, strateji qərarlar rol oynadı. Nəticədə ölkəniz qələbəni əldə etdi. Qalib isə heç zaman sorğu-sual edilməz. 

-  Xanım Vahap, vaxt ayıraraq suallarımızı cavablandırdığınız üçün sizə təşəkkür edirəm.

-  Əziz Tehran, mən də sizə təşəkkür edirəm. Son olaraq demək istəyirəm ki, Bakı və ümumilikdə Azərbaycan çox gözəldir.

Tehran, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin