İyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib.
Bizim.Media xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyə nümayəndə heyətinin rəhbəri Binəli Yıldırım, Türkiyə Respublikasının kənd təsərrüfatı naziri Vahid Kirişçi, Türkiyənın mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) Baş katibi İsmət Böyükataman, YAP İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının və Gənclər Birliyinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri və digərləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Şuşa Bəyannaməsinin birinci ildönümü ilə bağlı videoçarx nümayiş olunub.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Konfrans çərçivəsində panel müzakirələr aparılıb. Birinci panel müzakirəsində Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının Baş katibi İsmət Böyükataman, AK Parti sədrinin xarici əlaqələr üzrə müavini Efkan Ala və AK Parti sədrinin birinci müavini Binəli Yıldırım çıxış ediblər.
Panel müzakirəsində çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu gün çoxəsrlik dövlətçilik tariximizin şanlı Zəfər dövrünün mühüm hadisəsinə, daha bir qürur anına, eləcə də Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığına və əbədiliyinə növbəti dəfə şahidlik edirik.
Xalqımızın milli mübarizə ruhunu, həmrəyliyini, dövlətimizin gücünü əks etdirən Vətən müharibəsində qazanılmış möhtəşəm qələbədən sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri müstəsna əhəmiyyətə malik növbəti tədbirə ev sahibliyi edir, dünya isə Azərbaycan-Türkiyə qardaşlığı fonunda tarixi anlara şahid olur.
“Şuşa İli”ndə, Azərbaycan xalqının ictimai-siyasi yaddaşında mühüm yer tutan, taleyində müstəsna rol oynayan 15 İyun - Milli Qurtuluş Günündə iki qardaş ölkə arasında Müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd etmək sonsuz qürur və iftixar hissi yaradır, gələcəyə inamla və ümidlə baxmağa, Zəfər yolunda əminliklə və qətiyyətlə addımlamağa imkan verir.
“İnkaredilməz həqiqətdir ki, dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə mənəvi-siyasi cəhətdən yaxın ölkələr yoxdur. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətləri bənzəri olmayan birlik və həmrəylik nümunəsidir. Ölkələrimiz arasında münasibətlər istənilən siyasi hadisə, məsələ və prosesin fövqündədir”, - deyə YAP Sədrinin müavini qeyd edib.
Onun sözlərinə görə, bugünkü reallıqlar ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının real həyatda öz təsdiqini tapmasını əks etdirir.
“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev qeyd edib ki, “İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”. Bəli, Azərbaycanın tarixi qələbəsini təmin edən mühüm amillərdən biri qardaş Türkiyənin ölkəmizə qətiyyətli, birmənalı və güclü mənəvi-siyasi dəstək göstərməsidir. İstər 30 ilə yaxın müddət ərzində davam edən münaqişə dövründə, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də postmüharibə mərhələsində qardaş Türkiyənin Azərbaycanın yanında olması sevindirici və qürurverici olmaqla yanaşı, ölkələrimizin tarixin mühüm anlarında – taleyüklü məqamlarda birlikdə olduqlarını, çətin və mürəkkəb sınaqlardan əzmlə, ləyaqətlə və şərəflə çıxdıqlarını təsdiqləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “ölkələrimiz tarixi sınaqlardan şərəflə və başı uca çıxaraq “Bir millət, iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşatmışdır”.
Bizim müştərək Qələbəmiz olan Qarabağ Zəfəri təkcə ölkəmizin ərazi bütövlüyünün deyil, eyni zamanda, milli qürurun bərpası, milli mənəviyyatın yenilənməsidır, həmçinin regionda yeni geostrateji reallıqların yaradılması baxımından mühüm əhəmiyyətə malikdir”, - deyə Tahir Budaqov diqqətə çatdırıb.
O bildirib ki, ölkələrimiz ortaq siyasi iradə və birgə strateji fəaliyyət əsasında yeni reallıqlar yaratmaqla bölgədə dayanıqlı sülh, etibarlı sabitlik və təhlükəsizlik, o cümlədən çoxşaxəli əməkdaşlıq mühiti formalaşdırıblar. Yeni mərhələdə Azərbaycan və Türkiyənin təşəbbüsləri, o cümlədən kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin açılması bölgədə sülh və təhlükəsizlik mühitinin möhkəmlənməsinə, çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək. İki qardaş ölkə regionda rifah və inkişaf tərəfdarıdır. Birinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsinin imzalanması təkcə Azərbaycan və Türkiyə üçün tarixi hadisə deyil, bu, eyni zamanda, yeni reallıqlar fonunda türk dünyası coğrafiyasında inkişafa, təhlükəsizliyə və əməkdaşlığa etibarlı zəmin yaradan amildir.
“Regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd kimi Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib, müttəfiqlik əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə - yeni mərhələyə yüksəlməsini təmin edib. Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, “biz dostuq, qardaşıq və rəsmən müttəfiqik”. Şuşa Bəyannaməsinin imzalanmasından sonra görülən işlər iki ölkə arasında siyasi, iqtisadi-ticari, hərbi-strateji, mədəni-humanitar sahələrdə münasibətlərin inkişafına güclü təkan və önəmli töhfədir.
Zəfər dövrünün reallıqları, Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin fonunda iki qardaş ölkənin dost partiyaları olan YAP-AK Parti əlaqələri də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Biz siyasi partiyalar olaraq dövlət başçılarının qardaşlıq münasibətlərini nümunə götürərək dostluq və əməkdaşlıq əlaqələrimizi daha da gücləndirməyi, inkişaf etdirməyi mühüm hədəf və prioritet kimi müəyyənləşdirmişik.
Tarixdə ilk dəfə olaraq iki partiya arasında Əməkdaşlıq Protokolunun imzalanmasından sonra qarşılıqlı münasibətlərin, gələcək əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilib və biz ortaq hədəflərimizin reallaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətimizi ardıcıl olaraq davam etdiririk”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
“Şübhəsiz ki, Azərbaycan və Türkiyə bundan sonra da ortaq hədəflər, milli maraqlar əsasında fəaliyyət göstərəcək, möhkəm həmrəylik və qətiyyətli siyasi iradə nümayiş etdirəcəklər”, - deyən T.Budaqov diqqətə çatdırıb ki, hakim siyasi partiyalar da bu istiqamətdə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Yeni Azərbaycan Partiyası ilə AK Parti tərəfindən təşkil olunan bugünkü konfrans da Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığının bariz nümunəsi, əyani ifadəsi və növbəti nümayişidir.
O bildirib ki, 29 il əvvəl bu gün – 1993-cü il 15 iyun tarixi Azərbaycanın siyasi təqviminə Milli Qurtuluş Günü kimi düşüb. Ümummilli lider Heydər Əliyev Azərbaycanı xaosdan və tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmaq missiyasını yerinə yetirməyə başlayıb, nəticə xalqımızın Qurtuluşu, dövlətimizin dirçəlişi və inkişafı olub.
“Heydər Əliyev irsi və ideyaları ilə bağlı olan Qurtuluş məfkurəsi bizi tarixi Zəfərə apardı - əzəli və əbədi torpaqlarımız Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının və tərəfdaşlığının gücü sayəsində düşmən əsarətindən Qurtuldu – azadlığa qovuşdu. 15 iyun 2021-ci il tarixində iki qardaş ölkə Şuşa Bəyannaməsini imzalamaqla dünyaya xalqlarımızın iradəsini, dövlətlərimizin gücünü, Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını nümayiş etdirdilər.
Bu əlamətdar və tarixi hadisənin birinci ildönümünü müştərək qələbəmizi siyasi müstəvidə möhkəmləndirərək, yeni nailiyyətlər qazanaraq və yeni zirvələr fəth edərək şərəflə, ləyaqətlə, inamla, əzmlə və qürurla qeyd edirik. Əminliklə söyləmək olar ki, Azərbaycan ilə Türkiyə bundan sonra da bütün platformalarda birlikdə, çiyin-çiyinə addımlamaqla tarix yazacaq, tarixə yeni möhtəşəm uğurlar və qələbələr yazdıracaqlar”, - deyən Tahir Budaqov fikirlərini yekunlaşdırıb.
Sonra Türkiyə Milliyyətçi Hərəkat Partiyasının Baş katibi İsmət Böyükataman çıxış edərək bildirib ki, Şuşa Bəyannaməsinin imzalanması, nəinki Türkiyə və Azərbaycan arasında davam edən sıx tərəfdaşlığın artırılması, həmçinin regionda və türk dünyasında yeni əlaqələrin qurulmasını hədəfləyir. O, bu bəyannamənin hər iki dövlətin öz hüquqları çərçivəsində imzalandığını qeyd edib, iki ölkənin davamlı müttəfiqlik əlaqələrinin olması baxımından bu bəyannamənin önəmli rol oynadığını diqqətə çatdırıb.
İ.Büyükataman Şuşa Bəyannaməsinin imzalanması və təsdiq olunması ilə Azərbaycan və Türkiyə arasında müttəfiqlik əlaqələrinin başlanıldığının rəsmi olaraq qəbul edildiyini vurğulayıb.
Paneldə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bir il öncə bugünkü tarixdə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalandığını, bu tarixi sənədin Azərbaycan–Türkiyə qardaşlığının həm siyasi, iqtisadi, hərbi, həm də mənəvi simvolu olduğunu bildirib.
Bu bəyannamənin Milli Qurtuluş Günündə, Qars müqaviləsinin yüz illiyində, həm də Şuşa şəhərində bağlanması tarixi həqiqətlərin məntiqi sonluğudur. Şuşa Bəyannaməsi işğaldan azad edilmiş torpaqların məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqi, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük mənəvi-siyasi dəstəyin ifadəsidir.
“Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərin ardından Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq tapşırıqları və şəxsi nəzarəti altında işğaldan azad olunmuş ərzailərimizdə dərhal başladılan bərpa və quruculuq işlərinə türk şirkətlərinin misilsiz töhfəsi olub və bu gün də qardaş ölkənin şirkətləri Qarabağ və Şərqi Zəngəzurda səmərəli fəaliyyətini davam etdirirlər”, - deyə A.Kərimov qeyd edib.
O, həmçinin hava limanları, yol çəkilişləri, yüksək peşəkarlıq və təcrübə tələb edən tunel tikintiləri və digər bu kimi layihələrdə Türkiyə şirkətlərinin səmərəli fəaliyyətinin işğaldan azad edilmiş ərazilərdə görülən işlərin sürətlə həyata keçirilməsinə zəmin yaratdığını da diqqətə çatdırıb.
Panel müzakirəsində çıxış edən AK Parti sədrinin xarici əlaqələr üzrə müavini Efkan Ala bu il Türkiyə və Azərbaycanın diplomatik əlaqələrin 30-cu ildönümünün qeyd edildiyini, lakin bu əlaqələrin təməlinin 30 il deyil, daha əvvəlki illərdə qoyulduğunu bildirib.
O, ölkələrimiz arasındakı əlaqələrin hazırda ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. E.Ala iki ölkənin hakim partiyaları arasında davamlı olaraq əlaqələrin inkişaf etdiyini qeyd edib. Bu məqsədlə, Ankarada əməkdaşlıq protokolu imzalanıb, həm Azərbaycanda, həm də Türkiyədə bir sıra səfərlər, görüşlər gerçəkləşdirilib.
O, həmçinin ölkələrimiz arasında diplomatik əlaqələrin gücləndirilməsinin Qafqazda davamlı sülhün təmin edilməsində atılan ən böyük addım olduğunu vurğulayıb.
Daha sonra AK Parti sədrinin birinci müavini Binəli Yıldırım iki ölkə arasındakı əlaqələrin maraq üzərində qurulmadığını, bunun qardaşlıq, dostluq əlaqələri olduğunu qeyd edib. O bildirib ki, ölkələrimiz arasındakı əlaqələri ümummilli lider Heydər Əliyev “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə ən gözəl şəkildə ifadə ediblər.
“İndiyədək Ermənistan-Azərbaycan münaqişəsinin həll tapmaq istəyənlər problemin həlli deyil, səbəbi olmağa davam etdilər. Minsk qrupu münaqişənin sözdə diplomatik yollarla həll ediləcəyini desə də, bu problemin həllinin uzadılmasına şərait yaratdılar”, - deyə B.Yıldırım qeyd edib. O diqqətə çatdırıb ki, bu işin diplomatik yolla həll olunmayacağını görən Azərbaycan Prezidenti İlham Əliyevin əks-hücum əmri ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayıb.
Müharibədən bir neçə gün əvvəl Azərbaycana səfər etdiyini deyən Binəli Yıldırım Azərbaycanın haqq yolunda olduğunu, Türkiyənin daim Azərbaycanın yanında dayandığını söyləyib.
“Otuz il davam edən işğal sona çatıb, qədim Şuşa işğaldan azad olunub. Bu gün birinci ildönümünü qeyd etdiyimiz, 2021-ci ildə ölkələrimiz arasında imzalan Şuşa Bəyannaməsi türk dünyasında birlikdə iş görmənin önünü açan genişmiqyaslı bir sənəddir. Qarabağ Zəfəri, eyni zamanda, Qafqaz regionunda və türk dünyasında yeni dönəmin başlanğıcıdır. Türk Dövlətləri Təşkilatı olaraq tarixi İstanbul zirvəsində “Türk Dünyası 2040” vizyonu qəbul edilib. Bununla da, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin arasında nəqliyyat, iqtisadiyyat, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əksikliklərin tamamlanması qəbul olunub”, - deyə B.Yıldırım diqqətə çatdırıb.
Sonra panel iştirakçıları xatirə şəkli çəkdiriblər.
İkinci panel müzakirəsində Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Bursa Uludağ Universitetinin professoru, Siyasi, İqtisadi, İctimai Tədqiqatlar Vəqfinin elmi araşdırmaçısı Ferhat Pirinççi çıxış ediblər.
Paneldə çıxış edən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi bildirib ki, bu gün Şuşada olmaq onun üçün xüsusi önəm kəsb edir. O qeyd edib ki, bu məkan Şuşa Bəyannaməsinin imzalanması ilə ölkələrimizin qardaşlığının, müttəfiqliyinin simvoluna çevrilib.
Nazir işğaldan azad olunan Qarabağ torpaqlarının kənd təsərrüfatı üçün əlverişli hala gətirilməsi mövzusunda Azərbaycanın Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə fəal əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.
Bu əməkdaşlıq çərçivəsində minalardan təmizlənmiş ərazilərdə həyata keçirilən birgə tədbirlər haqqında məlumat verib.
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edərək bu günlərdə Zəngilan rayonunun Ağalı kəndində inşa olunan “Ağıllı kənd”in birinci mərhələsinin açılış mərasiminin keçirildiyini bildirib, bütün MDB məkanında ilk olan “Ağıllı kənd”in həm də azad olunmuş ərazilərə Böyük Qayıdışın ilk məntəqəsi olacağını qeyd edib.
Yaşıl enerji prinsipi əsasında qurulan bu modern kəndin inşasına bütün dünyada olduğu kimi, qardaş Türkiyədə də böyük maraq var. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan, Türkiyədən olan dəyərli həmkarlar, eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin üzvləri dəfələrlə “Ağıllı kənd”in inşası prosesi ilə şəxsən tanış olublar.
Nazir diqqətə çatdırıb ki, müasir şəhərsalma standartları əsasında qurulan “Ağıllı kənd”də öz doğma yurdlarına qayıdacaq insanlarımız üçün hər cür şərait yaradılıb. Kəndin infrastrukturu ən müasir texnologiyalar və innovativ yeniliklər əsasında qurulub.
Sakinlərin dövlət xidmətlərinə çıxışı təmin edilib. İsti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, evlərdə günəş panellərinin quraşdırılması, “ağıllı təhsil” və “ağıllı səhiyyə” xidmətlərinin istifadəyə verilməsi sakinlərin gündəlik həyatda istismar xərclərini azaltmağa, sakinlərin yaşayış səviyyəsini yüksəltməyə imkan verəcək.
O, həmçinin Azərbaycan və Türkiyəni bir-birinə bağlayacaq bu modelin əsasının bu gün bir illiyini qeyd etdiyimiz Şuşa Bəyannaməsində qoyulduğunu vurğulayıb.
Sonra çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan regiona və dünyaya verilən mesajların çox vacib olduğuna inamını bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyində azadlığa qovuşan Qarabağı yenidən dirçəldən işləri yaxından izlənildiyini qeyd edib.
O, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada gerçəkləşdiriləcək bərpa işləri də daxil olmaqla hər cür fəaliyyətdə dəstək və kömək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb. “Azərbaycanın incisi olan Şuşanı tarixi görkəminə qovuşdurmaq çox mühümdür” deyən türkiyəli nazirin sözlərinə görə, regionda bərpa işlərinin reallaşdırılması turizm potensialı və imkanlarını da genişləndirəcək.
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov isə çıxışında işğaldan azad edilən ərazilərdə mədəni irsin yenidən bərqərar olunmasında dövlətimiz tərəfindən sistemli tədbirlərin həyata keçirildiyini bildirib. Nazir bu prosesdə qardaş Türkiyənin də dəstək göstərdiyini diqqətə çatdırıb. A.Kərimov qeyd edib ki, Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi də türk xalqlarının qədim şəhərimizə verdiyi dəyərin ifadəsidir.
Kino sahəsində də Azərbaycanla Türkiyənin fəal əməkdaşlığa başladığını deyən nazir söyləyib ki, iki ölkənin əməkdaşlığı ilə Vətən müharibəsi ilə bağlı çoxseriyalı filmin çəkilişinə başlanılıb. Həmin filmin bu ilin sonuna tamamlanması nəzərdə tutulur. Digər tədbirlər haqqında da məlumat verən A.Kərimov iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyini əminliklə diqqətə çatdırıb.
Panel müzakirəsində çıxış edən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə arasındakı bütün dünya üçün örnək olan qardaşlıq və dostluq münasibətlərinin strateji müstəvidə təsdiqi olduğunu bildirib. O qeyd edib ki, Vətən müharibəsindəki tarixi zəfərin əldə edilməsində və ədalətin bərpa olunmasında qardaş Türkiyənin verdiyi siyasi dəstəyin dəyəri bizim üçün ölçülməzdir.
“Məlum olduğu kimi, 30 illik işğal müddətində çox təəssüf ki, Qarabağın tarixi, mədəniyyəti, dini əhəmiyyətli abidələri, məscidləri və tikililərin böyük bir hissəsi məhv edilib. Turizm əhəmiyyətli şəhərlərimiz dağıdılıb, xarabalığa çevrilib. Ancaq hazırda azad edilmiş torpaqlarda dövlətimiz tərəfindən nəhəng quruculuq işləri aparılır. Bu ərazilərin turizm potensialının bərpa edilməsi üçün xeyli qüvvə səfərbər edilib”, - deyə F.Nağıyev diqqətə çatdırıb.
Qarabağın, Şərqi Zəngəzurun bərpasında Türkiyə şirkətlərinin iştirakını xüsusilə vurğulayan sədr Dövlət Turizm Agentliyinin türkiyəli mütəxəssislərlə əməkdaşlıq etdiyini, Agentlik tərəfindən türk əməkdaşlarla birgə ərazilərin turizm potensialının öyrənilməsi və resursların araşdırılması, qiymətləndirilməsi və turizm inkişaf istiqamətləri üzrə təkliflər paketinin hazırlanması kimi işlərin icra olunduğunu bildirib.
Qeyd edib ki, ilkin qiymətləndirmələrə əsasən, müalicəvi, dağ-xizək və aktiv turizm növlərinin inkişafı üçün, eləcə də əsaslı turizm infrastrukturunun yaradılması üçün işğaldan azad edilmiş ərazilərdə turizm və rekreasiya zonalarına ayrılacaq ərazilər artıq müəyyənləşdirilib.
Bursa Uludağ Universitetinin professoru, Siyasi, İqtisadi, İctimai Tədqiqatlar Vəqfinin elmi araşdırmaçısı Ferhat Pirinççi çıxış edərək Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümündə bu tarixi şəhərdə olmaqdan böyük iftixar duyduğunu bildirib.
F.Pirinçi Füzuli hava limanının 1 il ərzində inşa edilməsini xüsusi vurğulayaraq söyləyib ki, Azərbaycan çox böyük işlərin öhdəsindən gəlir.
Onun sözlərinə görə, Vətən müharibəsindən qısa müddət sonra Şuşa bəyannaməsinin imzanması böyük məna daşıyır: “Bəyannamənin həm qlobal, həm də regional önəmi çox böyükdür. Hazırda Şuşanın azad olunmasından 19 ay, Bəyannamənin imzalanmasından isə 12 ay keçir. Ötən dövr ərzində Müttəfiqlik Bəyannaməsinin icrası istiqamətində ölkələrimiz vacib addımlar atmaqdadır. Qarşılıqlı səfərlər, icra olunan müxtəlif layihələr buna sübutdur”.
Son 1 ildə Ermənistanın sərgilədiyi davranışlardan söz açan natiq qeyd edib ki, sülhün alternativi yoxdur. Ermənistan bunu anlamalı, regional əməkdaşlıqdan özünü təcrid etməməlidir. “Şuşa Bəyannaməsinin nəticəsi olaraq Azərbaycan və Türkiyə bundan sonra da birgə önəmli addımlar atacaq”, - deyə professor vurğulayıb.
Sonra panel iştirakçıları xatirə şəkli çəkdiriblər.
Üçüncü panel müzakirəsində Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dere, Azərbaycanın müdafiə nazirinin müavini, Quru qoşunlarının komandanı, general-leytenant Ənvər Əfəndiyev, Baxçaşəhər Universitetinin müəllimi, terrorizm və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar və Milli Məclisin üzvü Ramil Həsən çıxış ediblər.
Paneldə çıxış edən Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran bildirib ki, müstəqilliyini elan etdikdən sonra Azərbaycanla diplomatik əlaqələr quran ilk ölkə Türkiyə olub. Aradan keçən otuz il ərzində Türkiyə yaxşı gündə də, pis gündə də dostu və qardaşı Azərbaycanın yanında olub.
Türkiyə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad etməsindən sonra keçirdiyi böyük sevinclə bunu bir daha göstərdi.
Nazir müavini qeyd edib ki, ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırılan əlaqələrimizi formalaşdıran bu iradə bundan sonra da davam edəcək:
“Bu, Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsinə, ümummilli lider Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” şüarına yaraşan yanaşmadır. Bu gün əvvəlki illərdən qat-qat güclü Türkiyə və daha güclü Azərbaycan var və iki ölkənin qardaşlığı, sıx əməkdaşlığı onların ortaq bölgələrində sülhün və sabitliyin böyük təminatına çevrilib. Biz gələcəyə inamla baxır, ümumi rifah və inkişaf yolunda birgə çalışmaq iradəmizi bir daha təsdiqləyirik".
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış edərək qeyd edib ki, bugünki konfrans xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın işğaldan azad olunan torpaqlarının simvolunu Şuşa təşkil edir. Şuşa böyük Zəfərimizin rəmzidir. Çünki Şuşa işğaldan azad edildikdən sonra Ermənistan kapitulyasiyaya imza atmağa məcbur oldu.
X.Xələfov qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsidir. Bu Bəyannaməyə uyğun olaraq iki qardaş ölkənin münasibətləri daha da güclənir.
Nazir müavini Şuşa Bəyannaməsinin hər iki dövlətin gələcəyi üçün önəmindən bəhs edib. Vurğulayıb ki, bu Bəyannaməyə imza atan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ölkələrimizin gələcək əməkdaşlığının konturlarını müəyyənləşdiriblər.
Sonra çıxış edən Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dere Orta Asiyadan Balkanlara qədər uzanan birliyimizin keçmişdən bizlərə qalan miras olduğunu bildirib. O, ölkələrimizin tarix boyu bir-birinə dayaq olduğunu qeyd edib.
O, 44 günlük Vətən müharibəsindən danışıb, Türkiyə xalqının və ordusunun Azərbaycanın haqq işində yanında olduğunu və bundan sonra da yanında olmağa davam edəcəyini söyləyib.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığından bəhs edən nazir müavini Şuşa Bəyannaməsində də hərbi əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulduğunu xüsusi olaraq qeyd edib.
M.Dere Azərbaycan və Türkiyə ordularının birgə təlimlərdə iştirak etmələrinin əhəmiyyətini vurğulayıb. Şuşa Bəyannaməsinə uyğun olaraq bu sahədə əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.
Paneldə Azərbaycanın müdafiə nazirinin müavini Ənvər Əfəndiyev çıxış edərək bildirib ki, Azərbaycan və Türkiyə rəhbələrinin imzaladığı Şuşa Bəyanaməsi bütün sahələrdə müttəfiqliyin ən ali göstəricisidir. Vurğulayıb ki, davamlı sülhün təmin edilməsi sahəsində ölkələrimizin təşəbbüsü davam edir.
“Şuşa Bəyannaməsinin 11, 12 və 13-cü bəndlərinə uyğun olaraq, hərbi təlim, təhsil sahələrində əməkdaşlığımız uğurla davam edir.
Dünyanın ən güclü ordularından biri olan Türkiyə Silahlı Qüvvələrinin terrorizmə qarşı mübarizədə təcrübəsi Azərbaycan üçün böyük önəm kəsb edir. Azərbaycan ordu modelinin Türkiyə modelinə uyğunlaşdırılması işləri davam edir”, - deyə nazir müavini diqqətə çatdırıb.
Ə.Əfəndiyev bildirib ki, hərbi əməkdaşlığın davam etdirilməsi yeni döyüş qabiliyyənin artırılmasında mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsinə uyğun olaraq azad olunmuş ərazilərin bərpasında da hərbi əməkdaşlığımız mövcuddur. Nazir müavini buna nümunə olaraq Türkiyə ordusunun minatəmizləmə işlərində dəstəyini qeyd edib.
Panel müzakirəsində çıxış edən Baxçaşəhər Universitetinin müəllimi, terrorizm və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar Vətən müharibəsi haqqında düşüncələrini bölüşüb, qəhrəman əsgərlərimizin torpaqlarımızın işğaldan azad olunması uğrunda şücaətindən bəhs edib. O, Türkiyənin ölkəmizin haqq savaşında dəstəyini əsirgəmədiyini, hər zaman ölkəmizin yanında olduğunu vurğulayıb. A.Ağar qeyd edib ki, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi birliyimizi və gücümüzü daha da qüvvətləndirəcək.
Milli Məclisin deputatı Ramil Həsən çıxış edərək Türkiyə və Azərbaycan əlaqələrinin qədim köklərə malik olduğunu bildirib. Qeyd edib ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana siyasi və mənəvi dəstək verib. Günümüzdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə ölkələrimiz arasındakı münasibətlər özünün ən yüksək zirvəsinə çatıb. Ən böyük sınaqdan keçdiyimiz müharibə bu qardaşlığın, dostluğun əbədi olduğunun sübutu olub.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsi isə iki ölkənin birliyinin və qardaşlığının təntənəsidir.
Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdiriblər.
Bizim.Media