Suriyada saxlanılan 11 soydaşımız Azərbaycana gətirildi

Hazırda oxunan: Suriyada saxlanılan 11 soydaşımız Azərbaycana gətirildi

76645

Bu ilin 25-28 may tarixlərində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 9-u uşaq və 2-si qadın olmaqla 11 nəfər Azərbaycan Respublikası vətəndaşının repatriasiyası həyata keçirilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, repatriantlar arasında 6 və 9 yaşlarında olan 2 bacı hər iki valideynini itirib.

Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində baş tutub. Belə ki, ilk öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.

Daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə ərazisindən tranzit olaraq keçidi təmin olunub.

Bununla bağlı, İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının Türkiyəyə ezam edilmiş nümayəndələri repatriantların ilkin tibbi və psixoloji müayinəsini həyata keçirib, onlara zəruri yardım göstəriblər.

Bundan sonra Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”si və uçuş biletləri ilə təmin ediliblər.

Bu ilin 28 may tarixində Azərbaycan nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə ölkəmizə repatriasiyası həyata keçirilib. Müvafiq prosedurlar həyata keçirildikdən sonra onlar ailələri və qəyyumlarına təhvil veriləcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin