Dövlət başçısı Zəngilanda azərbaycanlı həkimlərlə videobağlantı ilə söhbət etdi

Hazırda oxunan: Dövlət başçısı Zəngilanda azərbaycanlı həkimlərlə videobağlantı ilə söhbət etdi

76536

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda “Salam Doktor” platforması üzərindən əhaliyə xidmət göstərən azərbaycanlı həkimlərlə videobağlantı vasitəsilə söhbət ediblər.

Bizim.Media xəbər verir ki, videobağlantı Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi çərçivəsində keçirilib.

Mehriban xanım Əliyeva: Salam.

Prezident İlham Əliyev: Salam.

Danimarkada yaşayan həkim Məsud Aşina: Möhtərəm cənab Prezident, salam. Mehriban xanım, salam.

Sizi öz adımdan və həmkarlarım adından Danimarkadan salamlayıram. Mən Bakıda anadan olmuşam, 33 ildir Danimarkada yaşayıram, nevrologiya üzrə professoram. Bakıdan olan travmotoloq Siyamak Nani, - beş ildir İsveçdə yaşayır və mənim kiçik qardaşım Harvarddan, Bostondan Sait Aşina da bizimlə bir yerdədir. O da Bakıda anadan olub, amma tibb universitetini Danimarkada bitirib.

Həkim Cavid Baloğlanov da bizimlə bir yerdədir, “Salam Doktor”u təmsil edirik. Fürsətdən istifadə edərək Sizə təşəkkürümü bildirmək istəyirəm ki, belə bir imkan yaradılıb. Biz bu texnologiyadan istifadə edəcəyik. Əsas məqsəd ondan ibarətdir ki, seminarlar, konsultasiyalar, konsiliumlar keçirək, tele-tibb imkanından maksimum istifadə edib hər zaman Qarabağ zonasında, bizim Zəngəzurda olaq. Sizə təşəkkürümü bildirmək istəyirəm, çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun.

“Salam Doktor” şirkətinin tibbi direktoru Cavid Baloğlanov:

Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım, bir məsələni də vurğulamaq istəyirəm, bizim “Salam Doktor” platformamızın xüsusiyyəti ondan ibarətdir ki, bu, Azərbaycanda ilk milli platformadır və tərəfimizdən istehsal olunmuş milli proqram təminatıdır.

Prezident İlham Əliyev: Sağ olun. Sizi görməyimə şadam. Bu təşəbbüsə qoşulduğunuza görə sizə minnətdaram. Mən çox şadam ki, xaricdə yaşayan azərbaycanlılar azad edilmiş torpaqların bərpası ilə bağlı fəal çalışırlar, işləyirlər. Bu platformanın həyata keçirilməsində əlbəttə ki, xaricdə yaşayan soydaşlarımız da mühüm rol oynayıblar. Bildiyiniz kimi, keçən ay Dünya Azərbaycanlıların Qurultayı ilk dəfə olaraq Şuşada keçirilmişdir. Hamımızın böyük arzusu idi ki, bir gün bu qurultay Şuşada keçirilsin, buna da nail olduq. Xaricdə yaşayan yüzlərlə azərbaycanlı doğma Şuşamıza gəlib burada öz ürək sözlərini deyə biliblər. Əlbəttə ki, dünya azərbaycanlılarının azad edilmiş torpaqlarda bərpa işlərinin aparılmasında da böyük rolu ola bilər. Artıq var, biz bunu görürük. Bax, bugünkü bizim videobağlantımız bunu əyani şəkildə göstərir.

Bildiyiniz kimi, biz azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyirik və indi olduğumuz Ağalı kəndinin timsalında bunu görürük. Ona görə aparıcı Qərb ölkələrinin texnologiyaları, o cümlədən tibb sahəsində və digər sahələrdə burada tətbiq edilərsə, əlbəttə ki, biz istədiyimizə nail ola bilərik.

Bu gün biz videoformatda görüş keçirərək bir-birimizi görürük. Amma arzu edirəm ki, siz buraya da gələsiniz, azad edilmiş digər yerlərdə, o cümlədən Ağalı kəndində də olasınız və bu gediş-gəliş daimi olsun.

Mən Qurultay zamanı xaricdə yaşayan soydaşlarımıza üz tutaraq demişdim ki, istərdim, hər biriniz heç olmasa ildə bir dəfə Azərbaycana, Qarabağa, Zəngəzura gələsiniz və bizim bu canlı bağlantımız, qəlbdən-qəlbə gedən bu bağlar daha da möhkəm olsun. Bu gün burada iştirak etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm.

Həkim Məsud Aşina: Təşəkkür edirəm, cənab Prezident, biz hər zaman hazırıq. Mən özüm də Şuşa Qurultayında iştirak etdim. Mənim üçün çox qürurlu gün idi. Mən sonuncu dəfə 1984-cü ildə Şuşada olmuşdum. Artıq bu il Şuşaya gəlmişdim. Çox böyük həyəcan keçirdim. Biz hər zaman orada olmalıyıq, həmişə bir yumruq kimi Sizin yanınızda olmalıyıq.

Prezident İlham Əliyev: Sağ olun. Qarabağ Azərbaycandır!

Azərbaycanlı həkimlər: Qarabağ Azərbaycandır! Sağ olun.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin