Azərbaycan-İtaliya: Diplomatik münasibətlərinin 30 illiyi qeyd olundu - FOTO

Hazırda oxunan: Azərbaycan-İtaliya: Diplomatik münasibətlərinin 30 illiyi qeyd olundu - FOTO

76501

Azərbaycanın İtaliyadakı Səfirliyi Müstəqillik Günü və Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı Romanın "The Westin Excelsior" mehmanxanasında rəsmi qəbul təşkil edib.

Səfirlikdən Bizim.Media-ya verilən məlumata görə, qəbulda İtaliya tərəfdən əsas qonaq qismində İtaliya Respublikasının dövlət iyerarxiyasında ən yüksək ikinci vəzifə olan Senatın sədri Maria Elisabetta Kasellati iştirak edib.

Həmçinin, İtaliya Respublikası Deputatlar Palatasının sədr müavini, “Yaşayan İtaliya” partiyasının sədri Ettore Rosato, bərabər imkanlar və ailə çəsələləri üzrə nazir Elena Bonetti də iştirak ediblər. 

Qəbula İtaliya Parlamentinin çoxsaylı senator və deputatları, komissiya sədrləri, Avropa Parlamentinin İtaliyadan olan üzvləri, müxtəlif dövlət qurumlarının nümayəndələri, Romada akkreditə olunan diplomatik korpusun təmsilçiləri, işgüzar, mədəniyyət, akademik çevrələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan icmasının üzvləri də qatılıblar. İki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edib.

Diplomat Müstəqillik Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən danışıb, 104 il öncə 1918-ci ilin 28 may tarixində müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda demokratik və dünyəvi dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını qeyd edib. 

O, dövlət müstəqilliyinin bərpasının ilk illərində Azərbaycanın üzləşdiyi çətin problemlərdən danışıb, müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə dövlət institutlarının əsasının qoyulduğunu, dövlətçiliyin və müstəqilliyin möhkəmləndiyini, Prezident İlham Əliyevin strateji xəttinin Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdiyini və ölkəmizi regionun lider dövlətinə çevirdiyini bildirib.

2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu və bölgədə davamlı sülhün bərqərar olması üçün perspektivlərin açıldığını deyib.

M.Əhmədzadə çıxışında Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində əlaqələrimizdə çoxölçülü strateji tərəfdaşlıq kimi yüksək səviyyənin əldə edildiyi və bu xüsusda, son illərdə İtaliya Prezidenti  Sercio Mattarellanın Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfərlərinin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın İtaliyaya, İtaliya Respublikası Senatının Sədri xanım Maria Elisabetta Alberti Kasellatinin Azərbaycana rəsmi səfərlərinin əhəmiyyətindən bəhs edib. 

“Bu gün münasibətlərimizdə çoxölçülü strateji tərəfdaşlıq kimi yüksək səviyyəyə nail olmuşuq. İnstitusional səviyyədə mükəmməl əlaqələr, iqtisadi səviyyədə güclü əməkdaşlıq, mədəniyyət və akademik sahələrdə əla təmaslar var. 30 il ərzində münasibətlərimizdə qurduğumuz möhkəm əsaslar tərəfdaşlığımızın möhtəşəm gələcəyindən xəbər verir”, deyə diplomat bildirib.

Sonra İtaliya tərəfdən Deputatlar Palatasının sədr müavini Ettore Rosato çıxış edib.

O bildirib ki, bu gün Roma ilə Bakı arasında imtiyazlı münasibətlər var və İtaliya-Azərbaycan tərəfdaşlığı bütün sahələrdə inkişaf üçün davamlı imkanlar yaradır.

Sədr müavini Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, humanitar sahələrdə güclü əlaqələrdən bəhs edərək Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasından danışıb, bu təşəbbüsü iki ölkə arasında gələcək əməkdaşlığın əsas sütunlarından biri kimi xarakterizə edib.

Ərazi bütövlüyünə təhdidin nə demək olduğunu Azərbaycanın yaxşı bildiyini vurğulayan Deputatlar Palatasının sədr müavini, bu xüsusda 2020-ci ilin dekabrında müharibədən dərhal sonra özünün rəhbərliyi ilə Qərb ölkələrindən ilk olaraq İtaliya parlament heyətinin ölkəmizin azad edilmiş ərazilərinə etdiyi səfərin təəssüratlarını bölüşüb, bölgədə sülhün bərqərar olması istiqamətində ölkəmizin səylərindən danışıb.

“Azərbaycan bölgədə sülhün təmin olunmasında liderliyə malikdir və İtaliyanın strateji müttəfiqidir”, - deyə Ettore Rosato bildirib.

Tədbir azərbaycanlı bəstəkar-pianoçu Kəmalə Əlizadə və italyan bəstəkar-gitaraçı Stefano Muskaritolonun ifasında “Dostluq notları” adlı konsert proqramı ilə davam edib.

Konsert proqramına Azərbaycan və İtaliyanın tanınmış bəstəkarlarının, eləcə də musiqiçilərin özlərinin bəstələdiyi mahnılar daxil edilib. Musiqiçilərin “Sarı gəlin”, “Ay Laçın”, “Gözəlim sənsən”, “Şuşa üzərində uçmaq”, “Cənnətim Qarabağ” kimi mahnıları etno-caz üslubunda ifa etməsi auditoriyanın xüsusi alqışlarına səbəb olub.

Tədbir rəsmi ziyafətlə davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin