Bu ölkələrin prezidentləri İlham Əliyevi təbrik etdi

Hazırda oxunan: Bu ölkələrin prezidentləri İlham Əliyevi təbrik etdi

76327

Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevə təbrik ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir: 

"Azərbaycanın Müstəqillik Günü münasibətilə Serbiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırır, ölkənizə tərəqqi, xalqınıza yüksək rifah diləyirəm. 

Əminəm ki, biz qarşıdakı aylarda bütün səviyyələrdə dialoqu davam etdirəcəyik və Sizin Serbiya Respublikasına həyata keçiriləcək səfəriniz ikitərəfli əməkdaşlığımızın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyacaq. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdiyimizi nəzərə alsaq, Sizin səfəriniz bu baxımdan müstəsna əhəmiyyət kəsb edəcək. 

Məmnunluqla qeyd etmək istərdim ki, keçən il yaxşı əlaqələndirilmiş birgə səylər nəticəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından nəzərəçarpan irəliləyiş əldə etmişik. Bu, strateji tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir. 

Fürsətdən istifadə edərək, iqtisadi əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində səylərin daha da artırılmasının zəruriliyini, bu prosesdə ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın xüsusi rolunu vurğulamaq istəyirəm. 
İcazə verin, Serbiyanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsində Azərbaycanın göstərdiyi prinsipial mövqeyə görə bir daha Sizə təşəkkürümü bildirim. Bizim üçün böyük önəm daşıyan bu məsələ ilə bağlı Azərbaycan Respublikasının dəyişməz mövqeyi ölkənizin beynəlxalq hüququn əsas prinsiplərinə daimi sadiqliyinin bariz nümunəsidir. Cənab Prezident, Sizə bir daha dərin ehtiramımı ifadə edirəm". 

XXX 

Həmçinin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Təbrikdə deyilir: 

“Hörmətli İlham Heydər oğlu. 


Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə tacik xalqı adından və şəxsən öz adımdan böyük məmnuniyyətlə Sizə və bütün dost Azərbaycan xalqına səmimi təbriklərimizi göndərirəm. 

Tacikistan özünün mühüm tərəfdaşının sosial-iqtisadi inkişaf və beynəlxalq nüfuzunun möhkəmlənməsi sahəsində qazandığı nailiyyətlərə səmimi-qəlbdən sevinir. 

Dost Azərbaycan ilə qarşılıqlı fəaliyyət Tacikistanın xarici siyasətində xüsusi yer tutur. 

Fərəhlə bildirməliyəm ki, ölkələrimiz arasında zamanın sınağından çıxmış dostluq və əməkdaşlıq münasibətləri durmadan inkişaf edir. 

Əminəm ki, ikitərəfli münasibətlərimizdə mövcud olan böyük potensialı tam həcmdə tətbiq etməklə biz birgə səylərimizlə bundan sonra da səmərəli əməkdaşlığımızı möhkəmləndirəcəyik. 

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və bütün təşəbbüslərinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və sabitlik, əmin-amanlıq və firavanlıq arzu edirəm”, deyə məktubda qeyd olunur. 

XXX 

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer də Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Təbrikdə deyilir: 

"Cənab Prezident. 


Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına həm öz adımdan, həm də həmvətənlərim adından səmimi təbriklərimi yetirirəm. 

Ölkələrimizin diplomatik əlaqələri otuz il əvvəl, 1992-ci il fevralın 20-də qurulub. 

Ölkələrimiz arasında münasibətlər son illərdə konstruktiv şəkildə və artan qarşılıqlı etimad əsasında inkişaf etmişdir.

Sizi əmin edirəm ki, Almaniya dostluq əlaqələrimizin bundan sonra da genişləndirilməsinə böyük maraq göstərir. Bura həm də Azərbaycanla insan hüquqlarına dair aparılan dialoq və ölkələrimizin vətəndaş cəmiyyətləri arasında mübadilənin dəstəklənməsi daxildir. 
Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır və ölkəmizin enerji təhlükəsizliyində, enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Biz xüsusilə bu sahədə əlaqələri gələcəkdə məmnuniyyətlə gücləndirmək istəyirik. Sizə və ailənizə cansağlığı, firavanlıq, ölkənizin vətəndaşlarına sülh və əmin-amanlıq şəraitində uğurlu gələcək diləyirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin