İrana hökmdarlıq edən türk sülalələri – SİYAHI

Hazırda oxunan: İrana hökmdarlıq edən türk sülalələri – SİYAHI

75981

Tarix boyu Avrasiya materikində türklərin böyük dövlətləri- imperiyaları olub. Bu imperiyaların yaradıcılarından bir çoxu məhz azərbaycanlılardır. Bəs onlar tarixdə hansı adla qalıb?

Səfəvilər dövləti (1501-1736-cı illər)

İndiki İran, Azərbaycan, Ermənistan, İraq, Əfqanıstan, Türkmənistan və Türkiyənin şərq hissəsini əhatə edən Səfəvilər dövləti 1501-ci ildə yaradılıb. Bu nəhəng dövlətin yaradıcısı Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi, qısa adı isə Şah İsmayıl Xətaidir. O, XlV əsrin əvvəllərindən etibarən indiki İranın şimalındakı Ərdəbil bölgəsini və 1501-1722 və 1729-1736-cı illərdə isə indiki İranın bütün ərazisində nəzarəti ələ keçirir. Bir çox mənbələrdə “Qızılbaşlar dövləti” kimi qeyd edilə bu imperiyanın rəsmi dövlət dili Azərbaycan türkcəsi olub. Dövlətin paytaxtı isə Təbriz şəhəri olub. Sonradan paytaxt Qəzvinə, daha sonra isə İsfahana köçürülüb.
 

1501-ci ildən 1736-cı ilə qədər mövcud olan Səfəvilər dövlətinə 11 şəxs padşahlıq edib. Bu dövlətin yaradıcısı və ilk padşahı Şah İsmayıl Xətai, sonuncu hökümdarı isə lll Şah Abbas olub.


Əfşarlar dövləti (1736- 1796-cı illər)

XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqan işğalı altına düşdü. Qərbi Azərbaycanın bir hissəsi və həmsərhəd olan digər ərazilər Osmanlı İmperiyası tərəfindən işğal olundu. Eyni zamanda, Rusiya da Qafqazda böyük fəallıq göstərməyə başladı. 1723-cü ildə l Pyotr Bakı üzərinə yürüş edərək Xəzərboyu əraziləri ələ keçirdi. İşğallara qarşı isə çıxan ən böyük hərbi birləşmələrin başında Nadir dayanırdı. Şah ll Təhmasib Nadir xanın nüfuzunun dövlətdə artdığını görüb öz nüfuzunu artırmaq məqsədi ilə 1731-ci ildə Osmanlılara qarşı yürüş etdi.

Lakin döyüşdə məğlub oldu və İrəvan da Osmanlıların əlinə keçdi. Nadir xan 1732-ci ildə ll Təhmasibi hakimiyyətdən uzaqlaşdıraraq onun yerinə oğlu lll Abbası hakimiyyətə gətirdi. Nadir 1730–1736-cı illərdə Səfəvilər İmperiyasının ali baş komandanı, 1732–1736-cı illərdə isə şahın qəyyumu idi. 1732–1736-cı illərdə Səfəvilər dövlətinin itirilmiş bütün ərazilərini geri qaytaran Nadir 1736-cı ilin əvvəllərində özünü şah elan edir.
 

Beləliklə, Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyulur. Və türk sülaləsi olan Əfşarlar hakimiyyətə gəldi. Əfşarlar sülaləsi düz 60 il hakimiyyətdə olub.


Qacarlar sülaləsi (1796-1925-ci illər)

1796-cı ildə Xorasan vilayətində Nadir şahın sülaləsinin sonuncu nümayəndəsini ağır məğlubiyyətə uğradan Ağa Məhəmməd xan hakimiyyəti ələ alır. Məhz 1796-cı ildən sonra Qacarlar sülaləsinin hakimiyyəti başlayır. Qacarlar, monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmış və Səfəvi sülaləsini hakimiyyətə gətirən yeddi Qızılbaş-türk tayfalarından biri olub.

Qacarlar sülaləsinin ilk şahı Ağa Məhəmməd Şah Qacar, sonuncu nümayəndəsi isə Sultan Əhməd şah Qacar olub. Sultan Əhməd şah 1925-ci ildə hakimiyyətdən salınır və azərbaycanlıların İrandakı 425 illik hökmranlığına son qoyulur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin