Partiya sədrləri inflyasiyadan GİLEYLƏNDİLƏR – Dövlətin ayırdığı vəsaitin artırılmasını istədilər

Hazırda oxunan: Partiya sədrləri inflyasiyadan GİLEYLƏNDİLƏR – Dövlətin ayırdığı vəsaitin artırılmasını istədilər

75955

“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ına əsasən, 2021-ci ildə VI çağırış Milli Məclisin deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 2020-ci illə müqayisədə 6,2 faiz çox vəsait xərclənib.

Qanunvericiliyə görə, siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür.

Bəs, partiyalara dövlət büdcəsindən vəsait ayrılmasının hansı müsbət və mənfi tərəfləri var?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bu sahədə beynəlxalq ənənələrin Azərbaycanda tətbiqini müsbət qiymətləndirib.

“Bu proses Azərbaycanda siyasi sistemin yaradılmasına və rəngarəng siyasi mühitin inkişafına xidmət edir. Siyasi partiyalar institutu əslində demokratik sistemin təməl hissələrindən biridir”, - deyə DİP sədri əlavə edib.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev də bütün dünyada partiyaların şəffaf fəaliyyəti və bu sahədə nizam-intizam, eləcə də siyasi mədəniyyətin inkişafı dövlət tərəfindən maliyyələşən partiya sistemlərinə malik ölkələrdə daha yüksək səviyyədə olur:

“Zaman-zaman siyasi partiyalar müxtəlif xarici mənbələrdən maliyyələşməkdə və gizli yollarla maliyyə əldə etməkdə ittiham olunurdu. Təbii ki, bu ehtiyacdan yaranırdı, lakin elə insanlar da var ki, onların qara niyyəti varsa, 100 milyon da versən öz niyyətini davam etdirməyə çalışacaq. Amma, ümumilikdə, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsini müsbət qiymətləndirirəm”. 

Dövlət tərəfindən ayrılan vəsait partiyaları qane edirmi?

Asim Mollazadə sualımıza cavab olaraq, ayrılan vəsaitin həcminin artırılmasına ehtiyac olduğunu qeyd edib:

“Nəzərə alaq ki, dünyada inflyasiya artır. Eyni zamanda siyasi partiyaların imkanları da məhdudur. Ona görə də, partiyaların fəaliyyətini inkişaf etdirmək üçün, bu cür artıma ehtiyac var”.

Razi Nurullayev də sözügedən mövzuda həmkarı ilə həmfikir olub:

“Bu gün hər bir partiyaya verilən maliyyə büdcəsinə görə, o öz fəaliyyətini qurur və həmin çərçivədən kənara çıxa bilmir. Amma siyasi partiyaların inkişafı üçün hər zaman imkanlar olmalıdır. Ona görə də, verilən vəsait heç vaxt kifayət edə bilməz. Bu gün partiyalara ayrılan vəsait heç rayon şöbələrinin sədrlərinin əməkhaqlarına belə yetmir. Təbii ki, imkan olduqca bu məbləğin artırılmasına ehtiyac var”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin