Fərhad Məmmədov: “Rusiya üçün aydın terminologiya tətbiq edilməlidir”

Hazırda oxunan: Fərhad Məmmədov: “Rusiya üçün aydın terminologiya tətbiq edilməlidir”

7535

Xəbər verdiyimiz kimi yanvarın 5-də Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Rusiya sülhməramlı qüvvələrinin tərkibində yer alan hərbi həkim kontingentinin Dağlıq Qarabağdakı fəaliyyətləri haqqında məqalə yayımlanıb.

Məqalədə qondarma Dağlıq Qarabağ respublikasını bildirən “НКР” (DQR) abreviaturasından istifadə edilməsi Azərbaycan ictimaiyyəti tərəfindən sərt reaksiyaya səbəb olub.

Azərbaycan tərəfinin məsələ ilə bağlı etdiyi müraciət və etirazlardan sonra bu “texniki səhv” düzəldilsə də amma bu birinci hal deyil.

Nədənsə Rusiya tərəfi açıq və gizli şəkildə belə “texniki səhv”lərə tez-tez yol verir.

Politoloq Fərhad Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, belə həssas dönəmlərdə bu cür terminologiyaya ciddi fikir verilməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Müdafiə Nazirliyi Qarabağla bağlı səhvinə düzəliş etdi - FOTOFAKT


Onun sözlərinə görə, Azərbaycan Respublikası müharibədən əvvəlki vaxtlarda da belə hallara sərt reaksiya verib.

“Hətta bir dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Nikolay Bordyuja ən son bəyanatında Dağlıq Qarabağ Respublikası ifadəsindən istifadə etmişdi.

Bu da öz növbəsində Azərbaycan Respublikası tərəfindən kəskin tənqid olunmuşdu. Umumiyyətlə, indiki şəraitdə bu cür terminologiyalara çox ciddi fikir verilməlidir. 44 günlük müharibə noyabrın 10-da üçtərəfli imzalanan bəyanat ilə sona çatdı. Lakin biz mütəmadi olaraq, bu cür problemlərlə rastlaşırıq.

Beynəlxalq hüquq, Rusiya Federasiyasının prezidenti Vladimir Putin də birmənalı olaraq, bu əraziləri həm Dağlıq Qarabağı, həm də onu ətrafında olan 7 rayonu Azərbaycan Respublikasının beynəlxalq tanınmış tərkib hissəsi hesab edir. Sülhməramlıların dislakasiya olduğu ərazilər də Azərbaycan Respublikasının torpaqlarıdır”,- deyə o, vurğulayıb.

Politoloq bu cür xoşagəlməz hadisələrin bir daha yaşanmaması üçün təklif də irəli sürüb. Onun fikrincə, sülhməramlıların yerləşdiyi ərazilərin Azərbaycan torpaqları olduğu xüsusi qeyd olunmalıdır.

“Mən təklif edərdim ki, bu ərazilər “Azərbaycan Respublikasının ərazisində olan Rusiya sülhməramlılarının məsuliyyət zonası” adlandırılsın. Artıq onlar da bilsinlər ki, bu onların sülhməramlı missiyası çərçivəsində məsuluyyətlərində olan Azərbaycan Respublikasının ərazisidir.

Rusiya tərəfi isə bu əraziləri sülhün bərqərar olunmasında əsas məsul tərəf kimi tanımalıdır. Burada vahid terminoloji bazadan istifadə edilməlidir. Əks halda biz tez-tez belə vəziyyətlə rastlaşacağıq. Sizi inandırım ki, Rusiya özü də bu cür xoşagəlməz halların yaşanmasında maraqlı deyil.

Çünki Qarabağ müharibəsində Rusiya birmənalı olaraq, neytral mövqe tutmuşdu. Ona olan etimad da məhz bitərəf mövqeyindən qaynaqlanırdı.  Lakin bu cür provakasiyalar müəyyən dərəcədə onun imicinə də mənfi təsir göstərir”,- deyə, F.Məmmədov bildirib.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin