Sahibə Qafarova İran parlamentinin sədr müavini ilə görüşdü

Hazırda oxunan: Sahibə Qafarova İran parlamentinin sədr müavini ilə görüşdü

74866

Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad ilə görüşüb.

Milli Məclisdən Bizim.Media-ya verilən məlumata görə, qonağı salamlayan Sahibə Qafarova qeyd edib ki, ölkəmiz İranla ikitərəfli və çoxtərəfli formatda əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.

Ötən il İrana səfərindən danışan spiker həmin səfər çərçivəsində keçirdiyi görüşləri və aparılan danışıqları məmnunluqla xatırlayıb. Qeyd edilib ki, iki ölkə arasında dost və mehriban qonşuluq münasibətləri var.

İranla parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin sədri bildirib ki, qarşılıqlı əlaqələrin inkişafında parlamentlərimiz mühüm rol oynayır. Deputatlarımız tərəfindən müntəzəm olaraq qarşılıqlı səfərlər həyata keçirilir.
Hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən işçi qrupları parlamentlərimiz arasında körpü yaradır.

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra regionda yeni yaranmış vəziyyət haqqında məlumat verərək, deyib ki, münaqişə başa çatdıqdan sonra Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa dövrü başlayıb, regionda yeni reallıq yaranıb.

Dost və qonşu ölkəyə səfər etməkdən məmnunluğunu bildirən İran İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının Azərbaycanda yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə təşəkkürünü bildirib.

Qonaq Milli Məclisin sədrinin başçılığı ilə ötən il Azərbaycan parlament nümayəndə heyətinin İrana səfərini və keçirilən görüşlərin əhəmiyyətini yüksək dəyərləndirib.

İran parlamentinin vitse-spikeri parlamentlərarası əlaqələrin inkişafının ümumi məqsədlərə xidmət etdiyini bildirib, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı Əli Nikzad Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin tezliklə bərpa olunacağına və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarına inamını ifadə edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin