Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi üçün sənədlər imzalamağa hazırlaşır 

Hazırda oxunan: Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi üçün sənədlər imzalamağa hazırlaşır 

74824

Ermənistan hökuməti Azərbaycan və İrana dəmir yollarının işinin bərpası ilə bağlı aparılan danışıqların nəticəsi olaraq yaxın vaxtlarda Bakı və Tehranla gömrük və sərhəd nəzarəti sənədlərinin imzalanmasına ümid edir.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, hökumətin fevralın 17-də keçirilən iclasında Şimal-Cənub layihəsini yenidən formalaşdırmaqla, onu Şimal-Cənub/Şərq-Qərb və ya Ermənistan kəsişməsinə çevirdiyi açıqlanıb. 

Ermənistanın baş naziri Nikol Paşinyan layihənin sürətlə həyata keçiriləcəyinə ümid etdiyini bildirib. 

O, həmçinin qeyd edib ki, yaxın vaxtlarda Arzadəyən (Yerasx) – Culfa - Meğri-Horadiz dəmir yolunun fəaliyyətinin bərpası ilə bağlı sənədin imzalanması gözlənilir.

“Azadlıq” radiosunun sözügedən sənədlə bağlı sorğusuna cavab olaraq baş nazirin müavini Mqer Qriqoryanın ofisi bu gün bəzi təfərrüatları açıqlayıb: 

“Regional əhəmiyyətli infrastrukturdan söhbət gedəndə, açıq-aydın görünür ki, qonşu ölkələrlə münasibətlər bu sənədlə tənzimlənməlidir. Bu da öz növbəsində infrastrukturla bağlıdır. Sonrakı mərhələdə bu, İran İslam Respublikası və Azərbaycan Respublikasıdır. Müvafiq olaraq, gömrük və sərhəd nəzarəti ilə bağlı hal-hazırda tərəflər arasında həll olunmayan bütün məsələlər həll edilməlidir. Təbii ki, tikinti işləri ilə paralel olaraq, infrastrukturdan tam istifadə etmək üçün planlar və iş qrafikləri tənzimlənməlidir. Hazırda heç bir sənəd imzalanmayıb, lakin ümid edirik ki, yaxın vaxtlarda belə bir sənəd razılaşdırılaraq imzalanacaq”.

Ermənistanın baş nazirinin müavininin ofisi, həmçinin Ermənistan-Azərbaycan dəmir yolu və avtomobil əlaqəsinin bərpası üçün ölkədə hansı işlərin görüldüyünü ətraflı izah edib.

“Baş nazirin 14 yanvar 2022-ci il tarixli qərarı ilə Arazdəyəndən (Yerasx) Azərbaycan Respublikasına və Meğriyə dəmir yolu hissəsinin bərpası proqramının səmərəli həyata keçirilməsi üçün Baş nazirin müşaviri Artaşes Tumanyanın rəhbərlik etdiyi işçi qrup yaradılıb. Yuxarıda göstərilən işçi qrupun təklifi əsasında “Ermənistan Milli Memarlıq və İnşaat Mühəndisliyi Universiteti” fondu qeyd olunan dəmir yolu infrastrukturunun erməni bölmələrinin geodeziya mühəndisliyi və instrumental tədqiqatlarını həyata keçirib. Hazırda Fondun laboratoriya işləri yekunlaşıb, müvafiq hesabatlar hazırlanaraq işçi qrupuna və Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə təqdim edilib”, - deyə cavabda bildirilir.

Xatırladaq ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri Mqer Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevdən ibarət regional kommunikasiyaların bərpası üçün yaradılmış üçtərəfli komissiyanın ilk iclası ötən ilin yanvarında Moskvada keçirilib.
Ermənistan hökuməti ötən il yarım ərzində gördüyü işlərə yekun vurub. 

“Baş nazirin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində regionda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması kontekstində texniki səviyyədə texniki və infrastruktur imkanlarını öyrənən iki alt qrup yaradılıb. MDB-nin normativ-hüquqi bazası, habelə Ermənistanın qoşulduğu digər çoxtərəfli beynəlxalq müqavilə və konvensiyaların normativ hüquqi aktları çərçivəsində beynəlxalq daşımalar, sərhəd, gömrük və digər nəzarət növləri məsələləri müzakirə edilib. Eyni kontekstdə regionun digər ölkələrinin də nəqliyyat infrastrukturu ilə mümkün əlaqələrin iqtisadi və logistik təsirləri qiymətləndirilib”, - Mqer Qriqoryanın ofisi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin