“Gərək insanlar Yeni il gecəsi atəşfəşanlıq etməyəydi” – Müzadil Həsənov - FOTO

Hazırda oxunan: “Gərək insanlar Yeni il gecəsi atəşfəşanlıq etməyəydi” – Müzadil Həsənov - FOTO

7481

“Azərbaycan əsgərinə dəstək vermək hər birimizin vətəndaşlıq borcudur. Vətən müharibəsi başlayandan sonra ön xəttdə olan igidlırimizə dəstək olmaq haqqında dostlarla, tanışlarla çox düşündük, müzakirələr etdik və əsasən Rusiyada yaşayan azərbaycanlı qardaşlarımızın dəstəyi ilə bu kampaniyaya başladıq. Bu işə xeriyyə işi kimi baxmaq məncə düzgün deyil”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Əsgərə dəstək” kampaniyasının təşkilatçısı, “Cavad Xan” Tarix və Mədəniyyət fondunun vitse-prezidenti Müzadil Həsənov deyib. 

Onun sözlərinə görə, dəstək kampaniyasında özləri aldıqları və insanların gətirdikləri yardımları əsgər bağlaması kimi çeşidləndikdən sonra cəbhə xəttinə çatdırılırdı.

“Gəncə şəhəri cəbhə xəttinə daha yaxın olduğu üçün, yardımları toplayıb, oradan birbaşa  cəbhəyə yola düşürdük. Get-gedə bu yardımların miqyası artdı və biz gərargah tipli bir yer yaratdıq. Çünki hamı yardım etməyə çox istəkli idi. Yardımlar əsgərlərin ehtiyaclarına uyğun çeşidlənir, bağlamalar hazırlanırdı. Biz cəbhə bölgəsində nəyə ehtiyac olduğunu öyrənib, əsgərləri o əşyalarla təmin edirdik”.

M.Həsənov yardım aksiyası zamanı pul toplanılmadığını da bildirib:

“İnsanlar isti geyim, qida, yorğan, döşək və digər lazım olan əşyaları ilə əsgərlərə dəstək olurdu”. 

“Biz pul vəsaitini ancaq qapalı votsap qrupumuzda və yaxın dost, qohumdan, bizi şəxsən tanıyan insanlardan toplayırdıq ki, ortada müəyyən söz-söhbətlər olmasın. Kim ki, kənardan yardım üçün pul təklif edirdi, onlara ehtiyac olunan məhsulların siyahısını təqdim edirdik. Həmin insanlar da özləri bu əşyaları alıb bizə gətirirdilər. Biz yardımları şəxsən özümüz ön xəttdə olan əsgərlərimizə çatdırırdıq ki, ürəyimiz rahat olsun”, - deyə, o, qeyd edib.

Yardım kampaniyası əsasında elə ciddi çətinliklərlə üzləşmədiklərini deyən M.Həsənov hər bir səfərlərinin qanun çərçivəsində olduğunu bildirib.

“Müdafiə nazirliyinin və hərbi hissələrin rəhbərliyinin razılığı ilə bu işi görürdük. Müəyyən çətinliklər sadəcə döyüş zamanı dağ postlarına gedərkən olurdu. Ancaq bunlara baxmayaraq, biz yolumuza davam edirdik”.

Müzadil Həsənov döyüşlər zamanı cəbhədə olan abu-havadan, əsgərlərin ruh yüksəkliklərindən də danışıb. O bildirib ki, igid əsgərlərimiz müharibənin başladığı elə ilk gündən hər zaman qələbəyə inamlı idilər. 

“Döyüşlər zamanı bəzən elə məqamlar olurdu ki, igidlərin döyüşə girdiyi və ya çıxdığı məqamlara da rast gəlirdik. Orada yaşanan hisslər möhtəşəm idi. Hamı qələbəyə köklənmişdi, hamı zəfər çalacağına inamlı idi. Əsgərlərimiz cəbhədə tarix yazdılar. Rayonlarımızın işğaldan azad edilməsi, Şuşanın alınması yüz illərlə haqqında danışılacaq möhtəşəm bir qələbə əsəridir. Bu tarixin yazıldığı anda orada iştirak etmək bizim üçün qürurverici idi. Əsgərlərimizdə inanılmaz bir qələbə əzmi var idi”.

O, “Yaşat” fondunun fəaliyyətindən də danışıb. M.Həsənov bu fondun təkcə şəhid ailələrinə deyil, müəyyən kateqoriyadan olan qazilərə də yardım edəcəyini vurğulayıb.

“Prezidentin sərəncamına əsasən “Yaşat” fondu şəhid və əlillik statusu alan qazilərimiz üçün nəzərdə tutulub. Ancaq mən çox istərdim ki, qazi olan bütün insanlara da “Yaşat” fondu köməklik etsin. Mən bu təşəbbüslə fondun iclası zamanı təkliflər irəli sürdüm. Fikrimcə, bu yardımların bir mərkəzdən idarə olunması daha məqsədəuyğun olardı”.

Daha sonra M.Həsənov dəstək kampaniyasının davam etdiyini də bildirib.

“Hazırda dəstək kampaniyamız davam edir. Düzdür, müharibə dövründə olduğu kimi mütəmadi deyil, ancaq həftədə 1-2 dəfə avtomobillərimiz yola çıxır. Hazırda yardımları əsasən Kəlbəcər istiqamətinə çatdırırıq. Çünki orada təminat yolları, hava şəraiti çətin olduğu və ermənilərin o əraziləri daha çox dağıntılara məruz qoyduğu üçün orada olan əsgərlərin dəstəyə ehtiyacı var. Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə də əsgərlərə bayram sovqatı yolladıq”,- deyə o açıqlayıb.

O, yardımların sosial şəbəkələrdə reklamından da söz açıb:

“Buna reklam deməzdim, sadəcə yaxşı işlər müəyyən mənada işiqlandırılmalıdır, çünki belə yardımları görən insanlar, bu işlərlə məşğul olmağa, dəstək olmağa daha da həvəslənirlər”.

“Mən özüm bir il bundan əvvələ kimi yardımları sosial şəbəkələrdə paylaşanları qınayırdım. Ancaq pandemiya və müharibə dövründə insanların çətin vəziyyətdə olduqlarını gördükdən sonra buna fərqli tərəfdən diqqət yetirməyə başladım.

Bu zaman yardım aksiyalarını görən insanlar ehtiyacı olanlara daha çox yardım etməyə həvəslənirlər. Bu vasitənin daha effektiv olduğunu gördüm. Ancaq, mən bu cür paylaşımların da müəyyən etik qaydalar çərçivəsində edilməsinin tərəfdarıyam. Məsələn yardım edilən insanların, əsasən də uşaqların üzlərinin göstərilməsinin, kimliklərinin bilinməsinin tərəfdarı deyiləm.

Biz pandemiyadan əziyyət çəkən ailələrə, şəhid ailələrinə, əsgərlərimizə və qazilərə etdiyimiz yardımları yalnız hesabat xarakterli çəkib paylaşırıq. Bu vəziyyətdə bir yardıma görə, insanların kimliyini bəlli etmək, üzünü göstərmək etik qaydalara o qədər də uyğun deyil, zənnimcə”.

Müzadil Həsənov yeni il bayramında atəşfəşanlıq edən insanlar haqqında da fikirlərini bildirib. 

“Bu il yeni ili qeyd edənlər iki hissəyə bölünmüşdülər. Kimi şəhidlərə görə, şənikdən imtina etdi, kimi isə qələbəni əsas gətirərək təmtəraqlı şəkildə keçirdi. Məsələyə faktlarla baxsaq, hər iki tərəf öz arqumentlərinə görə haqlı idi. Ancaq  insanlar şəhid ailələrinin yaralarının təzə olduğunu nəzərə alaraq heç olmaya atəşfəşanlıq etməməli idilər. Kimsə bu bayramı evində sakitcə qeyd etsəydi, heç vaxt qınağa da tuş gəlməyəcəkdi. Şadam ki, Gəncə şəhərində yeni il gecəsi bir dənə də olsun fişəng atılmadı, bir çox insan da bayramı şəhidlər xiyabanında qeyd etdi”, - deyə o vurğulayıb.

Sonda M.Həsənov oxuculara təklif və ürək sözlərini də çatdırıb.

“Sonda qeyd etmək istərdim ki, bəzi insanlar bizim qələbəmizi kiçiltmək istəyirlər. Bunun qələbə olmadığını deyirlər. Bu qətiyyən belə deyil. 3 ay bundan əvvələ qədər biz o yerlərin həsrəti ilə yaşayırdıq və o torpaqlarımıza uzaqdan belə baxa bilmirdik.

İndi isə o ərazilərdə rahat şəkildə gəzə bilirik. Hərbi nailiyyətlərimizi dərk etmək üçün sadəcə o qəliz relyefli yerləri görmək, o geniş əraziləri gəzmək lazımdır. Təbii ki, biz hamımız torpaqlarımızın tam azad olunmasını istəyərdik, amma müəyyən geopolitik reallıqlar var ki, hələlik biz onlarla barışmalıyıq.

Hesab edirəm ki, bu mərhələdə biz məqsədlərimizin əksəriyyətinə nail ola bildik. Arzum budur ki, xalq olaraq, dövlət olaraq güclü olub, o biri mərhələlərə hazırlaşaq. Xalqımıza birlik, səbr və müdriklik arzulayıram ki, növbəti dəfə taleh bizə imkan yaradanda biz məqsədlərimizə çatmaq üçün tam hazırlıqlı bir vəziyyətdə olaq”, - deyə o, sözlərini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin