Azərbaycan və Türkiyə Təhlükəsizlik Şuraları anlaşma memorandumu imzaladı - FOTO

Hazırda oxunan: Azərbaycan və Türkiyə Təhlükəsizlik Şuraları anlaşma memorandumu imzaladı - FOTO

74164

Bu gün Bakıda “Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidməti və Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş Katibliyi arasında Anlaşma Memorandumu” imzalanıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov bu gün ölkəmizdə səfərdə olan Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edib.

R.Usubov qardaş ölkələr arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, hüquqi və təhlükəsizlik sahələrində əlaqələrin ən yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edərək, bu münasibətlərin regionda və bütövlükdə dünyada sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Görüş zamanı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasındakı əməkdaşlıq münasibətlərində yeni səhifənin açıldığı, sənədin müddəalarından irəli gələn vəzifələrin həyata keçirilməsi sahəsində vəziyyət və perspektivlər barədə geniş müzakirələr aparılıb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq və dostluq münasibətlərinin hər iki dövlət arasında əməkdaşlığa böyük töhfə verdiyi xüsusilə vurğulanıb.

Qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərin bu gün hər iki ölkənin prezidentlərinin liderlikləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəldiyi qeyd edilib.
H.Hacıyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, 2022-ci il aprelin 6-da Brüsseldə əldə edilən razılaşmaların icrası ilə bağlı məsələlər barədə məlumat verərək, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün normallaşma istiqamətində irəliləmə, o cümlədən delimitasiya prosesinin başlanması, sülh sazişinin hazırlanması, humanitar addımların davam etdirilməsi və bütün kommunikasiya xətlərinin açılmasının vacibliyini vurğulayıb.

Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu iki qardaş ölkə arasında əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib, bu səfərin də təhlükəsizlik sahəsində birgə fəaliyyətin təkmilləşməsinə öz töhfəsini verəcəyini deyib.
Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı da iştirak edib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin