Ukrayna müharibəsinin 72-ci günündə dünya siyasətçiləri nə düşünür? - Geniş TƏHLİL

Hazırda oxunan: Ukrayna müharibəsinin 72-ci günündə dünya siyasətçiləri nə düşünür? - Geniş TƏHLİL

73185

Ukraynaya görə müharibənin, Rusiyaya görə özünümüdafiə əməliyyatlarının 72-cü günü də geri də qalır. Bu müddət ərzində hər iki tərəfdən istər canlı, istərsə də maddi mənəvi xeyli itkilər oldu. Təəssüf doğuran məqam isə itkilərin hələ də davam etməsidir. Qərbin sanksiyalarına baxmayaraq Rusiya işğalçılıq planlarını davam etdirir. Görünən odur ki, müharibənin tezliklə başa çatacağı da gözlənilmir. Bəs Rusiya nə istəyir?

Bizim.Media mövzunu yerli və xarici siyasətçilər, politoloqlar və analitiklərlə birgə müzakirə edib. 

Rusiyanın əsas məqsədi. Günümüzün reallığı budur ki, ərazisinə görə dünyanın ən nəhəng ölkəsi bu gün bütün dünya ilə kəllə-kəlləyə gəlməyə hazırdır. Müharibə özünü iqtisadi və siyasi baxımdan xeyli geri salsa da Federasiya Prezidenti Putin hər kəsi təəccübləndirəcək addımlar atamağa davam edir. 


Azərbaycanlı politoloq Tural İsmayılov hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin yaxın vaxtlarda yekunlaşacağı gözlənilmir:

“Bütövlükdə Rusiya-Ukrayna savaşının tezliklə yekunlaşacağını gözləmirəm. Çünki Rusiyanın Ukraynada mühüm tələbləri var ki, bunlar Ukrayna üçün qırmızı xəttdir. Rusiyanın savaşı dayandırmaq üçün tələb etdiyi əsas şərt Ukraynanın Kırımı Rusiyanın ərazisi kimi tanıması və eyni zamanda Donesk və Luqanskdakı separatçı qurumları tanımaq məsələsidir ki, düşünürəm ki, ukraynada hakimiyyətdə kimin olmasından asılı olmayaraq bu baş tutmayacaq”, - deyə T.İsmayılov qeyd edir. 

Kremlin bundan sonra atacağı addımlar da diqqətlə izlənilir. Bir çox beyin mərkəzləri hər həmləni, hər addımı dəyərləndirərək Kremlin, daha doğrusu Putinin bundan sonrakı hədəflərini müəyyənləşdirməyə çalışır. Qarşıda gözlənilən məqam isə 9 may tarixində Rusiyanın dırnaqarası özünümüdafiə əməliyyatını müharibə ilə əvəzləməsidir. Tarixi bir gündə yeni tarix planı real görünsə də, bir o qədər də qeyri-realdır. 


Siyasi şərhçi İlyas Hüseynov isə yayılan xəbərlərin həqiqəti əks etdirdiyini düşünür:

“9 may tarixində Qərb kəşfiyyat məlumatlarına əsaslansaq, müharibə elan edilməsi proqnozu var. Lakin, buna qədər, fevralın 24-nə qədər baş verən proseslərdə, dərc olunan xəritələrdə qeydlərin mətbuata sızması da onu deməyə əsas verir ki, bu günə qədər bu cür məlumatların media seqmentində dövr etməsi real əksini tapmışdır”.

Bir çox siyasətçilər isə Rusiyanın bundan sonrakı hədəfinin Moldova olduğunu iddia edirlər. Amerikalı siyasi şərhçi İrina Tsukerman Bizim.Media-ya mövzuyla bağlı qeyd edib ki, əsas məqsəd Moldovanın Dnestryanı ərazilərini ələ keçirməkdir. 


“Rusiyanın məqsədi Moldovanın Dnestryanı ərazilərini ələ keçirməkdir. Belə edərək Avropada qalıcı olmaq niyyətindədir. Bu onlar üçün sonrakı qapıları açacaq. Lakin bu mümkün olmayacaq. Çünki Rusiya ordusunun fəaliyyətini gördük. Aydın oldu ki, onlar mürəkkəb hərbi manevrlərə maddi-texniki cəhətdən hazır deyillər”, - edeyə İ.Tsukerman qeyd edib. 

Qərb siyasətçilərindən, politoloqlarından fərqli olaraq, ruslar rəsmi Moskvanın Moldovaya hücumu ilə bağlı fikirləri böhtan adlandırırlar. Onlar düşünür ki, rusiya ordusunu bölmək üçün fərqli cəbhələr yaradılır. Belə olduğu təqdirdə Rusiyanın məğlubbiyyəti daha asan olacaq. 


Rusiya Federasiyası Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü, əslən ukraynalı olan Boqdan Bezbalko da belə hücumu istisna edir. 

“Yox, təbii ki, Rusiya Moldovaya hücum etməyi planlaşdırmır - bu məqsədəuyğun deyil. Rusiya nümayəndələri heç vaxt belə məqsəd və vəzifələri bəyan etməyiblər. Hazırda Moldovanı, Rumıniyanı və ola bilsin ki, Polşanı hərbi münaqişəyə cəlb etmək bəzilərinə sərf edir. Moldova respublikası ərazisindəki bəzi terror faktları da bununla bağlı ola bilər”, - deyə B.Bezbalko bildirib.

Bəs baş verən prosesləri sülh yolu ilə həll etmək? Təbii ki, bir çox ölkələr sülhə çağırış etsələr də, pərdəarxasında hər biri öz maraqlarını güdür. Türkiyənin Zelinski və Putini bir araya gətirmək, ikitərəfləri danışıqlarla münaqişəyə son qoymaq istəyi də süqut etdi desək, yanılmarıq. Çünki Zelenskinin Türkiyəni tənqid etməsi ikitərəfli danışıqlar üçün yeganə tərəfsiz olan rəsmi Ankaranı geri addım atmağa məcbur etdi.


Türkiyəli politoloq Muhammet Kutlu da hesab edir ki, Zelenskinin sonuncu çıxışından sonra Türkiyə bir müddət daha seyirci olaraq qalacaq: 

“Göstərilən səylərin sonunda Putinlə Zelenskini bir araya gətirib görüşdürmək var idi. Lakin bir neçə gün öncə, hər birinizin də bildiyi kimi, Türkiyəyə qarşı tənqidi fikirlər səsləndirdi, Zelenski. Türkiyənin rus turistlərə qapılarını açmasını tənqid etdi. Bu qəribə idi. Bu Ankarada müzakirə edilir. Ukrayna ilə bağlı təhlillər aparılır. Bir az hüsyana uğrayacaq, görülən işlər. Çünki Zelenski belə istədi”, - deyə M.Kutlu qeyd edib. 

Hər bir halda, bu xəmir də çox su aparacaq. Tərəflərin nəinki danışıqlara gəlməsi, həmçinin Moldova, Polşa, Ruminiya faktorlarının əmələ gəlməsi 3-cü dünya müharibəsini labüd edir. Əslində 3 cü dünya müharibəsini yaşayırıqmı?-sualına cavab bu gün “xeyr” olsa da, “əlbətdə ki, yaşayırıq” cavabı da bir o qədər aktualdır. 

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin