Yalama sərhədçiləri rusların hücumuna belə məruz qaldı – İşğal SİYASƏTİ

Hazırda oxunan: Yalama sərhədçiləri rusların hücumuna belə məruz qaldı – İşğal SİYASƏTİ

71839

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 102 il ötür. Məhz 1920-ci il aprel ayının 28-si, saat 00:05-də 70 minlik XI Qırmızı Ordu, öndə "III İnternasional", daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samur çayı üzərindəki körpünü keçir. Onlar aprelin 1-dən etibarən bölgəyə dislokasiyası başlamışdı.

Yalama körpüsünün başında keşik çəkən piyada taqımının əsgərləri altı süvari zirehli qatarları görəndə təəccüblənirlər.
Çünki cəmi bir neçə saat əvvəl onlar həmin bu körpünün üstündə indi top-tüfənglə üstlərinə gələn rus zabitləri və əsgərləri ilə rəqs edir, dostluq-qardaşlıqdan danışırdılar. Belə ki, əvvəlki “dostluq” məclisinin özü də Qızıl Ordunun hiyləsi idi. 

Artilleriya və pulemyot atəşi ilə kiçik dəstənin müqavimətini qırmaq ruslar üçün çətin olmur. Bundan sonra qatar Yalamaya üz tutur. Yolboyu onları dəmir yolunun kənarında meşədə gizlənən azərbaycanlıların süvari patrulları izləyir.

Ruslar Yalamaya qəflətən hücum etmək istəyirlər. Onların desantı stansiya ilə sərhəd məntəqələrini birləşdirən telefon xəttlərini kəsir.

Lakin Azərbaycan Ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi stansiya yaxınlığında düşməni gözləyir. Belə ki, qarnizonu süvari patrullar xəbərdar etmişdirlər. Ancaq qüvvələr həddən artıq qeyri-bərabər idi.
Həmdulla Əfəndinin könüllülər dəstəsindən savayı, kiminsə köməyə yetişəcəyinə ümid yox idi. Çünki bir neçə gün əvvəl ermənilər Qarabağda üsyana başlamışdılar və Cümhuriyyət əsas qüvvələrini bu istiqamətə yönləndirmişdi.

İlk toqquşma stansiyaya bir kilometr qalmış baş verir. Azərbaycanlılar Yalamadan zirehli qatarlara qarşı parovoz yola salır. Məqsəd qəza törədib dəmiryolunu sıradan çıxarmaq və qatarların önünü kəsməkdən ibarət idi.

Lakin "III İnternasional"dan iki sərrast top atəşi ilə buxar maşınının qazanı partladılır. Parovoz sürətini azaldaraq qatara çatmamış dayanır, onu itələyə-itələyə ehtiyat yola keçirirlər. Bundan sonra ağır döyüş başlanır. Zirehli qatarlardan fuqas mərmilərlə azərbaycanlı topçuların mövqeləri, pulemyot dzotları dağıdılır. Qatarların şrapnel mərmilər və pulemyot atəşi ilə dəstək verdiyi rus desantı hücuma keçir.

Yalama qarnizonu bu hücuma iki saat davam gətirir. 350 döyüşçü son nəfəsinədək stansiyanı qoruyur. Sağ qalanlar partizan dəstələrinə qoşulmaq üçün geri çəkilir.

XI qırmızı ordunun hücumu ilə eyni vaxtda, aprelin 27-si gündüz saat 12-də Azərbaycan parlamentinə AK(b)P MK və PK(b)P-nin Qafqaz Ölkə Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında ultimatum verilir.
Dinc əhali arasında qurbanlara və qan tökülməsinə yol verməmək üçün Azərbaycan parlamenti həmin gün axşam saat 11-də hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi barədə qərar çıxarır. Və beləliklə Azərbayca dövləti 1991-ci ilə qədər öz müstəqilliyini itirmiş olur. Üçrəngli Azərbaycan Bayrağı 1988-ci ilə qədər ürəklərə köçürülür... 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin