“Minsk qrupunun hər hansı mandat daşıyıcı funksiyası yoxdur” - Hikmət Hacıyev

Hazırda oxunan: “Minsk qrupunun hər hansı mandat daşıyıcı funksiyası yoxdur” - Hikmət Hacıyev

70966

ATƏT-in Minsk qrupu özü-özünü sıradan çıxarma prosesindədir.

Bizim.Media xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Belə ki, artıq Minsk qrupunun özü tərəfindən də müxtəlif istiqamətlərdə və müxtəlif səpkidə açıqlamalar verilib ki, artıq bu 3 həmsədr dövlətin bu və ya digər səbəblərdən, xüsusilə də Ukraynada baş verən hadisələr kontekstində bir araya gəlməsi mümkün deyil. Bu, həmin ölkələrdən birinin yüksək rəsmisi tərəfindən açıq şəkildə ifadə olundu.

Bundan sonra Minsk qrupunun həmsədr ölkələri tərəfindən verilən açıqlamalarda da artıq regiona göndərilən nümayəndələrin həmsədr statusunda deyil, artıq başqa statusda gələcəyi qeyd edilir.

Məsələn, ABŞ tərəfindən verilmiş açıqlamalarda Cenevrə danışıqları kontekstində Qafqaz üzrə danışıqlar prosesini aparan şəxs qismində nümayəndənin göndərilməsini gördük. Rusiya və Fransa tərəfindən verilmiş rəsmi açıqlamalarda da öz nümayəndələrinə başqa status verildiyi qeyd olunur. Bütövlükdə Azərbaycan tərəfi post-münaqişə reallıqları çərçivəsində də, mahiyyət etibarı ilə də bu məsələni qaldırırdı.

Çünki münaqişə yoxdur, münaqişə həll olunub. Artıq regionda yeni münasibətlər istiqaməti var ki, bu, Ermənistan-Azərbaycan münasibətləridir. Bu münasibətlərdə də Minsk qrupunun hər hansı mandat daşıyıcı funksiyası yoxdur.
Azərbaycan tərəfi deyirdi ki, Minsk qrupu nə ilə məşğul ola biləcəyinə dair özünün yol xəritəsini ortaya qoymalıdır.

Müharibədən sonrakı dövr ərzində də Minsk qrupu belə bir sənədi ortaya qoymaq iqtidarında olmadığını bir daha göstərdi və özü-özünü məhv edəcək bir prosesə qədəm qoydu. Bunun da məsuliyyətini heç bir halda Azərbaycan Respublikası daşımır”, - Hikmət Hacıyev vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin