Sahibə Qafarova Qırğızıstan Prezidenti ilə görüşdü - FOTO

Hazırda oxunan: Sahibə Qafarova Qırğızıstan Prezidenti ilə görüşdü - FOTO

70655

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 20-də ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarovla görüşüb.

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Xəbərə görə, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova deyib ki, ölkələrimiz arasında çoxəsrlik tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələri mövcuddur. Xalqlarımızı ortaq köklər, oxşar tarix və ümumi dəyərlər birləşdirir.

Milli Məclisin sədri bildirib ki, ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra münasibətlərimiz yeni mərhələyə yüksəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Sahibə Qafarova Gürcüstan Prezidenti ilə görüşdü


Sözsüz ki, münasibətlərimizin bu səviyyəyə çatmasında dövlət başçılarımızın qarşılıqlı səfərləri və bu səfərlər zamanı imzalanmış sənədlər xüsusi önəm daşıyır. Spiker bu gün iki ölkənin dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin, “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”un və digər sənədlərin ölkələrimiz arasında münasibətləri yeni səviyyəyə qaldıracağına inamını ifadə edib.
Sahibə Qafarova qeyd edib ki, Azərbaycan-Qırğızıstan ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq münasibətlərinə söykənir, siyasi, ticarət-iqtisadi, humanitar, mədəni və digər sahələrdə uğurla inkişaf edir.

İki ölkənin parlamentləri arasında əlaqələrdən danışan Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafında qanunverici orqanların da özünəməxsus rolu var. Parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq edirlər. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq platformalarda da bir-birilərini dəstəkləyirlər.

Spiker Sahibə Qafarova Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında danışaraq bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan 20 faiz ərazisini azad edərək ərazi bütövlüyünü bərpa edib.

Ermənistan ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi, kəndlərimizi, məscidlərimizi dağıdıb. Milli Məclisin sədri bildirib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması ilə bağlı genişmiqyaslı layihələr həyata keçirir.

Ümid edirik ki, Qırğızıstan parlamentinin üzvləri ölkəmizə səfərə gələndə işğaldan azad edilmiş ərazilərimizlə tanış olacaq, hər şeyi öz gözlərilə görəcəklər.
Spiker qonağın bu səfərinin iki ölkə arasında bütün sahələrdə, o cümlədən parlamentlər arasında əlaqələrin inkişafına yeni impuls və stimul verəcəyinə əminliyini ifadə edib.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov səmimi görüş üçün minnətdarlığını bildirərək, Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşüb. Diqqətə çatdırıb ki, xalqlarımız arasında zəngin tarixə malik dostluq və qardaşlıq münasibətləri hazırda uğurla inkişaf edir.

Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən TürkPA, MDB PA çərçivəsində sıx əməkdaşlıq edirlər.

Sadır Japarov Qırğızıstanla Azərbaycanın münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatmasından məmnunluğunu ifadə edib və bu gün imzalanmış “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”nin və digər mühüm sənədlərin əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcəyini bildirib.

İki ölkə arasında iqtisadi, ticarət, mədəni, humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini deyən Prezident Sadır Japarov qarşılıqlı ticarət dövriyyəsinin artırılmasının vacibliyini qeyd edib.
Söhbət zamanı Qırğız Respublikasının Prezidenti ölkələrimizin parlamentləri arasındakı münasibətləri yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin