Xəbər verdiyimiz kimi, bu gün Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyanın paytaxtı Moskva şəhərinə rəsmi səfəri baş tutacaq. Səfər çərçivəsində Ermənistan rəhbərinin Rusiya lideri Vladimir Putinlə görüşü də nəzərdə tutulub.
Qeyd etməliyik ki, Aprelin 6-da Brüsseldə dövlət başçıları səviyyəsində baş tutan müzakirələrdən sonra Paşinyanın Rusiya ziyarəti və Putinlə görüşün mümkün nəticələri maraqla gözlənilir.
Mövzunu Bizim.Media üçün şərh edən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun sözlərinə görə, Paşinyan həmişəki kimi kömək üçün Moskvaya gedib.
MÖVZU İLƏ BAĞLI:
Nikol Paşinyan Rusiyaya getdi
“Söhbətin hansı köməkdən getdiyi bəlli olmasa da, ehtimal etmək olar ki, Nikol hərbi və siyasi dəstək istəyəcək. Lakin Rusiyanın indiki vəziyyətdə ona hər hansı ciddi kömək göstərəcəyinə inanmıram”, - deyə müsahibimiz bildirib.
Tofiq Zülfüqarov Paşinyan-Putin görüşünün Azərbaycanla Ermənistan arasında sülh prosesinə mümkün təsirlərini də şərh edib:
“Sülh prosesi yoxdur, sülh prosesinin imitasiyası var. Ermənistan tərəfindən səsləndirilən ziddiyətləi məqamlar mövcuddur və biz buna kritik yanaşmalıyıq. Çünki onların bu tip bəyanatları Ermənistanın köhnə siyasətinin indiki şəraitdə davam etməsi barəsində açıq fikir formalaşdırır. Bu vəziyyətdə Paşinyanın Moskvadan kömək istəməsi də onlar üçün ənənəvi siyasi gündəmdir.
Ermənistan iqtidarı yaxşı başa düşür ki, onlara Qərbdən Moskva ilə əlaqələri azaltmaq nöqteyi-nəzərindən ciddi təzyiqlər var. Bu baxımdan Paşinyan böyük ehtimalla Moskvaya düşdüyü vəziyyəti izah etmək və kömək istəmək üçün gedib”.
Murad Əhmədov, Bizim.Media