Araik Arutyunyanın Simonyanla GİZLİ PLANI – Xankəndində nə baş verir? - TƏHLİL 

Hazırda oxunan: Araik Arutyunyanın Simonyanla GİZLİ PLANI – Xankəndində nə baş verir? - TƏHLİL 

69790

Son günlər Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması il bağlı hər iki tərəfdən müsbət açıqlamalar səsləndirilir. Xüsusilə Ermənistan tərəfinin ikitərəfli münasibətləri inkişaf etdirmək və Azərbaycanın ərazi bütövlüyü tanımaq məsələsində konstruktiv mövqe sergiləməkdə maraqlı olduğu və yekun müqavilənin hazırlanması ilə bağlı xarici işlər nazirləri səviyyəsində danışıqlar aparıldığı müşahidə olunur.

Lakin ikitərəfli münasibətlərdə müşahidə olunan bu inkişaf heç də hər kəs tərəfindən xoş qarşılanmır və bəzən də təhdid olaraq qəbul edilir.

Hətta bu prosesə əngəl törətməyə çalışan, hər vəcdlə Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin olunmasını istəməyən qrupların və onların havadarlarının fəallaşdığı nəzərə çarpır.

İki ölkə arasında 30 ilə yaxın müddətdir davam edən münaqişəli vəziyyətin qısa zamanda aradan qaldırılması ehtimalının bəzi maraq qruplarını narahat edəcəyi gözlənilən idi. Elə bu ehtimalı gücləndirəcək müsbət açıqlamaların verilməsi də uzun müddətdir pusquda duran qrupların və şəxsləri suyun üzərinə çıxması ilə nəticələndi.

Qarabağ erməniləri nə istəyir?

Proseslərin fonunda özünü qondarma rejimin rəhbəri adlandıran Araik Arutunyan öz çıxışlarında “Donetsk Xalq Respublikası” və “Luqans Xalq Respublikası” kimi qondarma qurumları nümunə gətirməyə, Rus sülhməramlılarını Qarabağ ermənilərinin müdafiəçisi kimi təqdim etməyə başladı. Sanki ortaq mərkəzdən idarə olunurmuş kimi Araik Arutunyanı Qarabağın bir gün Rusiyanın tərkibində olacağına “ümid edən” Marqarita Simonyanın çıxışları və bəyanatları izlədi. 
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndi ermənilərinin Rusiyaya birləşmək İDDİASI – Prosesin arxasında kim durur? 


“Biz və bizim dağlar” adlı qondarma abidənin qarşısında rus bayrağının rənglərində “Z” simvolikasının sərgilənməsi isə proseslərin pik nöqtəsinə çevrildi. Rusiyaya dəstək məqsədi daşıdığı iddia edilən bu addım əslində Qarabağdakı separatçı zehniyyətin istək və arzularının bariz ifadəsi idi. 

İki ölkənin xarici işlər nazirləri səviyyəsində danışıqların başlanması və Ermənistan parlamentində qondarma rejimin bayrağının endirilməsi fonunda baş verən təxribatlar Qarabağdakı separatçıların özlərinə yeni havadar axtardığını deməyə əsas verir. Artıq Ermənistandan gözlədikləri dəstəyi ala bilməyəcəklərini başa düşən separtçı rejim bu dəfə Rusiyaya sökənməyə, belə demək mümkünsə “özünü bəyəndirməyə” çalışır. 

Rusiya niyə səssizdir?

Bu proseslərin cərəyan etdiyi bir vaxtda Rus sülhməramlılarının və Rusiya rəsmi dairələrinin baş verənlər qarşısındakı səssizliyi isə olduqca təəssüfləndiricidir. Üstəlik Qarabağı “DNR” və “LNR” ilə tez-tez müqayisə etməyi sevən separatçılara elə ən böyük dəstək də məhz Marqarita Simonyan kimi oxşar təfəkkürlü şəxslərdən gəlir.

“Sputnik Agentliyi”-nin rəhbəri Marqarita Simonyanın açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə zidd təbliğatını mənalandırmaq və bunun arxasında yatan səbəbləri müəyyən etmək çətindir. 

Maraqlıdır, Marqarita Simonyan qondarma rejimi müdafiə edərkən Rusiyanın dövlət maraqlarından çıxış edir, yoxsa onun erməni xisləti təmsil etdiyi ölkənin maraqlarından daha üstündür? Bəlkə Simonyan baş verənlərin Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımış Rusiyanın mövqeyinə, bir müddət əvvəl iki ölkə arasında imzalanan müttəfiqlik müqaviləsinə ziddi olduğundan xəbərsizdir?

İstənilən halda Qarabağda baş verən proseslər və bu proseslərə münasibətdə Rusiya rəsmi dairələrinin səssizliyi Azərbaycanla imzalanan müqavilənin şərtlərinin kobud şəkildə pozulması və Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq-aşkar təhdiddir. Halbuki, imzalanmış müqavilənin sadəcə kağız üzərində qalmaması hazırkı situasiyada ən çox Rusiyanın marağında olmalı məsələdir.

Hər zaman kiməsə arxalanmağı, kiminsə ətəyindən yapışmağı seçən separatçılar və onların havadarları başa düşməlidirlər ki, bu cür təxribatların məntiqi sonu yoxdur.

Azərbaycanın öz ərazi bütövlüyü ilə bağlı prisinpial mövqeyini, arxada qoyduğumuz dövrdə bu cür təxribatlara qarşı verilən reaksiyanı başa düşmək elə də çətin olmamalıdır.

Görünən odur ki, separatçılar, erməni şovinistlər və revanşistlər, onların Rusiyadakı havadarları Simonyanlar, Kesoyanlar və Qabreilyanovlar yaxın tarixi unutmaqda israrlıdırlar. Ancaq onların hər biri tarixi unudanların, oxşar tarixi yenidən yaşamağa məhkum olduqlarını anlamalı və bu cür təxribatların heç də yaxşı nəticələr bəxş etməyəcəyini qəbullanmalıdır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin