“Bu zəng ikitərəfli format üzrə danışıqların möhkəmlənəcəyinə işarədir”.
Bunu Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev uzun illərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində baş tutan ilk telefon danışığının nəyə işarə olduğunu şərh edərkən deyib:
MÖVZU İLƏ BAĞLI:
Bakı ilə İrəvan arasında BİRBAŞA TELEFON ƏLAQƏSİ - XİN rəhbərləri danışdı
“Brüssel görüşündə aprelin axırına qədər xarici işlər nazirləri səviyyəsində yeni sülh müqaviləsi layihəsini işləmək üçün İşçi Qrupu yaradılması nəzərdə tutulub. Üçtərəfli bəyanata uyğun olaraq bu barədə Azərbaycan Prezidenti Rusiyalı həmkarını da bilgiləndirib. Maraqlıdır ki, bu missiyanı İrəvan yox, Azərbaycan tərəfi öz üzərinə götürüb. Bu istiqamətdə İşçi Qrupunun yaradılması missiyasını xarici işlər nazirləri yerinə yetirməlidirlər. Ona görə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri telefonla danışıblar. Nəticədə yuxarıda qeyd etdiyim məsələ ətrafında prosesə start verilib”.
Politoloq düşünür ki, xarici işlər nazirlərinin müavini səviyyəsində İşçi Qrupu yaradılacaq:
“Telefon danışığında delimitasiya məsələsi də müzakirə predmeti olub. Hər şey iki ölkə liderlərinin razılaşmasından asılı olacaq. Xarici işlər nazirləri hansısa məsələni həll etmək səlahiyyətinə malik deyil. Onlar ancaq ölkə liderlərinin tapşırığını icra edir. Bu mənada onlar verilən tapşırığın icrası ilə məşğuldurlar. Amma bütün hallarda müharibənin sonu sülhlə başa çatır. Bu zəng olmalı idi və baş tutdu”.
Rüfət Sultan, Bizim.Media