Azərbaycan və İsrail Prezidentləri arasında məktub mübadiləsi olub

Hazırda oxunan: Azərbaycan və İsrail Prezidentləri arasında məktub mübadiləsi olub

68699

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Zati-aliləri, 

İcazə verin, İsrail Dövləti və xalqı adından bu əlamətdar gün - ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizi təbrik edim. 

Bu ildönümü İsrail Dövləti və Azərbaycan Respublikası arasında yaxşı ikitərəfli münasibətlərdən, o cümlədən siyasi, iqtisadi, mədəni və bir çox müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq əlaqələrindən məmnunluğumuzu bildirmək üçün gözəl fürsətdir.

Münasibətlərimizin yenilənməsi ilə əlamətdar olan bu hadisə mənim üçün xüsusilə əzizdir, belə ki, İsrailin mərhum VI Prezidenti, mənim atam Haim Hersoq həmin vaxtı dövlət başçısı idi. 

İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq. Bunun ticarət və turizm nümayəndəliyinin açılışından sonra baş tutması isə təbii bir addım olacaq və bu, ölkələrimiz arasında sıx, strateji əlaqələrin olmasının təsdiqidir. 

Mən Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak etməyimiz üçün qarşıdakı ildə Zati-alinizi bir daha ölkəmizə səfərə dəvət etmək istərdim. Həmçinin Sizi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etməkdən böyük məmnunluq hissi duyuram. Qoy bu münasibətlərimiz gələcəkdə daha da genişlənsin və dərinləşsin". 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz növbəsində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa məktub göndərib. 

Məktubda deyilir: 

"Hörmətli cənab Prezident, 


Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi və dost xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırıram. 

Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən 30 ildə siyasi, iqtisadi, hərbi-texniki, səhiyyə, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf etmiş, dostluq əlaqələrimiz daha da möhkəmlənmişdir. 

Azərbaycanda əsrlərdən bəri mehribanlıq, əmin-amanlıq və harmoniya şəraitində yaşayan yəhudi icması, həm İsraildə, həm də dünyanın digər ölkələrində məskunlaşmış yəhudi əsilli həmvətənlərimiz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə öz töhfələrini verməkdədilər. 

Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır.

İnanıram ki, bir-birinə böyük rəğbət bəsləyən xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ənənəvi dostluq əlaqələrimizin, səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik. 
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İsrail xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin