Brüssel görüşü öncəsi Ermənistan siyasi arenasında xaos müşahid olunmaqdadır. Bütün vacib hadisələrdən öncə görməyə alışdığımız oxşar mənzərə, bu dəfə əvvəlkilərdən daha sürrealist olub.
Belə ki, İrəvanın “Fransa” meydanında təşkil olunan mitinqdə Ermənistanın eks-prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi müxalifət qanadı aşağıdakı tələbləri irəli sürüb:
1. Ermənistan Qarabağın təhlükəsizliyinin və öz müqqədaratının təyin etməsinin qarantı olmalıdır;
2. Qarabağa Azərbaycanın tərkibində hər hansı status verilməməlidir;
3. Qarabağ anklav olmamalıdır. Etibarlı quru sərhədinin olması vacibdir;
4. Qarabağdakı ermənilərinin müqqədaratı təyin edilməli, bu mövzuda onların hüquqlarını daraldacaq heç bir sənəd imzalanmamalıdır;
5. Dəhliz verilməməlidir;
6. Sərhədlərin demarkasiyası və delimitasiyası hələlik reallaşmamalıdır;
7. Türkiyə ilə danışıqlarda "soyqırımı" sual altına qoyacaq heç bir sənədə imza atılmamalıdır;
8. 1994 - cü ildə ATƏT sammiti çərçivəsində qəbul edilən danışıqlar formatı bərpa edilməlidir.
Müddəalardan da göründüyü kimi, “Qarabağ klanı” Qarabağla bağlı xülyalarını tələbələri daxilində daha qabarıq təsvir etməyə çalışıb. Bəllidir ki, ilk 4 tələbin hər hansı formada reallaşması mümkün deyil.
MÖVZU İLƏ BAĞLI:
Bu gün İlham Əliyevlə Nikol Paşinyan arasında görüş baş tutacaq - Brüsseldə
Beş və altıncı müddəalar isə, birbaşa olaraq sülh prosesinin əsas şərtləri sırasındadır. Belə ki, dəhliz məsələsi açıq şəkildə üçtərəfli bəyanatlarda öz yerini tapıb və onun beynəlxalq önəmi səbəbindən Ermənistanın bu və ya digər formada bu məsələdə söz sahibliyi belə qalmayıb.
Delimitasiya məsələsində isə rəsmi İrəvan prosesi uzatmağa cəhd etsə də bunun qaçılmaz olduğunu dərk edir.
Türkiyə ilə danışıqlarda qondarma soyqırım faktorunu irəli sürməyə isə nə tarixi, nə hüquqi, nə də diplomatik əsas yoxdur. Çünki rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması üçün yaradılan xüsusi nümayəndəlik institutları heç bir şərt olmadan dialoqa başlamağa razılaşıblar və artıq tərəflər arasında müsbət məcrada keçən 2 görüş baş tutub.
Bu səbəbdən, Ermənistanın hər hansı formada yeni şərtlər irəli sürməsi İrəvanın öz maraqları kontekstindən ağlabatan deyil.
Ümumilikdə isə müxalifətin bütün məqsədinin sonuncu bənddə gizləndiyini əminliklə söyləyə bilərik. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədr kimi dialoqa daxil olmasının danışıqlar prosesini dalana dirəyəcəyi gerçəyinə 30 il ərzində bütün dünya şahid olub. Prosesi uzatmaq isə Sarkisyanın adətkar olduğu durumdur.
Lakin Sarkisyanın bu tələblə çıxış etməsinin tək səbəbi siyasi xal qazanmaq deyil, eyni zamanda Rusiyanın vasitəçi olduğu danışıqlar masasına Qərbi də daxil etməkdir.
Paşinyan “Fransa” meydanında baş verənlərdən danışıqlarda təzyiq kimi istifadə edəcəyi sözsüzdür. Amma nəticə olaraq bu erməni ictimaiyyətinin “qaz ifrazı”ndan uzağa getməyəcək. Çünki hadisələrin məcrası 2020-ci ilin 10 noyabr razılaşması ilə bir dəfə və bir dəfəlik dəyişib.
Nikolun sığınacağı “qoltuq” ekoloji baxımdan heç Ermənistan üçün də əlverişli deyil. Hazırda sülh müqaviləsinə alternativ ancaq Azərbaycanın “Dəmir yumruğu”dur. Onunsa dadını, çəkənlər yaxşı bilir.
Murad Əhmədov, Bizim.Media