Bizim.Media "Armenia Today"ə istinadən məlumat verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan bu gün Moskvaya yola düşüb.
Bu məlumat Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti tərəfindən də təsdiqlənib.
Mətbuatda yayılan məlumatlara görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan dekabrın 27-də Moskvaya dəvət edilib. Xatırladaq ki, bu Abazyanın son illərdə Moskvaya üçüncü səfəridir.
Baş qərargah rəisi və Milli Təhülkəsizlik Xidmətinin direktorunun Moskvaya dəvət olunma səbəbləri haqqında isə hər hansı məlumat verilməyib.
Xatırladaq ki, Baş Qərargah rəisi Onik Qasparyan Ermənistan ordusunda aparıcı şəxslərdən biri hesab olunur.
10 noyabr sülh sazişindən sonra ordunun ölkədaxili ixtişaşlara qarışmayacağını və sülh müqaviləsinin şərtlərinə əməl etməyi gərəkli hesab edən Onik Qasparyan Ermənistanda vəziyyətə real baxmağı bacaran nadir şəxslərdən biri hesab edilirdi.
Armen Abazyan isə bir neçə aydır ki, müharibə dövründə ardıcıl sürətdə rəhbərlərin dəyişdirilməsi ilə gündəmə gələn Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyindədir.
Abazyan eyni zamanda Paşinyan ilə də yaxın əlaqələrə malikdir və Paşinyan hakimiyyətinin 2018-ci ildən etibarən yüksəltdiyi önəmli kadrlarından biri hesab olunur.
Digər tərəfdən Armen Abazyan Rusiya rəhbərliyinin mesajlarını Paşinyana çatdırmaq üçün istifadə etdiyi güvənilən yollardan hesab olunur. Abazyanın ilk iki Moskva səfərinin xarakteri də əsas bu istiqamətdə idi və Paşinyana gərəkli mesajların verilməsini ehtiva edirdi. Çox güman ki, rəsmi Moskva bu dəfə də Paşinyanın “elçisi” kimi xüsusi mesajlarını Abazyan vasitəsilə Ermənistan hakimiyyətinə çatdıracaq.
Hər iki şəxsin Moskvaya dəvət olunması məsələnin ciddiliyini göstərdiyi kimi ordu və milli təhlükəsizliklə birbaşa bağlı olduğunu da deməyə əsas verir. Əsas müzakirə mövzusu Ermənistan daxili vəziyyətlə bağlı olması ehtimalı böyükdür. Çünki Dağlıq Qarabağla bağlı hər hansı tapşırığı Rusiya bölgədəki sülhməramlı kontingenti vasitəsilə də tənzimləyə bilərdi.
Armen Abazyanın əvvəlki səfərlərində Qərb meylli qüvvələrin və xaricdən cəlb olunan terrorçuların fəaliyyəti məsələləri müzakirə edilmiş, məsələnin həlli üçün 1 aydan az vaxt verilmişdi.
Görünən odur ki, Rusiya Ermənistandakı son gedişatdan narahatdır. Problem öz həllini tapmayıb, ordu içərisində də xarici diasporanın fəaliyyəti daha da güclənib.
Üstəlik Şimali Qafqazdakı terror fəaliyyətləri də yenidən güclənməyə başlayıb. Xüsusilə son hadisələrin fonunda Moskvanın güc strukturlarının rəhbərinə bu cür bir dəvət göndərməsi Ermənistanda qaranlıq bəzi işlərin baş verdiyini göstərir. Əgər bir ay əvvəl məsələ milli təhlükəsizliklə bağlı idisə, artıq Ermənistan ordusu da işin içərisindədir.
Rəvan Əliyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:00 / 29.12.2020
Rusiya nədən narahatdır? – Qasparyan və Abazyan Moskvada
Hazırda oxunan: Rusiya nədən narahatdır? – Qasparyan və Abazyan Moskvada
Hazırda oxunan: Rusiya nədən narahatdır? – Qasparyan və Abazyan Moskvada
6796
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.