ABŞ-ın sabiq səfiri Azərbaycanın Rusiya və İran arasında geostrateji mövqeyindən danışdı

Hazırda oxunan: ABŞ-ın sabiq səfiri Azərbaycanın Rusiya və İran arasında geostrateji mövqeyindən danışdı

66139

ABŞ və Azərbaycan iqlim dəyişikliyi problemlərinin həlli üzrə səylər çərçivəsində dünya enerji tarixində yeni səhifə yazmalıdır.

Bizim.Media xəbər verir ki, bunu Trend-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta deyib.

“Azərbaycanda mühüm günəş və külək enerjisi potensialı mövcuddur və Xəzərdə hidrogen hasilatı, onun ekoloji təmiz yeni enerji qismində boru kəmərləri ilə ixracı da maraq kəsb edir. Neft və qaz tələb olunan enerji ehtiyatları kimi qalacaq, amma biz gələcəyin necə olacağı barədə düşünməli və bu enerji keçidini reallaşdırmalıyıq”, - deyə o bildirib.

Sekutanın sözlərinə görə, ABŞ və Azərbaycan Xəzər dənizindən neft və qazın zəruri həcmlərinin Avropa və digər ölkələrə tədarükünün təmin olunmasında sıx əməkdaşlıq edir və bununla da Avropa və qlobal enerji təhlükəsizliyini artırır.

“Enerji sahəsində əməkdaşlıq münasibətlərimizin əsas aspektklərindən biridir. Mövcud qlobal enerji reallıqları fonunda Bakı-Tbilisi-Ceyhan boru kəmərinin və “Cənub Qaz Dəhlizi”nin dəyəri aşkardır. Mən bilirəm ki, bir sıra ölkələr enerji ehtiyatlarının tədarükünün artırılması xahişi ilə Azərbaycana müraciət edir. Heç də bütün müraciətlər təmin oluna bilməz, amma ümid edirəm ki, Xəzər regionundan Qafqaz vasitəsilə dünya bazarlarına təhlükəsiz karbohidrogen axınının artırılması barədə məsələ nəzərdən keçiriləcək”, - R.Sekuta deyib.

R.Sekuta qeyd edib ki, son otuz il ərzində ABŞ və Azərbaycan terrorçuluqla birgə mübarizə aparıb, regional və qlobal sabitliyə xidmət edib.

“Azərbaycan hərbçiləri müxtəlif əməliyyatlarda, o cümlədən ötən ilin avqustunda NATO tərəfdaşları ilə birgə Kabil hava limanında sabitliyin dəstəklənməsi və minlərlə insanın təxliyəsində vacib rol oynayıb. Azərbaycanın terrorçuluqla mübarizəyə töhfəsi vacib və əhəmiyyətlidir. Dünya Azərbaycan qüvvələrinin Kabildə çətin keçən həmin günlərdə ABŞ, Türkiyə, Böyük Britaniya və digər ölkələrlə səmərəli əməkdaşlıq bacarığını gördü”, - o bildirib.

Sabiq səfir vurğulayıb ki, ABŞ Azərbaycanın şimalda Rusiya və cənubda İran arasında Trans-Avrasiya daşımaları, əlaqə və ticarət üçün geostrateji mövqeyinin kritik rolunu qiymətləndirir.
“Son otuz il ərzində ölkələrimiz möhkəm tərəfdaşlıq münasibətləri qurub. ABŞ-la Azərbaycanın Qafqazda, Yaxın Şərqdə, Avropada vəziyyətin dəyişməsi, sülh, təhlükəsizlik və rifahın təmin olunmasına dair nə edə biləcəkləri barədə düşünmək vacibdir”, - R.Sekuta deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin