“Bu birinci hadisə deyil, bundan da əvvəl ermənilər Hadrut istiqamətində təxribata yol vermişdilər. Ermənilər Hadruta nəzarətin Azərbaycana keçməsini daha ağrılı-acılı qəbul edirlər”.
Bu fikirləri Bizim.Media-ya müsahibəsində bildirən hərbi ekspert Ədalət Verdiyev Azərbaycan ərazisi olmasına baxmayaraq, Hadrutla Xankəndinin ermənilər üçün simvolik məna kəsb etdiyini açıqladı.
“Onlar bu ərazilərə çox qısqanclıqla yanaşırlar. Düşünürəm ki, Ermənistan tərəfi bu təxribatları istəmir, bu məsələnin altında yatan başqa şeylər var. Böyük ehtimalla bu təxribatlar Qarabağdakı separatçı rejimin reallaşdırdığı hücumlardır. Təxribatların təhlükəli olan başqa cəhəti də ondan ibarətdir ki, Rusiya öz qüvvələrinin təhlükəsizliyi təmin etmək üçün yetərli sayda olmamasını önə çəkib, regiona əlavə qüvvələr gətirilməsi məsələsini qaldıra bilər”.
Bunun yolverilməz olduğunu deyən hərbi ekspert rus sülhməramlılarının missiyalarına səhlənkar yanaşdıqlarını vurğuladı.
“Baş verən hadisələrin də birbaşa məsuliyyəti Rusiya sülhməramlılarının üzərinə düşür. Onların fəaliyyətinə bəlli bir korrektələr edilməlidir. Düşünürəm ki, bu korrektələrin olunması üçün yaxın günlərdə Türkiyənin Azərbaycana gələcək monitorinq qrupunun üzvlərinin fəaliyyəti müsbət təsir göstərəcək. Digər tərəfdən isə bu cür təxribatların baş verməsi mümkündür. Çünki elə ermənilər var ki, kimsəsizdir və müharibədə yaxınlarıni itirib. Bununla da onların itirəcəyi nəsə qalmadığına görə bəzi yaşlı nəslin nümayəndələri ölümü gözə alaraq daha çox ziyan vurmaqla ölmək fikrindədirlər. Bütün bunlara rəğmən belə təxribatları dəstəkləyən qüvvəni tapmaq lazımdır.
Daha əvvəlki əməliyyatda da cinayət işi açılan ermənilər var, dünənki əməliyyatda da 6-sı məhv edilib, 6 nəfər əsir götürülüb. Cinayət işi açılan ermənilər Azərbaycana təhvil verilməyənə qədər bir nəfər də olsun erməni əsiri qaytarılmamalıdır”.
Ekspertin sözlərinə görə, onlar Azərbaycanda məhkəmə önünə çıxmayana qədər bu provokasiyalar davam edəcək.
Xatırladaq ki, Xocavəndin Tuğ kəndində erməni silahlılarının təxribat törətdiyi barədə sosial şəbəkələrdə məlumat yayılmışdı. Ermənilərin təxribatı nəticəsində Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü, çavuş Elmir Rayil oğlu Qəmbərovun şəhid olduğu, daha bir əsgərimizin isə yaralandığı iddia edilir.
Buna cavab olaraq Ordumuzun xüsusi təyinatlıları dərhal anti-terror əməliyyatına başlayıb və Tuğ kəndində məktəbdə gizlənən 6 erməni silahlısı məhv edilib.
Əməliyyatın hazırda da davam etdiyi barədə sosial şəbəkələrdə iddialar var. Sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı rəsmi açıqlama hələlik yoxdur.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:11 / 28.12.2020
Hərbi ekspert: Təxribatın məsuliyyəti rus sülhməramlılarının üzərinə düşür
Hazırda oxunan: Hərbi ekspert: Təxribatın məsuliyyəti rus sülhməramlılarının üzərinə düşür
Hazırda oxunan: Hərbi ekspert: Təxribatın məsuliyyəti rus sülhməramlılarının üzərinə düşür
6590
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.