Azərbaycan-BMT münasibətlərinə dair prioritetlər açıqlandı

Hazırda oxunan: Azərbaycan-BMT münasibətlərinə dair prioritetlər açıqlandı

65469

“Əgər müstəqilliyin ilk illərində Azərbaycan BMT-dən daha çox yardımın, təhlükəsizliyin istehlakçısı qismində çıxış edirdisə, artıq müstəqilliyinin 30 illiyinin BMT-Azərbaycan tərəfdaşlığı dövründə Azərbaycan BMT sisteminə töhfə verən, BMT-nin məqsədlərini dəstəkləyən ölkədir”. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. 

Hikmət Hacıyev qeyd edib ki, BMT-Azərbaycan əməkdaşlığında xüsusən 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi qeyd olunmalıdır:

“Həmin dövrdə Prezident İlham Əliyev tərəfindən Azərbaycanın prioritetləri qeyd olunmuşdu. Bildirilmişdi ki, biz beynəlxalq hüququn norma və prinsiplərini qoruyacağıq. BMT-Azərbaycan münasibətlərində sülh və təhlükəsizlik gündəliyi ilə bərabər Azərbaycan davamlı inkişaf gündəliyində də yaxından iştirak edir. Azərbaycanın bu gün milli prioritetləri müəyyən olunub.

Bunlar qarşıdan gələn 2030-cu ilə qədər Azərbaycanın inkişafını nəzərdə tutan prioritetlərdir. Milli prioritetlərimizlə BMT-nin Davamlı İnkişaf Məqsədləri arasında çox ahəngdar bir uyğunluq var. Buna uyğun olaraq da ölkəmizin inkişafı həyata keçirilir. Həmçinin postmünaqişə dövrü ilə əlaqədar BMT-nin aidiyyəti institutları ilə yaxından əməkdaşlıq edilir.

Postmünaqişə yenidənqurma və quruculuq işlərində BMT institutları tərəfindən də ölkəmizə müxtəlif ekspert xarakteri daşıyan yardımların və bilgilərin verilməsi çox vacibdir.

Ona görə Şuşada keçiriləcək bugünkü konfransımızda 30 illik əməkdaşlığımızı nəzərdən keçirəcəyik ki, nələrə nail olmuşuq, hansı istiqamətlərdə hansı çətinliklərimiz olub.
Eyni zamanda, müzakirə aparacağıq ki, Davamlı İnkişaf Məqsədləri hansı formada həyata keçiriləcək. BMT institutları da Azərbaycanda həyata keçirdikləri layihələrdə öz prioritetlərini Azərbaycan Respublikasının müəyyən etdiyi inkişaf prioritetlərinə uyğunlaşdırmalıdırlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin