Xəbər verdiyimiz kimi, martın 11-də Azərbaycanla İran arasında yeni kommunikasiya xətlərinin inşası ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Regional, strateji və siyasi aspektlərdən tarixi uğur kimi qəbul olunan razılaşma ilə bağlı bəzi spekulyasiyaların olduğu isə sirr deyil.
Anlaşma Memorandumu ətrafında ortaya atılan iki əsas əks iddia isə bunlardır:
- İran vasitəsilə Naxçıvana yol onsuzda var idi, buna görə də memorandum heç nəyi dəyişmədi;
- Zəngəzur dəhlizi açılmadı və Ermənistan istəklərinə nail oldu.
Hər iki ideyanın reallıqdan xeyli uzaq olduğunu uzun-uzadı anlatmağa gərək yoxdur. Memorandum heç nəyi dəyişmədi(mi)?
MÖVZU İLƏ BAĞLI:
Ermənistan üçün yolun sonu – İranla Anlaşma Memorandumunun qazandırdığı DİVİDENDLƏR
Qeyd olunduğu kimi, İran vasitəsilə Naxçıvan MR-ə yol əvvəl də var idi. Bu doğrudur. Lakin yeni layihə ilə köhnə yolu müqayisə etmək heç bir məntiqə sığmır. Çünki əvvəllər Azərbaycanın cənub bölgələrindən İran vasitəsilə Naxçıvana getmək üçün yüz kilometrlərlə məsafə qət etmək lazım gəlirdi. Yeni kommunikasiyaların yaradılmasından sonra isə Şərqi Zəngəzuru Naxçıvan MR-ə birləşdirən yolun ümumi uzunluğu 50 kilometr civarında olacaq.
Bundan əlavə, əvvəllər yalnız avtomobillərin gediş-gəlişi üçün lazımi infrastruktur var idisə, indi həm dəmir yolları, həm də enerji xətləri üçün kommunikasiyanın təmin olunması istiqamətində işlərin realizasiyası mümkün olacaq. Sirr deyil ki, ölkələrarası və beynəlxalq daşınmalarda dəmir yolu nəqliyyatının rolu danılmazdır. Eyni zamanda elektrik enerjisi ixracatçısı olan Azərbaycan üçün, Türkiyə və Avropa bazarlarına çıxış imkanı əldə etmək baxımından yeni marşrut mühüm imkanlar yaradacaq.
Digər nüans isə, Rusiya-Ukrayna müharibəsi fonunda alternativ logistik marşrutlara tələbin artması ilə bağlıdır. Və coğrafi cəhətdən əlverişli mövqeyi baxımından İran ərazisindən salınacaq yeni xətlər Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.
Ermənistanın “qələbəsi”
İddialara görə, yeni kommunikasiyaların açılması Zəngəzur dəhlizinin yaradılmasına ehtiyac buraxmayıb. Doğrudur, İran ərazisindən keçəcək avtomobil yolunun qısa müddətdə hazırlanması Qərbi Zəngəzurdan keçəcək kommunkasiyaları ikinci plana atıb.
Buna rəğmən, Zəngəzur dəhlizi Azərbaycanın xarici siyasət prioritetlərindən biri olaraq qalmaqdadır. Təsadüfi deyil ki, Azərbaycan XİN tərəfindən Ermənistana ünvanlanmış 5 şərtdən biri regional kommunikasiyaların açılmasıyla bağlı idi.
Zəngəzur dəhlizinin qıfılda qalmasını rəsmi İrəvanın qələbəsi kimi təqdim etməyin hansı ağılın məhsulu olduğu isə, həqiqətən də, qeyri-müəyyəndir. Bəli, Ermənistan regional kommunikasiyaların bərpasını ləngindirdi, amma bunun səbəbi sözügedən məsələnin İrəvanın maraqlarına uyğun olmasından qaynaqlanmırdı. Əsas məqsəd prosesi maksimum uzatmaqla dəhlizin Ermənistan üçün daha əlverişli şərtlərlə açılmasına nail olmaq idi. Memorandum bu xülyaların üzərindən birdəfəlik xətt çəkdi. İndi iplər Azərbaycanın əlindədir.
Bununla yanaşı Ermənistan rəsmiləri də Qərbi Zəngəzurdan keçəcək logistik xətlərin ölkələri üçün mühüm fayda gətirəcəyini etiraf edirdilər.
Elə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan açıqlamalarından birində kommunikasiyaların bərpasının ölkə iqtisadiyyatı üçün 30%-lik inkişaf potensialı olduğunu açıq şəkildə bəyan etmişdi.
Əsas əks arqumentlərin bəsit yalan olduğunun isbatı “qələbəsi” elan olunan Ermənistanın tarixi məğlub olduğunu bir daha təsdiqləyir.
İndiki situasiyada və yaxın perspektiv üçün bəlli olan odur ki, rəsmi İrəvan regional kommunikasiyaların bərpası ilə bağlı qalib tərəfin – Azərbaycanın diqtə etdiyi şərtləri gec-tez yerinə yetirməyə məcbur qalacaq. Əks təqdir isə yoxdur. Çünki müasir dünyada beynəlxalq logistik xətlərdən uzaq düşən, təbii sərvətlərdən yoxsun ölkənin mövcudiyyətini qorumaq kimi bir imkanı yoxdur.
Murad Əhmədov, Bizim.Media