Rusiyanın “Sputnik Azərbaycan” TƏXRİBATI - Kimlər etiraz etdi?

Hazırda oxunan: Rusiyanın “Sputnik Azərbaycan” TƏXRİBATI - Kimlər etiraz etdi?

65178

Xəbər verdiyimiz kimi Rusiyanın “Sputnik” İnformasiya Agentliyinin Azərbaycandakı nümayəndəliyinə Rusiya əsilli Vitali Denisov rəhbərlik edəcək. Vitali Denisov bundan əvvəl separatçı Cənubi Osetiya respublikasında “Sputnik”in yerli bürosuna başçılıq edib.

Araşdırmamıza görə Denisov çalışdığı müddətdə Osetiyada separatçı informasiyalar yaymaqla məşğul olub.

Həmçinin onun erməni əsilli “Sputnik”in rəhbəri olan Marqarita Simonyanın yaxın kadrlarından biri olduğu ortaya çıxıb. 

Dünya ölkələri, o cümlədən Azərbaycan tərəfindən tanınmayan qondarma respublikadakı media orqanına rəhbərlik edən şəxsin birdən-birə, özü də belə həssas məqamda ölkəmizə təyinat alması təxribat və qərəzli addım kimi qiymətləndirilib. Bu baxımdan Azərbaycan kimi separatçılıqdan əziyyət çəkmiş bir ölkəyə sözügedən şəxsin təyinat alması həm də müəyyən suallar yaradır. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan Azərbaycana qarşı təxribatçı ADDIM  


Azərbaycan Jurnalistlər Birliyinin sədri “Ayna-Zerkalo” qəzetlərinin təsisçisi Elçin Şıxlı məsələyə münasibət bildirib ki, bu, “Sputnik” rəhbərliyinin öz seçimidir. Amma münasibətim mənfidir:


“Ümumiyyətlə “Sputnik”in Azərbaycandakı mövcudluğu mənim üçün məqbul deyil və bunun başında duran da erməni Marqarita Simonyandır. Məndən olsaydı, hansısa yol tapıb “Sputnik”in buradakı fəaliyyətini durdurardım. Bunu aidiyyəti instansiyalar həll edə bilər. O ki qaldı Denisovun bura təyinatına, bəli, o separatçıdır və çox güman ki, Rusiya Xüsusi Xidmət orqanlarında çalışan bir adamdır. O adamın biaqrafiyasında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin adamı olduğu da bildirilir. İndi də götürüb informasiya cəbhəsinə atıblar. Azərbaycana gəlməsi mənfi haldır”.

“Ağ” Partiya başqanı Tural Abbaslının fikrincə, Rusiya Azərbaycanda ictimai fikri uduzmaq istəmir. Bu baxımdan qonşu ölkə media arsenalındakı ən güvəndiyi və etibar etdiyi mütəxəssislərini meydana sürüyür.


Ona görə də partiya sədri hesab edir ki, dövlətin informasiya təhlükəsizliyi bağlı ciddi addımlar atılmalıdır: 

“İctimai fikrə təsir edəcək kənar qüvvələr, informasiya basqısı minimuma endirilməlidir. Sözügedən addımı Azərbaycan maraqları baxımından doğru hesab etmirəm. Hər halda Azərbaycanın aidiyyəti qurumları fikir mübadiləsi aparmalı,  yaxud qanunvericilikdə müəyyən düzəlişlər etməlidir. Çünki sabah da Azərbaycanın Qarabağ məsələsində fikirlərini bölüşməyən bir şəxsi “Sputnik”in yerli şöbəsinə rəhbər qoyarlar və burada da o siyasəti aparar”.


“Turan” agentliyinin direktoru Mehman Əliyev isə qeyd edib ki, hansısa bir şəxsin dəyişməsi və ya harada olması o qədər vacib deyil:

“Vacib olan odur ki, bütövlükdə bu struktur təşviqat xarakteri daşıyır və Rusiyanın siyasətini təbliğ edən bir qurumdur. Onun burada fəaliyyəti təbliğatla və ictimaiyyətin fikrini müəyyən bir istiqamətə yönəltməklə məşğuldur. Onun statustu, fəaliyyəti, məram və məqsədi açıq şəkildə hər şeyi göstərir. Onun fəaliyyəti bu formada əgər hakimiyyəti qane edirsə, can sağlığı qoy işləsinlər. Eləmirsə, qoymasınlar. Məsələn, “Turan” agentliyini Rusiya və ya Ukrayna əsilli də idarə edə bilər. Amma söhbət ondan gedir ki, o, nə yayır, nə deyir, mövqeyi nədir, hansı fəaliyyətlə məşuldur? Hər bir medianın fəaliyyətini qiymətləndirmək laımdır. Onun başında kim dayanır, o ikinci dərəcəli məsələdir”.

Qeyd edək ki, məsələ ilə bağlı Media İnkişafı Agentliyinə də rəsmi sorğu göndərdik. Azərbaycanda media qurumlarına nəzarət funksiyasını həyata keçirən Agentliyin mövqeyi maraqlıdır. Qurum hələlik sorğumuzu cavablandırmayıb.


Xatırladaq ki, “Sputnik”in yerli bürosuna son illərdə Əziz Əliyev rəhbərlik edib. O, isə vəzifəsindən azad olunub.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin