“İrandan keçən yol Zəngəzur dəhlizini ikinci plana keçirəcək” – Sahib Alıyev

Hazırda oxunan: “İrandan keçən yol Zəngəzur dəhlizini ikinci plana keçirəcək” – Sahib Alıyev

64418

“Azərbaycanla İran arasında, ikincinin ərazisindən keçməklə Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu əksər ekspert və siyasətçilərin bildirdikləri kimi  bəli, doğrudan da, tarixi hadisədir. Ancaq belə bir addımın atılacağı gözlənilirdi”.  

Bu fikirləri millət vəkili Sahib Alıyev Bizim.Media-ya açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda İranla tarixi MEMORANDUM - Şərqi Zəngəzurdan Naxçıvana yol açılır - FOTO


Deputat fikirlərinin davamında yeni bağlantının nə üçün gözlənilən olduğunu da izah edib:

“Yəni Zəngəzur dəhlizi  işə düşdüyü halda belə Azərbaycan Zəngilanı Ordubadla birləşdriən alternativ kommunikasiyaya ehtiyac duyacaqdı.  Çünki bizə təzyiq məqsədilə günlərin birində həmən dəhlizdə problemlər yaradılacaqdı.  Alternativin mövcudluğu şəraitində isə bu, asan olmaycaq. Ən əsası belədə  Laçın yolunda kimin hərəkət edəcəyini, necə hərəkət edəcəyini də ancaq və ancaq Azərbaycan müəyyənləşdirəcək”.

Millət vəkilinin sözlərinə görə, Memorandum Naxçıvanı nəqliyyat habına da çevirə bilər: 

Bir sözlə, bizim İrandan keçməklə Şərqi Zəngəzurla Naxçıvan arasında  kommunikasiya bağlantıları yaratmaq kimi bir strategiyamız vardı. İndiki halda isə atılan bu addım artıq geostrateji xarakter daşıyır. Çünki  Ukraynadakı savaşa görə Rusiya sanksiyalarla üzləşib. Bu isə o deməkdir ki, Asiyadan Avropaya daşınacaq yüklərin böyük bir hissəsi hər iki marşrut üzrə bizim regiondan, bizim ölkədən keçə, Naxçıvan isə nəinki blokadadan çıxa, hətta nəqliyyat habına da çevrilə bilər. Dünənki Anlaşma Memorandumu onu göstərir ki, çevriləcək də, çünki artıq bu, İranın da tranzit ölkə potensialını əhəmiyyətli dərəcədə artırır.

Eyni zamanda orası da var ki,  İran artıq Avropa üçün nəzərdə tutulan  yüklərini (Vyana danışıqlarının gedişi göstərir ki, həmən yüklər  çox böyük həcmdə artacaq)  Rusiya sərhədçilərinin kontrolunda olacaq Zəngəzur dəhlizindən yan keçməklə çatdırmaq şansı əldə edir.
 

Yeri gəlmişkən,  önəmli olan bir də odur ki,  İrandan Naxçıvana çəkiləcək yeni dəmir və quru  yollarının ətrafında yaşayanların əksəriyyəti bizim soydaşlarımızdır və bu onların da dolanışığına təsirsiz ötüşməyəcək”. 


Deputat Anlaşma Memorandumunun Zəngəzur dəhlizini ikinci plana keçirdiyini də vurğulayıb:

“Sözügedən Memorandum həm də o deməkdir ki,  Azərbaycan-Türkiyə-İran əlaqələrində qarşılıqlı faydaya dayanan yeni proqnozayatımlı mərhələ başlayır.  Yəni Zəngəzurla Naxçıvan arasında kommunikasiya bağlantısı sadəcə Azərbaycanla İranı deyil, Türkiyə ilə İranı da bir-birinə xeyli yaxınlaşdırır. 

Heç şübhəsiz ki, Azərbaycan və Türkiyə dövlət başçılarının martın 10-da Ankaradakı  4 saatlıq görüşlərində də üzərində dayanılan məsələlərdən biri bu olmuşdu. Cənab İlham Əliyevin Türkiyəyə səfərindən bir gün sonra bu Memorandumun imzalanması da elə bir növ onun təsdiqdir.
 

Ancaq orasını da xatırladım ki, Ankaradakı görüşdə Zəngəzur dəhlizinin tezliklə işə düşməsi haqda danışıldığı da bildirilirdi.


Demək ki, həmən dəhliz bizim üçün heç də aktuallığını itirmir, ikinci plana keçir. İkinci plana keçdiyindən də onun Ermənistanın və Rusiyanın əlində regional təsir aləti kimi əvvəlki önəmi qalmır”.

Sonda isə Sahib Alıyev Ermənistana lazımi xəbərdarlığı da edib: 
 

“Beləliklə, Prezident İlham Əliyev bu geosiyasi qarmaqarışıqlıq dönəmində təkcə proseslərin gedişini  necə dəqiqliklə oxuduğunun deyil, həm də ona öz dövlətinin maraqlarına uyğun şəkildə təsir göstərməyi də bacardığının növbəti bir örnəyini ortaya qoydu.


Qoy Ermənistan da Avropa Parlamentinin, Fransanın dəstəyi ilə qəbul etdiyi və bizim üçün heç bir önəm daşımayan kağız parçasından təsəlli tapsın. Qazları kəsilənlər isə onu yandırıb  bir az da olsa qızına bilərlər. Onlar kimlərinsə təhrikiylə Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam etsələr, qızınmanın digər növlərini də görəcəklər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin