Xəbər verdiyimiz kimi, martın 8-9-da Ermənistan Baş naziri Nikol Paşinyan Fransada rəsmi səfərdə olub. Səfər çərçivəsində Ermənistan lideri Fransa Prezidenti Emmanuel Makronla görüşüb və tərəflər Qarabağ məsələsini müzakirə ediblər.
Martın 10-da isə Paşinyanın Rusiya paytaxtına rəsmi səfərinin planlaşdırıldığı açıqlanıb.
Qarabağda artan gərginlik fonunda Paşinyanın bu ziyarətləri isə diqqət çəkməyə bilməz.
Əvvəla onu qeyd edək ki, regionda davam edən proseslər kontekstində Nikolun ilk olaraq Fransaya səfər etməsi heç də təəccüblə qarşılanmamalıdır. Çünki Makronun Paşinyanın hamisi kimi çıxış etməsi heç kəsə sirr deyil. Bu səbəbdən dolayı, ilk problemlə qarşılaşan kimi Nikolun “xaç atası”nın məsləhətlərinə sığınması təbii qəbul olunmalıdır.
Bununla paralel olaraq regional geosiyasi mövqeyini və Qarabağda sona çatmış münaqişənin vasitəçisi olduğunu nəzərə alsaq, Rusiya ilə hesablaşmamaq da Paşinyan üçün mümkünsüz idi. Ona görə də, Fransa ziyarətindən dərhal sonra Nikolun aprelin 9-da Moskvaya səfər edəcəyinin ictimaiyyətə açıqlanması da Ermənistan iqtidarının özbaşınalığına cavab kimi qiymətləndirilə bilər.
Bundan əlavə, Paşinyanın Moskvaya səfər edəcəyi xəbərinin Rusiya mətbuatında yayıldığını nəzərə alsaq, ziyarətin Ermənistan liderinin iradəsi ilə yox, Kremlin çağırışı ilə baş tutacağını da təxmin etmək olar.
Moskvanın Paşinyanı çağırması üçün səbəblər sırasında iki mühüm nüansı ön plana çıxara bilərik:
1. Qərblə qarşı-qarşıya gəldiyi bir vaxtda Qərb tərəfindən təyin olunmuş liderin hakimiyyətdə olduğu Ermənistanı Rusiya diqqətdən kənarda saxlaya bilməz. Xüsusilə də, problemlər artan kimi Paşinyanın ilk olaraq Fransaya qaçması, böyük ehtimalla Moskvanı daha da qıcıqlandırıb.
2. Qarabağda artan gərginlik Moskvanı ciddi addımlar atmağa vadar edib.
Məlumdur ki, son həftə ərzində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgələrdə fəaliyyət göstərən erməni separatçıları mütəmadi olaraq mövqelərimizi atəşə tutmağa başlayıblar. Azərbaycan tərəfinin artıqlaması ilə verdiyi cavablar və antiterror əməliyyatlarının başlanacağı anonsu, təbii ki, Rusiyanı narahat etməyə bilməz.
İlk növbədə, artan gərginlik Rusiyanın sülhməramlı missiyasının onsuzda az olan nüfuzunu daha da azaldır.
İkincisi, Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik haqqında bəyannamə iki ölkə arasındakı münasibətləri ən yüksək səviyyəyə daşıyıb. Həmin bəyannamədə öz əksini tapan terrora qarşı birgə mübarizə ilə bağlı detalı da unutmamalıyıq. Buna görə də qol qoyduğu sənədi yerinə yetirmək öhdəliyi olan Rusiya hərbi kontingentinin nəzarətində olan ərazilərdə terror fəaliyyətlərinin artmasına imkan verə bilməz. Bu səbəbdən də Paşinyanı çağıraraq lazımi xəbərdarlıqların edilməsi ən mümkün variantlar sırasındadır.
Üçüncüsü, martın 10-da Azərbaycan və Türkiyə liderləri arasında baş tutan görüş çərçivəsində Rəcəb Tayyib Ərdoğan tərəfindən üçtərəfli bəyanatların icrasına çağırış edilib. Bu isə, Türkiyənin regionda gərginliyin artmasından narahat olduğunun göstəricisidir. Eyni zamanda əksər ekspertlər bu fikirləri rəsmi Ankaranın regionda təsirini artırmaq istiqamətində ismarışı kimi də qiymətləndirib. Bu isə Moskva üçün o qədər də arzuolunan ssenari deyil.
Dördüncüsü, Paşinyana lazımi xəbərdarlığın edilməsi separatçı erməniləri də öz yerinə oturdacaq və 10 noyabr bəyanatında öz əksini tapan qanunsuz silahlı birləşmələrin tərksilahı məsələsinin həllində mühüm addım olacaq. Bu həm də Qərblə artan gərginlik fonunda müharibə şəraitində olan Rusiyaya əlavə problemlərdən qurtulmağa şərait yaradacaq.
Sözügedən nüansları nəzərə alaraq proqnozlaşdıra bilərik ki, Paşinyanın Moskva ziyarətindən sonra Qarabağda mühüm yeniliklərin baş verməsi mümkündür.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:21 / 11.03.2022
Paşinyanın Moskvaya çağrılma SƏBƏBLƏRİ – Qarabağdakı terrorçular tərksilah ediləcəkmi?
Hazırda oxunan: Paşinyanın Moskvaya çağrılma SƏBƏBLƏRİ – Qarabağdakı terrorçular tərksilah ediləcəkmi?
Hazırda oxunan: Paşinyanın Moskvaya çağrılma SƏBƏBLƏRİ – Qarabağdakı terrorçular tərksilah ediləcəkmi?
64240
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.