Azərbaycanın Britaniya ilə diplomatik münasibətlərinin 30 illiyi qeyd edildi - FOTO

Hazırda oxunan: Azərbaycanın Britaniya ilə diplomatik münasibətlərinin 30 illiyi qeyd edildi - FOTO

64234

Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin təsis edilməsinin 30 illiyi ilə əlaqədar 10 mart tarixində Britaniya Parlamentinin Lordlar Palatasında tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Londondakı səfirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Parlamentin İcmalar və Lordlar Palatasının üzvləri, Xarici İşlər Nazirliyi, Beynəlxalq Ticarət Nazirliyinin əməkdaşları, Londonda akkreditə olunmuş səfir və diplomatik korpusun üzvləri, bir sıra şirkət və tədqiqat mərkəzlərinin nümayəndələri, azərbaycanlı icmasının üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Lordlar Palatasının üzvü, Leyborist Partiyasında Azərbaycanın Dostları qrupunun təsisçisi Lord David Evans iki ölkə arasındakı möhkəm və sağlam tərəfdaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb.

Daha sonra xüsusi olaraq Azərbaycan və Birləşmiş Krallıq arasındakı münasibətlərə həsr etdiyi şeiri səsləndirib.

Tədbirə Birləşmiş Krallıq hökuməti adından bu ölkənin Avropa və Şimali Amerika regionları üzrə dövlət naziri, xarici işlər nazirinin müavini Ceyms Kleverli videomesaj göndərib. Nazir ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini qeyd edib, ölkələrimiz arasında iqtisadi, enerji, beynəlxalq təhlükəsizlik sahələrində uğurlu tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib.

O, Azərbaycan hərbçilərinin britaniyalı hərbçilərlə birgə Kabil Beynəlxalq Hava Limanında evakuasiya prosesindəki peşəkarlığını və qəhrəmanlığını xüsusi minnətdarlıq hissi ilə vurğulayıb, işğaldan sonra Azərbaycan ərazilərinin bərpasına Birləşmiş Krallığın bundan sonra da dəstəyini davam etdirəcəyini bildirib.

Nazir ölkəsi üçün Azərbaycanın vacib ticarət tərəfdaşı olduğunu vurğulayıb, siyasi, beynəlxalq təhlükəsizlik, ətraf mühitin mühafizəsi, yaşıl enerjiyə keçid istiqamətlərində əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu ifadə edib.
Azərbaycanın qlobal iqlim dəyişiklliyi ilə mübarizə və yaşıl enerjiyə keçid sahəsindəki töhfəsini vurğulayan dövlət naziri yaxın tərəfdaş ölkə kimi Azərbaycanla qlobal gündəlikdə dayanan məsələlərin həlli istiqamətində əməkdaşlığı daha da genişləndirmək əzmini ifadə edib. O, ölkələrimiz arasındakı mədəni münasibətlərdən bəhs edərkən Qarabağ atlarının ənənəvi olaraq Vindzor Atçılıq Şousunda iştirakını xüsusi qeyd edib.

Dövlət naziri Kleverli dünyada cərəyan edən proseslərə toxunaraq bu fonda Azərbaycan xalqının da 1990-cı ilin 20 yanvar tarixində belə faciələr yaşadığını xatırladıb.

O, təmsil etdiyi hökumət adından Azərbaycan xalqı və hökuməti tərəfindən Ukraynaya göstərilən humanitar yardıma görə təşəkkür edib və bunu yüksək qiymətləndirib.

Tədbir zamanı, həmçinin səfir Elin Süleymanov, Xarici İşlər Nazirliyinin rəsmisi Castin Makkenzi Smit, Parlamentin Azərbaycan Qrupunun sədri Bob Bləkmən və BP şirkətinin Birləşmiş Krallıq üzrə ölkə direktoru Luiz Kingem çıxış ediblər (APA).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin