2020-ci ilin proqnozları: “Stratfor” və başqaları nəyi görə bilmədilər?

Hazırda oxunan: 2020-ci ilin proqnozları: “Stratfor” və başqaları nəyi görə bilmədilər?

6375

Başa çatmaqda olan 2020-ci il maraqlı, ziddiyyətli, həyəcanlı və sürprizli hadisələrlə zəngin oldu. O da maraqlıdır ki, dünyanın tanınmış analitik mərkəzləri ilin əvvəlində 2020-ci il üçün hansı proqnozları vermişdilər və onlar nə dərəcədə özünü doğrultdu. “Stratfor”un bu sırada özəl yerinin olduğunu ekspertlərin böyük əksəriyyəti qəbul edir. 

“Stratfor” (Strategic Forecasting) Amerikanın özəl kəşfiyyat-analitik şirkətidir. 1996-cı ildə politoloq Corc Fridman tərəfindən qurulub. “Barron’s Magazine” bu təşkilatı “kölgə MKİ” (CİA, rusca – ЦРУ) adlandırmışdı. Toplanan zəngin informasiyalar əsasında şirkətin əməkdaşları iqtisadi və geosiyasi proqnozlar hazırlayırlar. 

Corc Fridman macarıstanlı yəhudidir. Holokstu yaşayıb. “Amerikanın gizli savaşı” kitabının müəllifidir. 

 “Stratfor”un 2020-ci il üçün proqnozlarının əsas məqamları qısaca aşağıdakı kimidir. 

1.    Qlobal tendensiyalar. Bir regiondakı hadisələrin bütün dünya sistemi üçün nəticələri ciddi olacaq.

2.    2020-ci il Amerika üçün mürəkkıb olacaq. ABŞ-dakı seçkinin nəticələri ilə bağlı qeyri-müəyyən situasiya yaranacaq. 

3.    D.Tramp seçkiyə qədər imkan daxilində çox müqavilə başlamağa çalışacaq. Rusiya və Çin D.Tramp administrasiyası ilə müqavilə məsələsinə ehtiyatla yanaşacaqlar.

4.    Dünya iqtisadiyyatı yavaş artacaq.

5.    Ticarət məsələsində ABŞ-Çin qarşıdurması davam edəcək. Çin Amerikaya güzəştə getməyəcək.

6.    ABŞ-İran münasibətlərindəki gərginlik açıq münaqişə müstəvisinə keçməyəcək.

7.    Böyük Britaniya Avropa Birliyindən çıxacaq, ancaq təşkilatın ticarət məkanında qalacaq.

8.    Honkonqda etirazlar bu şəhər üçün “yeni normaya” çevriləcək.

9.    İqlim dəyişikliyinə görə dünyada biznes-risklər artacaq.

10.  Strateji silahlar üzərində nəzarət üzrə müqavilədən imtina davam edəcək.
“Stratfor” 2020-ci ilin oktyabrında isə aşağıdakıları əsas trend kimi proqnozlaşdırmışdı.

1) 2020-ci ilin iqtisadi qalibi Çindir;

2) Çinlə Amerika arasında qarşıdurma güclənəcək;

3) Türkiyə ilə Avropa Birliyi arasında münaqişə Şərqi Aralıq dənizində şiddətlənəcək;

4) Seçkidə Tramp uduzsa, İran kəskinləşməyə getməyəcək, əksinə olsa, Amerika siyasətini kəskin sərtləşdirəcək;

5) “Şimal axını-2” üzrə gərginlik artacaq;

6) Belorusda qeyri-sabitlik davam edəcək.

İlin əvvəlində verilən proqnozla oktyabr ayında aparılan təhlillər əsasən üst-üstə düşür. Lakin iki məqamı “Stratfor” görə bilməyib. Birincisi, pandemiyanı. İkincisi, Cənubi Qafqazda Azərbaycanın fəaliyyətinin bütün dünya sisteminə təsir edəcəyini. 

Xatırladaq ki, hələ 2016-cı ildə “Stratfor”un aparıcı analitiklərindən Yevgeniy Çausovski proqnozlaşdırırdı ki, Qarabağda artıq müharibə olmayacaq (haqqin.az).

Ancaq 2019 və 2020-ci illərdəki proqnozlarda Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı savaş ehtimalından bəhs edilir. Bu zaman, 2019-cu ildən Vaşinqtonun Moskva-İrəvan münasibətlərini pozmaq istiqamətində daha da fəallaşacağını vurğulayırdılar.

Maraqlıdır ki, Rusiya Strateji Tədqiqatlar İnstitutunun analitikləri Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliiyyatlara başlaya biləcəyinə ehtimal vermirdilər.

Məsələn, bu təşkilatın “Milli strategiya problemləri” jurnalının baş redaktoru Əjdər Kurtov sual edirdi ki, “Əgər Azərbaycan geniş miqyaslı hücuma başlamaq qərarına gəlsə, kimə arxalana bilər?” (ruspravda.info). O, əmin idi ki, ABŞ və Avropa birbaşa dəstək verməyəcək və Ermənistanın yanında Rusiya var.

Nəhayət, “Stratfor” da daxil olmaqla verilən proqnozların özünü nə dərəcədə doğrultuğunu oxucu özü müqayisədə aydınlaşdıra bilər. Biz bir reallığı vurğulamaq istərdik. 

Azərbaycan 2020-ci ildə bütün dünyaya sübut etdi ki, reallığı ən hörmətli analitik mərkəzlərin, strateqlərin, ekspertlərin beynində olan fikirlər deyil, praktiki sahədə fəallıq müəyyən edir!

Bu baxımdan Azərbaycan Cənubi Qafqazla bağlı bütün proqnozları alt-üst etdi! Və Bakı özü yeni regional geosiyasi reallıq yaratdı ki, indi bunun əsasında dünyanı proqnozlaşdırmağa çalışırlar! 

Füzuli Qurbanov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin