Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatlara səbəb kimi “Kiyevdəki neonasistlər” variantını ön plana çəkməsi diqqətdən yayınmır. Xüsusilə də, son günlərdə Kreml rəsmilərinin çıxışlarında “Ukraynanın neonasistlərdən təmizlənməsinin” Moskavanın əsas məqsədi olduğu bildirilir.
Mövzu ilə bağlı sualları Bizim.Media üçün cavablandıran politoloq Qabil Hüseynlinin sözlərinə görə, milliyətçi öz xalqını sevən adama deyilir:
“Milliyyətçi öz xalqının yolunda dayanmadan çalışan və xalqını irəli aparmaq istəyənlərə deyilir. Lakin Kremldə biraz da irəli gedib, Ukraynada “neonasistlər”in olduğunu bildirirlər. Bu başdan-ayağa cəfəngiyyatdır. Nasist dedikləri, milliyətçi dedikləri kimə qarşı pislik ediblər? Yaxud da qonşu kimi sizlərə qarşı hansısa pisliyi ediblərmi? Bu, vəhşi, barbar müharibənin məntiqsiz uydurmalarıdır”.
Politoloq neonasist iddialarının Rusiyanın hücum əməliyyatlarına haqq qazandırmaq üçün irəli sürdüyü variant olduğunu da qeyd edib:
“Deməli, sən beynəlxalq hüququn normalarını tapdayacaqsan, adını da qoyacaqsan ki, “milliyyətçi dairələrə qarşı mübarizə aparmaq”.
Bu çox cəfəng fikirdir. Eyni zamanda bu, dünyanı qarşıdurmaya apara biləcək iddiadır. Rusiya hakimiyyətinin Ukrayna ilə uzun müddətdir ki, ixtilafları var idi və bu ixtilaflardan səbəbi yenə də Rusiya idi. Milliyyətçi dediyin adamların, Krım kimi böyük ərazisini işğal etmisən, Donetsk və Luqansk kimi qondarma qurumların müstəqilliyini tanımısan. Bu nöqteyi-nəzərdən, onların bu fikirləri cəfəngiyyatdır”.
Murad Əhmədov, Bizim.Media