Sosial şəbəkələrdə yayılan video ilə bağlı Ombudsman Aparatından AÇIQLAMA: “Fəaliyyətimizə kölgə salır”

Hazırda oxunan: Sosial şəbəkələrdə yayılan video ilə bağlı Ombudsman Aparatından AÇIQLAMA: “Fəaliyyətimizə kölgə salır”

63422

Ombudsman Səbinə Əliyeva Milli Məclisdə “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” 2021-ci il üzrə məruzəsi ilə bağlı çıxışından əvvəl Aparatın kollektivi ilə birgə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Ombudsman Aparatından Bizim.Media-ya verilən məlumata görə, Ombudsman çıxışında Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı vəziyyət, görülmüş işlər, mövcud problemlər, postmüharibə dövründəki fəaliyyət və qarşıda duran vəzifələrlə bağlı məsələlərə diqqət çəkib, ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli təmininə yönəlmiş bir sıra təklif və tövsiyələr verib.

Həmin gün bir sıra sosial şəbəkələrdə yayılmış video barədə bildirmək istərdik ki, qeyd olunan video Ombudsman Aparatı tərəfindən sifariş edilməyib və hazırlanmayıb, Ombudsmanın internet səhifəsi, eləcə də sosial şəbəkə hesabları daxil olmaqla, heç bir informasiya resursunda olmayıb.

Bu kadrlar xidməti müqavilə əsasında foto və video çəkilişi xidməti göstərən şəxs tərəfindən öz təşəbbüsü ilə ayrı-ayrı kadrlardan montaj edilməklə yayımlanıb.

Bu videonun Milli Məclisdə illik məruzə zamanı yayılması fəaliyyətimizə kölgə salmaq, oxucuya yanlış məlumat çatdırmaqla əhalini çaşdırmaq məqsədi daşıyır.

Sosial şəbəkələrdə müzakirə edilənlərlə bağlı da qeyd edirik ki, Ombudsmanın mühafizə xidməti yoxdur, rəsmi tədbirlər zamanı xidməti maşınından istifadə edir və onu əməkdaşları müşayiət edir.

Hazırda araşdırılmalı məqam isə bu videonun belə qərəzli olaraq montaj edilməsi və Milli Məclisdə illik məruzənin təqdim edildiyi gün kimlərinsə sifarişi ilə sosial şəbəkədə paylaşılmasıdır.

Bu videonun süjet olaraq hazırlanması və yayılması nə məqsəd daşıyır?!

Ölkəmizdə insan hüquqları sahəsində inkişafı qəbul etmək istəməyən şəxslər də bunu ictimaiyyətə qərəzli təqdim edir.

Qeyd edək ki, Ombudsman ölkədə əhalinin müxtəlif qruplarının insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində fəaliyyət göstərir və hər kəsin pozulmuş hüquqlarının bərpası ilə bağlı Ombudsmana müraciət etməsi üçün əlçatanlıq təmin olunur.

Təkcə 2021-ci ildə Ombudsmanın ünvanın 31.092 müraciət daxil olub və karantin qaydalarına uyğun olaraq, həmin dövrdə 3650-ə yaxın şəxs fərdi qaydada qəbul olunub.

Eləcə də, postmüharibə dövründə Ombudsman beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan tərəfindən törədilən müharibə cinayətləri və beynəlxalq öhdəliklərin yerinə yetirilməməsinə yönəltmək məqsədilə faktlara əsaslanan ardıcıl hesabat, bəyanat, müraciət və çağırışlar ünvanlamaqla geniş fəaliyyət həyata keçirir ki, Ombudsmanın internet səhifəsi və sosial şəbəkə hesabları üzərindən bu fəaliyyətlə tanış ola və ümumi məqsədlər naminə yayılmasında dəstək verilə və əməkdaşlıq edilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin