Deyəsən Müsavatın qurultayından sonra baş verənlər qurultay keçirməli olan digər siyasi təşkilatlarda müəyyən çaşqınlıq yaradıb. Bir sıra siyasi qurumlar var ki, nizamnamələrinə görə qurultaylarının vaxtı ya çatıb, ya da çoxdan keçib. Hətta qollarını çırmayıb qurultaya hazırlaşan, bu məqsədlə Təşkilat Komitəsi yaradan qurumlar da var ki, onlardan da səs çıxmır. Milli Demokrat (Boz qurd) Partiyası da bu qəbildəndir...
Bu qurum da parçalanaıb və iki qanada ayrılıb. Onlardan birinə keçmiş daxili işlər naziri isgəndər Həmidov, digərinə isə adıçəkilən partiyanın keçmiş sədri Qələndər Muxtarlı başçılıq edir. Di gəl ki, hər ikisi qurultay keçirməklə bağlı ilk dövrdə bəhsə girsələr də indi də biri o birinin tədbir keçirməsini gözləyir sanki...
Moderator.az bir müddət öncə İsgəndər Həmidovdan bu barədə soruşanda keçmiş daxili işlər naziri demişdi ki, gələn ilin fevralında öz qurultaylarını keçirməyi planlaşdırırlar.
Qələndər Muxtarlı isə Moderator.az-a açıqlamasında deyir ki, digər qanadın qurultay keçirməsini gözləyirlər:
"İsgəndər Həmidovun birlik qərarına hörmətlə yanaşırıq. Qurultayı da onlardan sonra keçırəcəyik. Bizim bir istəyimiz var, o da partiyanı qorumaqdır. düşünürəm ki, onu da edə biləcəyik. Vəziyyətin o qədər də ürəkaçan olmadığını etiraf etməliyik. Çox təəssüf ki, çoxsaylı xoşməramlı təşəbbüslərimizə baxmayaraq hamının bir yerdə olması mümkün olmadı. Biz çox məqamlara diqqət verməkdən çətinlik çəkirik. Amma bir çox şeyi zamana buraxdıq. Fərqli yol tutanlarıın yolun Tanrı açıq etsin, qalan məsələləri Allah özü bilər..."

































































































