Rusiyanı İranın aqibəti gözləyir? – Ukraynalıların qanı ilə yazılan Britaniya PLANI 

Hazırda oxunan: Rusiyanı İranın aqibəti gözləyir? – Ukraynalıların qanı ilə yazılan Britaniya PLANI 

63070

Ukrayna böhranı ətrafında gedən proseslər, toqquşan maraqlar və böyük aktorların gözləntiləri hal-hazırda dünya siyasi arenasının əsas müzakirə predmetidir. Belə ki, olayların sadəcə Rusiyanın öz məqsədlərinə nail olmaq üçün Ukraynada hərbi əməliyyatlara start verməsi və Qərbin Ukraynaya dəstəyinin arxasında yatan məqamlar kifayət qədər çoxdur.

Əksər ekspertlərin qənaətinə görə, Kremlin Ukraynaya hücum əmrini verməsi Qərb üçün “cekpot” hesab oluna bilər.

Onu da qeyd edək ki, siyasi terminologiyada Qərb kimi təqdim olunan aktoru da vahid güc kimi qəbul etmək doğru olmazdı. Ukraynada münaqişənin aktiv fazaya keçməsindən əvvəl Avropa İttifaqı və Böyük Britaniya-ABŞ tandeminin maraqlarının heç də üst-üstə düşmədiyinə bütün dünya şahidlik etdi. Lakin Rusiyanın hücum əmri Avropanı Böyük Britaniya-ABŞ  tandeminin tutduğu mövqeyə doğru itməyi bacardı.

Təbiidir ki, Anqlosaksonların niyyətləri Kremldən gələn hücum əmri ilə birlikdə reallaşmağa başladı. İlk növbədə tandem Rusiyanı zəiflətmək və MDB regionunda əsas güc sahibi rolundan çıxarmaq üçün mühüm şans əldə edib. Görünən qədərilə, Moskvaya tətbiq olunan və münaqişə uzandıqca daha da çoxalması qaçılmaz olan Rusiya üçün İran ssenarisi ən ehtimal olunan varianta çevrilir. Eyni zamanda Moskvanın orbitində olan KTMT ölkələrinin bir çoxunda Rusiyaya qarşı mövqe dəyişiklikləri də sezilməyə başlayıb.

Lakin...

Siyasi şərhçilərin mütləq əksəriyyətinin fikrincə, Qərbin tək hədəfi Rusiyadan ibarət deyil. Bu gün öz iqtidisadiyyatı və qarşısıalınmaz ekspansionizmi ilə Çin dünyanın 2-ci qütbünün mərkəzi olmaq yolunda daha iddialıdır. Ona görə də, Rusiyaya qarşı sərgilənən mövqedə Pekinə qarşı hesablanmış məqamlar da heç də az deyil.

İlk növbədə, sanksiyaların artmasının Rusiya-Çin iqtisadi əlaqələrini genişləndirəcəyi və Moskvanın Pekindən iqtisadi asılılığını daha da artıracağı aydın görünür.

Təsadüfi deyil ki, Rusiya mənbələri Qərbin müasir texnologiyalar sahəsindəki sanksiyalarına cavab olaraq Çini alternativ bazar kimi görürülər. Çin isə buna qarşılıq olaraq ucsuz-bucaqsız Rusiya torpaqlarına daha asan ekspansiya və xammal ehtiyatlarına daha geniş çıxış imkanı qazana bilər.

Bu proqnozdan görünən qədərilə, əslində Rusiyaya qarşı sanksiyalar Çin iqtisadiyyatının lokomotivini daha da gücləndirməyə xidmət edəcək. Lakin dünyanın ən böyük iki sənaye ölkəsindən biri üçün yalnız Rusiya bazarına çıxış qəbuledilməzdir. Eyni zamanda şimaldan gələn xammal ehtiyatlarının artması müvafiq olaraq, istehsalın həcmini də artıracaq və bu Avropa bazarlarına çıxış üçün Çinin daha ciddi cəhdlə çalışması ilə nəticələnəcək.
 

Belə olan halda, Çini Avropaya birləşdirən logistik marşrutlara diqqət yetirmək labüddür. Hal-hazırda bu istiqamət üzrə ən mühüm marşrut Trans-Sibir xəttidir.


Lakin Rusiyadan keçən bu yol Moskvanın siyasi ritorikası səbəbindən Anqlosakson birliyini kobud dillə desək “Çinə nəzarət etmək” imkanından məhrum buraxırdı. Çindən Avropaya Rusiya ərazisindən keçməklə daşınan məhsullara sanksiya tətbiq edilməsə belə, digər alternativ marşrutların öz aktuallığını daha da artıracağı isə şübhəsizdir. 

Bu məqamda, orta dəhlizin, yəni Əfqanıstan-İran-Azərbaycan, daha sonra isə ya hazır infrasturktura malik Gürcüstan-Qara dəniz, ya da daha qısa və gələn il tamamlanması planlaşdırılan Zəngəzur-Türkiyə xəttinin rolu ön plana çıxır.

Orta dəhlizin, xüsusilə də, Böyük Britaniya üçün əhəmiyyəti ondan ibarətdir ki, bu onlara Çin ixracına nəzarət imkanı verəcək.

Sirr deyil ki, Ukrayna ətrafında münasibətlər gərginləşmədən öncə Qərbin əsas diqqəti Tayvan və Uyğur problemləri üzərindən Çini təzyiq altında saxlamaqdan ibarət idi. Lakin uzunmüddətli planın Rusiyanın hücumu ilə təxirə salındığı ehtimalından daha çox, hücumun özünün planının realizasiyasında katalizator rolunu oynadığı variantı daha çox qəbul olunur. 

Sonda bildirməliyik ki, qarşısındakı güclərin böyüklüyünə rəğmən inkişafına ara verməyən Çinin gedən prosesləri heç bir əks-plan qurmadan müşahidəçi qismində seyr etməsi isə mümkün variantlar içərisində ən az mümkün olanıdır.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin