XİN-dən Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ildönümü ilə bağlı BƏYANAT

Hazırda oxunan: XİN-dən Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ildönümü ilə bağlı BƏYANAT

62742

Xarici İşlər Nazirliyi Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30-cu ildönümü ilə bağlı bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bu bəyanatda qeyd olunub:

"2 mart 2022-ci il tarixində Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ili tamam olur.

Azərbaycan ərazilərinin silahlı təcavüzə məruz qalması dövrünə təsadüf edən BMT-yə üzvlüyünün ilk illərində bu mötəbər təşkilat tərəfindən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına qətiyyətli dəstək ifadə edilib. Həmin mürəkkəb dövrdə işğalın yaratdığı ağır humanitar fəsadların aradan qaldırılması istiqamətində də BMT tərəfindən Azərbaycana əhəmiyyətli dəstək göstərilmişdir.

Təqribən 30 il sonra BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan Respublikası öz ərazilərini işğaldan azad etdi və hal-hazırda həmin ərazilərdə geniş miqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir.
Bu işlərdə, o cümlədən ərazilərin minalar və digər partlayıcılardan təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmin edilməsi istiqamətində də Azərbaycan BMT və onun ixtisaslaşmış qurum və təsisatları ilə əməkdaşlığı davam etdirir.

Ötən üç onillik ərzində Azərbaycan özünü BMT-nin məsuliyyətli üzvü kimi sübut edib. BMT Nizamnaməsində əksini tapmış məqsəd və prinsiplərə nail olmaq istiqamətində öz dəyərli töhfələrini vermək üçün Azərbaycan Respublikası BMT-nin fəaliyyətinin hər üç istiqaməti – sülh və təhlükəsizlik, davamlı inkişaf və insan hüquqlarının qorunması və təşviqi üzrə qurumun fəaliyyətinə fəal şəkildə cəlb olunub.

Təsadüfi deyildir ki, BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikası 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvü seçilib.

Azərbaycan BMT mandatı əsasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara, 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyində əksini tapmış məqsədlərin icrasına, insan hüquqlarının qorunması və təşviqi sahəsində beynəlxalq fəaliyyətə və ənənəvi və yaranmaqda olan qlobal risk və təhdidlərə qarşı mübarizəyə dəyərli töhfələr verib.

Beynəlxalq hüququn və çoxtərəfliliyin sadiq müdafiəçisi olaraq Azərbaycan Respublikası, bundan sonra da BMT-nin etibarlı tərəfdaşı olmağa davam edəcək və beynəlxalq sülh və təhlükəsizliyə əlavə töhfələr vermək istiqamətində öz səylərini əsirgəməyəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin