Milli Məclisin sədri Aİ-nin Azərbaycandakı nümayəndəsi ilə görüşdü - FOTO 

Hazırda oxunan: Milli Məclisin sədri Aİ-nin Azərbaycandakı nümayəndəsi ilə görüşdü - FOTO 

61715

Milli Məclisin sədri Sahibə Qafarova fevralın 24-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Mixalko ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qonağı salamlayan spiker Sahibə Qafarova deyib ki, Azərbaycanla Avropa İttifaqı arasında geniş gündəliyə malik, səmərəli və uğurlu əməkdaşlıq mövcuddur.  

O, Azərbaycanın Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu, qurumla əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini diqqətə çatdırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Sahibə Qafarova Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətindən danışdı


Milli Məclisin sədri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin 2021-ci ilin iyulunda ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin dekabrında Brüsseldə keçirilən Avropa İttifaqının 6-cı Şərq Tərəfdaşlığı Sammitində iştirakını xatırladaraq, deyib ki, bu səfərlər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin müsbət xarakterini nümayiş etdirir.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Tərəflər arasında enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır. Azərbaycan neftlə yanaşı, həm də Avropanın etibarlı qaz tədarükçüsünə çevrilib.

Spiker Sahibə Qafarova ölkəmizlə bu qurum arasında yeni tərəfdaşlıq sazişi üzrə danışıqların son mərhələdə olduğunu, Azərbaycanın Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq sənədləri imzaladığını diqqətə çatdırıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Mixalko Azərbaycanın Aİ üçün çox vacib tərəfdaş olduğunu diqqətə çatdırıb.

O, ölkəmizlə qurum arasında güclü tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək, bu münasibətlərin çox geniş gündəliyə malik olduğunu, iqtisadiyyat, texnologiyalar və innovasiyalar, ticarət, enerji və digər sahələri əhatə etdiyini söyləyib.

Petr Mixalko Aİ-nin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi yenidənqurma və bərpa layihələrini, o cümlədən, "Ağıllı şəhər", "Ağıllı kənd" layihələrini dəstəkləməyə hazır olduğunu bildirib.

O, həmçinin qurumun ərazilərin minalardan təmizlənməsi işinə dəstək verdiyini də diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin