Fazil Mustafa “Moskva Bəyannaməsi”nə görə kimə hirsləndi?: “30-40 il öncənin ritorikası ilə danışırlar” 

Hazırda oxunan: Fazil Mustafa “Moskva Bəyannaməsi”nə görə kimə hirsləndi?: “30-40 il öncənin ritorikası ilə danışırlar” 

61465

“Bu qeyri-peşəkar yanaşmadır. Diplomatiyadan xəbəri olmayan və prosesləri standart çərçivədə görməyə alışan insanların mülahizəsi bu cür ola bilər. Bölgədəki vəziyyəti normal müşahidə edən insan üçün bu layihələri sadəcə tutuşdurmaq kifayətdir ki, onların bir-birinə hər hansı şəkildə problem yaratmadığını görsün. Şuşa və Moskva Bəyannamələrində konkret bəndlərdə əks olunan müddəalar tamamilə fərqlidir. Şuşa Bəyannaməsi ən dərin müttəfiqlik formasının təzahürüdür”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Fazil Mustafa qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya və Azərbaycan arasında müttəfiqlik haqqında Bəyannamə imzalandı - VİDEO


Belə ki, fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri arasında imzalanan mütəffiqlik haqqında bəyannamənin Türkiyə ilə rəsmi Bakı arasında münasibətlərə xələl gətirəcəyi və Şuşa Bəyannaməsi ilə paralelləşdirmə iddialarına deputatın münasibəti tənqidi olub.

Fazil Mustafa ilk növbədə bəyannamələr arasındakı fərqli məqamlara diqqət çəkib:

“Şuşa Bəyannaməsində tərəflərin bir-birilərinə qarşılıqlı yardım göstərməli olduqları müddəası var. Burada isə belə bir məqam yoxdur. Müttəfiqlik bəyannaməsinin ilk maddəsində bütün məsələlərin tərəflərin suverenliyinə və ərazi bütövlüyünə uyğun həlli məsələsi təsbit olunub. Bütövlükdə bu müddəaya zidd olacaq heç bir məqam yoxdur. Ona görə də, hesab edirəm ki, bəyannamə üzərində cilalanmış formada işlənmiş və Azərbaycanın maraqlarını gözləyən sənəddir. 

Bu sənədin Rusiya kimi böyük dövlətlə imzalanması da asan məsələ deyil. Ona görə də, Türkiyə ilə müqayisə aparmaq yalnışdır. Türkiyə bizim ən yaxın müttəfiqimizdir. Şuşa Bəyannaməsi isə Qars müqaviləsindən sonra ən ciddi maddələr öz əksini tapıb. Eyni zamanda Azərbaycanın da Türkiyəyə dəstək verməsi ilə bağlı məqam sənəddə mövcuddur”.

Deputat Moskva Bəyannaməsini fərqli formada yozanlara qarşı da mövqeyini ifadə edib:

“43 maddənin hər biri Azərbaycanın maraqlarına uyğundur. Müxtəlif insanlar fərqli formada yoza bilərlər. Lakin Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən bircə cümlə belə bəyannamədə yer almayıb. Bu məsələdə spekulyasiya etməyə dəyməz. Bölgədə normal, ağlı başında olan insanlar hansı proseslərin baş verdiyini görürlər. Rusiyanın Ukrayna və NATO ilə davrandığı formada Azərbaycanla davranmadığına hər kəs şahid oldu. 
 

Bu cür müqayisələrin aparılması bəzən xoş niyyətlə edilmir. Bir qisim insan bunun mahiyyətini anlamadan ordan-burdan eşitdikləri ilə “bu bizim üçün fəlakətdir”, yaxud da 30-40 il öncənin ritorikası ilə danışmağa alışıb.


Lakin bir qisim də məqsədyönlü şəkildə bunu başqa istiqamətə yönləndirməyə çalışır. Müqayisə etdikdə isə Şuşa Bəyannaməsinin daha ciddi maddələri özündə ehtiva etdiyini görə bilərik”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin