Qoşulmama Hərəkatı - İlham Əliyevə görə ermənilər azərbaycanlılara həsəd aparır

Hazırda oxunan: Qoşulmama Hərəkatı - İlham Əliyevə görə ermənilər azərbaycanlılara həsəd aparır

6138

1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım atıb.

Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub. 

Bizim.Media xəbər verir ki, 1961-ci ildə yaradılan təsisata həmin ilin 24 dekabrında doğulan liderin sədrliyi son iki ilin ən əlamətdar hadisələrindən idi.

Söhbət Ali Baş Komandan, prezident İlham Əliyev və onun başçılığı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən gedir.

İlin sonundakı böyük qələbənin qazanılmasında ikinci ən böyük təsisata sədrliyin nə kimi rolu oldu? 

Əvvəlcə Hərəkatın məqsəd və prinsiplərinə nəzər salaq: 

1.    BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etmək;

2.    Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək;

3.    Böyüklüyündən asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq;

4.    Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək;

5.    BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək;

6.    Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək;

7.    Digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək;

8.    BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək;

9.    Qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək;

10.    Ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək.

Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi təşkilatı var. Təsisata üzv olmaq istəyən dövlət Hərəkatın fundamental prinsiplərinə sadiqliyini ifadə etməli və Qoşulmama Hərəkatının Sədrinə yazılı müraciət etməlidir. Üzvlük qərarı konsensus yolu ilə qəbul olunur.

Azərbaycan isə, təsisata 2011-ci il mayın 26-da üzv olmuşdur. Bir il sonra Misirdə keçirilən iclasda Yekun Sənədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd daxil edildi. Həmin ilin, yəni 2012-ci ilin avqustunda Hərəkatın Tehran Zirvə Görüşündə Yekun Sənədin 391-ci maddəsində dövlətlər münaqişənin məhz Azərbaycanın “ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” həllinə dəstəyi bildirilmişdi.

28-29 may 2014-cü il tarixlərində Əlcəzairdə QH-nin XVII nazirlər iclasında yekun sənədin 421-ci bəndində və Marqaritada keçirilmiş Sammitin 500-cü bəndində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına təəssüflərini ifadə etmiş və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstəklərini ifadə etmişlər. 

Sonrakı illərdə də Azərbaycanın uzaqgörən rəhbərinin uğurlu siyasəti nəticəsində oxşar əhəmiyyətli qərarlar qəbul olunmuşdu. Nəhayət, 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhəri Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmişdir. Tədbirə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri qatılmışdır.

Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir və Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi.

Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək.

Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.

Beynəlxalq hüquq və sənədlərin Azərbaycanın tərəfində olmasına nail olan prezident İlham Əliyev aktiv siyasi fəaliyyətinə rəğmən Azərbaycanın iqtisadiyyatını da gücləndirir, regional və beynəlxalq layihələrə imza atırdı. Bununla da blokadası dərinləşən Ermənistan inkişafdan kənarda qalırdı. Ermənistanın geriləməsi hərbi sahəyə də aid idi və bunu bilən prezident İlham Əliyev Azərbaycanın müdafiə gücünü hər il daha da artırırdı.

Nəticədə möcüzəvi Şuşa əməliyyatı fonunda Azərbaycan 44 gün ərzində işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi. Bununla da ermənilər Ali Baş Komandanın savaşdan öncəki çıxışlarında Paşinyanı təkbətək döyüşə çağırmağının sirrini anladılar. Bütün araşdırma və müşahidələr göstərir ki, erməni xalqı azərbaycanlılara belə iradəli, uzaqgörən və qətiyyətli liderə sahib olduqları üçün həsəd aparır. Lakin tarix boyu paxıllığımızı çəkən bəzi ermənilərin təsəllisi var.

Çünki Dağlıq Qarabağa qayıdan ermənilər artıq Azərbaycan vətəndaşları kimi prezident İlham Əliyevin diqqət və qayğısından bəhrələnə biləcəklər. 

Ən əsası da 24 dekabr tarixində bütün Azərbaycan xalqa inkişaf və qələbələr bəxş edən prezident İlham Əliyevə təbriklər ünvanlayır. Həqiqətən ölkə başçısının illərdir səsləndirdiyi xalq-iqtidar birliyi bu gün sarsılmazdır. 

Anar Rəhimov, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin