Rəsmi Bakının əsas hədəfi Araik deyil - Açıqlama

Hazırda oxunan: Rəsmi Bakının əsas hədəfi Araik deyil - Açıqlama

6133

“Müqavilədə göstərilib ki, rus sülhməramlıları Dağlıq Qarabağda erməni silahlılarını çıxartmalı idi, ancaq bu, yerinə yetirilmədi, işlər ləngimə ilə gedir”.

Bu fikirləri Bizim.Media-ya sülhməramlıların rəhbəri Rüstəm Muradovun Araik Artyunyana sərgilədiyi dost münasibətini şərh edərkən hərbi ekspert Ədalət Verdiyev bildirib.

Onun fikrincə, bu işdə ruslar çox da könüllü görünmürlər:

“Araik cinayətkardır, məhkəmə qarşısına çıxarılmalıdır, ancaq “bayrağı” ilə bizi qıcıqlandırır. Yəqin bunu məqsədyönlü şəkildə edir. Rusun generalı da onunla şəkil çəkdirir”.

Ekspertin fikrincə, bilmədən hansısa rus əsgərin, yaxud zabitin separatçı rejimin üzvü ilə şəkil çəkdirməsi hardasa anlaşılandır, lakin sülhməramlıların komandanının bu tip addım atması yolverilməzdir, çünki sülhməramlılar bitərəf olmalıdırlar:

“Düzü, bizimlə də münasibətləri yaxşıdır. Düşünürlər ki, ərazimizdə bizimlə yaxşı olmağa məcburdurlar. Çünki onların bura gəlişinə biz icazə vermişik. Onlar ermənilərlə məsələlərini İrəvanla həll etməlidirlər. Əgər sülhməramlılar separatçı rejimin üzvləri ilə nəyisə həll edirsə, deməli onları tərəf kimi qəbul edirlər. Lakin mən düşünmürəm ki, vəziyyət bu cür qalacaq. Türk sülhməramlıları əraziyə gələndən sonra ayağımızı yerə lap bərk basacağıq”. 

Ədalət Verdiyevin sözlərinə görə, hazırda Azərbaycan Araik məsələsinə köklənməyib, rəsmi Bakının əsas hədəfi sərhədlərin tam bərpa olunması, ermənilərin həmin zonadan geri çəkilməsi və hərbi postların itkisiz qurulmasıdır.  

“Bütün bu məsələlər bitəndən sonra türklərin bura gəlməsi ilə işğalçılara təzyiqlər artacaq, buna görə də indi daha vacib məqamlarda diqqətli olmalıyıq” deyən hərbi ekspert fikrirlərini maraqlı müqayisə ilə yekunlaşdırıb:

“Kəlbəcəri azad etmək sülhməramlıların Araiklə şəkil çəkdirməsinin qarşısını almaqdan daha vacib idi”.

Anar Rəhimov, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin