Xəbər verdiyimiz kimi, Samux rayonunun Füzuli kəndində “Şəhidlər bulağı”nın kranını qırdığı üçün 25 yaşlı gənc M.Əliyev kənd sakinləri tərəfindən ölümcül döyülüb və qulağı kəsilib.
Hadisəni törədən kənd sakinləri isə hüquq mühafizə orqanları tərəfindən istintaqa cəlb olunub.
Sözügedən olayla bağlı ictimaiyyətin böyük bir qismi bulağa zərər yetirənin də cəzalanadırılmasının vacib olduğu qənaətindədirlər.
Mövzu ilə bağlı Bizim.Media-ya fikirlərini bölüşən millət vəkili Aqil Abbas müvafiq cəzanın dövlət tərəfindən verilməli olduğunu qeyd edib:
MÖVZU İLƏ BAĞLI:
Aqil Abbas: “Mənim sülhməramlılara yazığım gəlir” – VİDEO
“Cəza tədbirləri qanun çərçivəsində olmalıdır. İndi hansı zəmanədə yaşayırıq? Bəlkə də onu, “Şəhid bulağı”nı sındırdığı üçün yox, başqa şeyə görə o hala salıblar, bilmirəm. Lakin indi elə olmur. Onu qanunamüvafiq olaraq dövlət cəzalandırmalıdır. Onda kimin kimdən xoşu gəlmirsə, yığılaq döyək, qulağını kəsək? Elə olmaz axı”.
Deputat həm bulağa ziyan vuranın, həm də hadisəni törədənlərin cəzalanmalı olduğunu vurğulayıb:
“Onun qulağını kəsənlər cəzalanacaqlar. Bilirəm, şəhidlər həssas məsələdir. Lakin bu heç kəsə haqq vermir ki, gəlsin qulağını kəssin. Kranı niyə qırdığını hələ ki, bilmirəm. Eşşəklik edib, amma eşşəklik edənin də qulağını kəsmirlər ki. Ona da cəza verilməlidir, çünki etdiyi hərəkət xuliqanlıqdır. Abidəyə ziyan vurmaqdır. Amma onu döyənlər də cəzalanmalıdırlar”.
Murad Əhmədov, Bizim.Media