Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

Hazırda oxunan: Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

606407

Məlum olduğu kimi, bu gün Bakıda və Naxçıvan Muxtar Respublikasında İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vəfatının 40-cı günü ilə əlaqədar anım mərasimi keçirilib. 

Bakı və Naxçıvandan verilən mesajlar

Paytaxtda keçirilən anım mərasimində Baş nazirinin müavini Şahin Mustafayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, hökumət və ictimaiyyət nümayəndələri, din xadimləri iştirak ediblər.



Naxçıvan Muxtar Respublikasında təşkil olunan 40 mərasimində isə Naxçıvan MR-in Baş naziri Cabbar Musayev, İranın Naxçıvandakı Baş konsulu Əziz Mənsuri, dövlət və hökumət nümayəndələri iştirak ediblər. Baş nazir Cabbar Musayev İranın Ali Liderinin ölümünün 40-cı günü münasibətilə başsağlığı verib.

Mərasimdə Azərbaycan–İran əlaqələrindən bəhs olunub. Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə müharibə dövründə İrana humanitar yardımlar göstərilib. Bu addım iki ölkə arasında dostluq və mehriban qonşuluq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirilib.


Bakıda və Naxçıvanda Seyid Əli Xameneinin 40 mərasimlərinin keçirilməsi 40 günlük savaş ərzində regionda baş verən proseslərin, xüsusilə Azərbaycan-İran münasibətlərinin real dinamikasını və Bakının tutduğu mövqeni bir daha açıq şəkildə nümayiş etdirdi.

Diplomatik etiket nümunəsi

Xatırlatmaq vacibdir ki, Seyid Əli Xameneinin vəfatı ilə bağlı ilk başsağlığı verən lider Azərbaycan Prezidenti İlham Əliyev olub. Bu, Azərbaycanın regionda baş verən proseslərə operativ reaksiya verə bilən aktor olduğunu göstərməklə yanaşı, Tehranla münasibətlərə verdiyi strateji önəmin də ifadəsi idi.


Daha sonra Azərbaycan Prezidentinin İran səfirliyinə gedərək şəxsən başsağlığı verməsi isə iki ölkə arasında dostluq münasibətlərinə verilən dəyərin sübutu idi. Bu addım, faktiki olaraq, “çətin günün dostu olmaq” mesajının ən yüksək səviyyədə ifadəsi oldu.

40 günlük savaş dövründə Azərbaycanın humanitar yardımları

ABŞ-İsrail və İran arasında 40 gün davam edən müharibə dövründə Azərbaycan olduqca incə balans siyasəti yürütməyə nail oldu. Bir tərəfdən regionda eskalasiyanın genişlənməsinin qarşısını almağa çalışan, bu istiqamətdə çağırışlar edən rəsmi Bakı, digər tərəfdən konkret addımlarla İran üçün etibarlı tərəfdaş obrazını möhkəmləndirdi.

Xüsusilə humanitar yardımların vaxtında və ardıcıl şəkildə çatdırılması diqqət çəkir. Azərbaycan qısa müddətdə İrana bir neçə mərhələdə ərzaq, dərman və tibbi ləvazimatlardan ibarət böyük həcmli yardımlar göndərdi. Bu yardımlar yalnız humanitar jest deyildi —siyasi iradənin, real dəstəyin, dostluğun praktik təzahürü idi.


Bununla yanaşı, Azərbaycanın öz ərazisini üçüncü ölkələrin yardımları üçün açması Bakının regionda logistika və humanitar koordinasiya mərkəzinə çevrildiyini göstərdi. 

Azərbaycan-İran sərhədi: təhlükəsiz məkan

Müharibə fonunda bəzi qüvvələr tərəfindən Azərbaycanın guya İrana qarşı potensial təhlükə mənbəyi olduğu barədə iddialar yenidən gündəmə gətirildi. Xüsusilə də, bəzi qüvvələr tərəfindən “sionistlərin Azərbaycanda mövcudluğu” kimi tezislər üzərindən ictimai rəy manipulyasiya edilməyə çalışıldı.

Lakin 40 günlük təcrübə bu iddiaları tamamilə təkzib etdi. Azərbaycan-İran sərhədi bu müddət ərzində ən sabit və təhlükəsiz istiqamətlərdən biri kimi qaldı. Nə hərbi, nə də təhlükəsizlik baxımından Azərbaycan ərazisindən İrana qarşı hər hansı risk qeydə alınmadı. 

Bu fakt, uzun illərdir müəyyən dairələr tərəfindən formalaşdırılan anti-Azərbaycan narrativinin zəif və əsassız olduğunu açıq şəkildə ortaya qoydu.

Atəşkəs və Bakının operativ reaksiyası

ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşmasının əldə olunması region üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu fonda İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı xüsusi diqqət çəkir.

Azərbaycan Prezidentinin atəşkəsin əldə olunması münasibətilə İranı ilk təbrik edən liderlərdən biri olması, Bakının proseslərə nə qədər çevik və strateji yanaşdığını bir daha göstərdi. Bu addım həm də Azərbaycanın regionda sabitlik və dialoq tərəfdarı kimi çıxış etdiyini, İranlda dost mövqedə dayandığını təsdiqlədi.

Anım mərasimilərində verilən strateji mesajlar

Qeyd olunan faktlar fonunda bu gün Bakıda və Naxçıvanda Ayətullah Əli Xamenenin xatirəsini anmaq üçün keçirilən 40 mərasimləri sıradan dini tədbir kimi qiymətləndirilə bilməz. Azərbaycanın bu mərasimi təşkil edən ilk ölkə olması, əslində, son 40 gün ərzində sərgilənən siyasi xəttin davamı idi.


Bu mərasim vasitəsilə Bakı həm İran cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə açıq mesaj verdi: Azərbaycan üçün İranla münasibətlər situativ deyil, dərin tarixi, dini və geosiyasi əsaslara söykənən strateji münasibətlərdir.

40 günün sınağı və sübut edilən reallıqlar

Son 40 gün ərzində baş verən hadisələr göstərdi ki, Azərbaycan regionda yalnız müşahidəçi deyil, aktiv və məsuliyyətli aktordur. Bakı həm siyasi, həm humanitar, həm də təhlükəsizlik müstəvisində balanslı və praqmatik siyasət yürütdüyünü nümayiş etdirdi. 

İranla sərhəddə yerləşən Naxçıvanda təşkil olunan anım mərasiminin simvolik anlamı isə daha dərindir. Azərbaycan bununla nümayiş etdirdi ki, sərhəddən İrana təhlükə deyil, yalnız dost dəstəyi gələ bilər.

Üstəlik, bu dövr ərzində Azərbaycan-İran münasibətləri sınaqdan çıxaraq daha möhkəm təməllər üzərində quruldu. Eyni zamanda, regionda formalaşdırılmağa çalışılan süni qarşıdurma narrativləri real siyasətin fonunda iflasa uğradı...

Bizim.Media-nın analitik qrupu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin