ABŞ-la İranın 14 günlük atəşkəs razılaşmasına baxmayaraq, görünən odur ki, Livandakı Hizbullah məsələsinin qeyri-müəyyən olaraq qalması danışıqların baş tutmasına maneə ola bilər.
Qeyd edək ki, ABŞ və İsrail Livan məsələsinin atəşkəs razılaşmasına şamil edilmədiyini bildirir. Bunu əsas gətirməklə İsrail bu ölkədəki Hizbullah bazalarına zərbə endirməkdə davam edir. Amma rəsmi Tehran iddia edir ki, Livan məsələsi də həmin sənədə salınıb. İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf hətta bəyan edib ki, Livanda atəşkəsin əldə olunması planın birinci şərti idi.
MÖVZU İLƏ BAĞLI:
Yaxın Şərq nüvə UÇURUMUNDA – Qorxunc ssenari reallığa ÇEVRİLİR?
Bir sözlə, görünən odur ki, Hizbullah “düyünü” İran mövzusu ətrafında başlanan prosesi yenidən qəlizləşdirə bilər.
Onu da qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu ən qısa müddətdə Livanla birbaşa danışıqlara başlamaq barədə göstəriş verib.
O bildirib ki, "Hizbullah"ın tərksilah edilməsi və İsraillə Livan arasında sülh münasibətlərinin qurulması danışıqların əsas mövzusu olacaq.
Görəsən, danışıqlara əngəl olan “Hizbullah” düyünü necə həll olunacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, İran “Hizbullah” kimi müttəfiqini güdaza verməyəcək:
“İran “Hizbullahı” qurban verməyəcək. Tehran tələb edir ki, İsrail Livana zərbələrə də son versin. ABŞ isə mövcud vəziyyətdə zaman udmaq, qüvvə toplamaq istəyir. Bundan sonra isə yenidən qurudan əməliyyata başlamağı düşünür. Hətta Pakistandan İran ərazisinə desant çıxarılacağı da iddia edilir. Belədə düşünürəm ki, atəşkəs olmayacaq. Tehranın özü də atəşkəsdə o qədər də maraqlı deyil”.
Politoloq Qabil Hüseynlinin fikrincə isə “Hizbullah” qurban veriləcək:
“Livana hücumların davam etdiyi bir şəraitdə danışıqlara start veriləcəksə, bu artıq “Hizbullah”ın qurban verildiyi anlamına gələcək. İran mövcud şəraitdə özünü xilas etmək üçün “Hizbullah”ı qurban verə bilər. Bu variant da istisna deyil. Onun həmin proksi qüvvəsilə bağlı hay-küy qaldırması isə sadəcə olaraq, müttəfiqinin yanında özünü təmizə çıxarmaq məqsədi daşıyır. Bir sözlə, danışıqlar “Hizbullah”ın sıxışdırılması ilə paralel olaraq gedəcəksə, deməli, Tehran onun qurban verilməsinə razılıq verməyə məhkum edilib”.
Rüfət Sultan, Bizim.Media





























































































